Qədir Hüseynov şahmat üzrə dünya kubokunun ikinci raundunun birinci partiyasında mühüm qələbə qazanıb
Bakı, 15 sentyabr, AZƏRTAC
Bakıda şahmat üzrə dünya kuboku davam edir. AZƏRTAC xəbər verir ki, Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov və Qədir Hüseynov qələbə uğrunda mübarizəni davam etdirirlər. Sentyabrın 14-də ikinci raundun birinci partiyaları oynanılıb.
Azərbaycan yığmasının liderləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov bu görüşü heç-heçə başa çatdırıblar. Məmmədyarovun rəqibi çinli şahmatçı Hou İfan, Rəcəbovun tərəf-müqabili isə israilli qrossmeyster İlya Smirin olub. Qədir Hüseynov ekstra sinfinə aid edilən məşhur çexiyalı qrossmeyster David Navara ilə qarşılaşmada qələbə qazanıb. Oyunu əvvəldən axıra qədər inamla aparan Qədir debütdə təşəbbüsü ələ alıb, öz üstünlüyünü reallaşdırıb və beləliklə, növbəti raunda çıxmaq şansını artırıb.
Bu dəfə ağ fiqurlarla oynayan, indiyə qədər parlaq çıxış edən Rauf Məmmədov isə dünya şahmatının liderlərindən biri olan Fabiano Karuanaya uduzub.
Sentyabrın 15-də ikinci raundun ikinci partiyaları oynanılacaq. Şəhriyar Məmmədyarov Hou İfanla, Teymur Rəcəbov İlya Smirinlə, Qədir Hüseynov David Navara ilə, Rauf Məmmədov isə Fabiano Karuana ilə mübarizə aparacaq.
Xatırladaq ki, dünya kubokunun ümumi mükafat fondu 1,6 milyon dollardır.