İQTİSADİYYAT
QƏNAƏT REJİMİNƏ RİAYƏT OLUNUR
Əli Bayramlı DRES-də bu ilin yanvar-sentyabr aylarında 1 kilovat-saat elektrik enerjisinin istehsalına 449,84 qram şərti yanacaq sərf edilmişdir ki, bu da plan göstəricisindən 13,83 qram, ötən ilin eyni dövrü ilə müqayisədə isə 3,68 qram azdır.
“Azərenerji” Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu müsbət nəticələr 1,3,4 və 7 nömrəli enerji bloklarında əsaslı, orta və cari təmir işlərinin vaxtında aparılması sayəsində mümkün olmuşdur.
Göstərilən dövrdə stansiyada 1 kilovat-saat elektrik enerjisi istehsalının maya dəyəri nəzərdə tutulan 95,55 manat əvəzinə, 87,17 manat olmuşdur. Kollektiv bu uğuru işlədilən şərti yanacağın, istehsal xərclərinin azaldılması və enerji bloklarının gücündən səmərəli istifadə olunması hesabına əldə etmişdir.