Qədir Hüseynov: “İkinci görüşdə Maksim Matlakova uduzmamalı idim”
Bakı, 14 sentyabr, AZƏRTAC
Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku davam edir. Azərbaycan şahmatçısı Qədir Hüseynov bir oyunda qalib gəlib, digər oyunda məğlub olduğu rusiyalı Maksim Matlakovu tay-breykdə məğlub edərək mübarizəni növbəti mərhələdə davam etdirmək hüququ qazanıb.
AZƏRTAC xəbər verir ki, Rusiya şahmatçısını mübarizədən kənarlaşdıran Qədir Hüseynov deyib: “İlk görüşdə ağ fiqurlarla oynayırdım. Debütdən sonra rəqibin vəziyyəti daha yaxşı idi. 20-ci gedişdən sonra hər ikimizin vaxtı az idi. Bu zaman daha yaxşı oynayaraq 40-cı gedişdən sonra üstünlük qazandım. Yekunda üstünlüyümü xala çevirdim, qələbə qazandım. İkinci görüşdə inanılmaz vəziyyətdə uduzdum. Həmin məğlubiyyətdən sonra inanmırdım ki, özümə gələcəm. Düzünü desəm, hazırda da sevincim tam deyil. İkinci görüşdəki məğlubiyyəti qəbul etmək mümkün deyil. Qalib gəlsəydim bu, reytinqimə də təsir edəcəkdi. Üstəlik istirahət günü dincəlmək imkanım olacaqdı.
Tay-breykə heç hazırlaşmadım. Amma həyəcanım keçmişdi, uğur qazanmaq istəyirdim. Tay-breykin ilk görüşündə rahat oynadım və qalib gəldim. İkinci görüşdə heç-heçə lazım idi, amma hücum etdim və yenə qələbə qazandım”.
Qədir Hüseynov növbəti rəqibi turnirin reytinqə görə 22-ci şahmatçısı Çexiya təmsilçisi David Navarayla görüş haqda bunları dedi: "Kifayət qədər güclü şahmatçıdır. Şahmat aləmi onu centlmen şahmatçı kimi tanıyır. Reytinqə görə dünya sıralamasında ilk 20-liyə yaxın mövqedə qərarlaşıb. Sözsüz asan rəqib yoxdur, sona qədər mübarizə aparmaq vacibdir. Əsas odur ki, öz şansını buraxmayasan. Özünə inanmalısan”.