Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi – Bakıda I beynəlxalq elmi konfrans
Bakı, 3 iyun, AZƏRTAC
İyunun 3-də Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən BDU rektoru Elçin Babayev ölkəmizin qazandığı tarixi qələbələrin Qərbi Azərbaycandan müxtəlif dövrlərdə zorla çıxarılmış, öz tarixi torpaqlarından didərgin salınmış soydaşlarımızın taleyini bir daha gündəmə gətirdiyini bildirib. Rektor vurğulayıb ki, Qərbi Azərbaycana qayıdış məsələsində milli yaddaşın qoruyucuları olan ali təhsil müəssisələrinin üzərinə xüsusi missiya düşür. O bildirib ki, BDU-da 2023-cü ildə yaradılmış Qərbi Azərbaycan Araşdırmaları Mərkəzi də məhz bu amala xidmət edir. Mərkəzin əsas vəzifəsi Qərbi Azərbaycan irsinin öyrənilməsi, elmi, tarixi, mədəni və hüquqi araşdırmaların aparılması və təbliğ edilməsidir. Mərkəz Qərbi Azərbaycanla bağlı məlumatları sistemli şəkildə öyrənərək akademik müstəvidə təqdim edir. Elçin Babayev qeyd edib ki, Qərbi Azərbaycanın tarixi, toponimləri, folkloru, dialekt və şivələrinin araşdırılması, deportasiya və köç proseslərinin elmi şəkildə öyrənilməsi istiqamətlərində, Qayıdış Konsepsiyası ilə bağlı elmi-tədqiqat işləri aparılır. Qərbi Azərbaycan irsinin tələbə gənclər arasında təbliği əsas məqsədlərimizdən biri kimi diqqət mərkəzində saxlanılır.
Çıxış edən Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, Qərbi Azərbaycan İcması tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisindən son 200 il ərzində mərhələ-mərhələ qovulan milyonlarla insanı, onların varislərini birləşdirən təşkilatdır. Qeyd edib ki, icmanın fəaliyyətinin ana xəttini həmin insanların öz evlərinə dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etmək təşkil edir. Qərbi Azərbaycana Qayıdış Konsepsiyası beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə, sülh, barışıq və birgəyaşayış dəyərlərinə əsaslanır.
Türkiyə Böyük Millət Məclisinin üzvü, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım Qərbi Azərbaycana qayıdış tələbinin Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunmasına xidmət edən mühüm amillərdən biri olduğunu deyib. O bildirib ki, Qərbi Azərbaycandan deportasiya olunmuş insanların taleyi yalnız Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının ortaq vicdan məsələsidir.
Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli Qərbi Azərbaycanla bağlı milli fəaliyyətin elm və təhsilin üzərinə xüsusi vəzifələr qoyduğunu söyləyib. O qeyd edib ki, tarixi faktların araşdırılması, sənədləşdirilməsi, elmi əsaslarla hazırlanması akademik ictimaiyyətin qarşısında duran mühüm vəzifələrdən biridir. Mətin Kərimli bu istiqamətdə universitetlər, elmi-tədqiqat institutları və bütün təhsil müəssisələrinin mühüm işlər həyata keçirdiklərini diqqətə çatdırıb. Bildirib ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının icrası ali təhsil müəssisələrində Qərbi Azərbaycan tarixinin, həqiqətlərinin təbliği, bununla bağlı resursların artırılmasını tələb edir. Qərbi Azərbaycan məsələsi insan hüquqları, tarixi ədalət və beynəlxalq hüquq məsələsidir, missiyadır.
Milli Məclis sədrinin müavini Musa Qasımlı Qərbi Azərbaycana qayıdış ideyasının tarixi həqiqətlərə əsaslandığını bildirib: “Hesab edirəm ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi Qərbi Azərbaycana qayıdış ideyası öz məqsədinə çatacaq. Bugünkü konfransda gənclərin, alimlərin və tədqiqatçıların məruzələrlə çıxış etməsi bu ideyanın elmi əsaslarının daha da möhkəmlənməsinə və təşviqinə əlavə töhfə verəcək”.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Qərbi Azərbaycana qayıdış çağırışına ölkəmizdə ilk səs verən qurumlardan biri də AMEA olub. Qərbi Azərbaycan məsələlərini tədqiq etmək üçün Akademiyanın müxtəlif strukturlarında Qərbi Azərbaycan tarixi, Qərbi Azərbaycan folkloru, Qərbi Azərbaycan toponimiyası və Qərbi Azərbaycanla bağlı əlyazmaların tədqiqi adlı şöbələr fəaliyyətə başlayıb. O, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının ərazi iddiası olmayan bütövlük, barış konsepsiyası olduğunu vurğulayıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının İdarə Heyətinin üzvü professor Mahirə Hüseynova isə bildirib ki, Qərbi Azərbaycanla bağlı elm və tədris istiqamətində həyata keçirilən işlər genişləndirilib. Son illərdə Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində Qərbi Azərbaycanın folkloru və toponimikası ilə bağlı seçmə fənlər tədris olunur və bu proses artıq iki ildən çoxdur davam edir: “Bu gün həmin ali təhsil müəssisələrində Qərbi Azərbaycan mövzusunda dərs vəsaitləri və dərsliklər hazırlanıb və tədris prosesində istifadə olunur. Bu, çox mühüm addımdır. Çünki biz gənc nəslə Qərbi Azərbaycanın tarixi, coğrafiyası və zəngin folkloru haqqında dərin biliklər verməliyik. Deportasiya və tarixi yaddaş mövzularını əhatə edən hekayə və şeirlər müxtəlif ölkələrdə, o cümlədən Orta Asiya dövlətlərində, Tatarıstanda və Rusiyada çap olunur. Ali təhsil müəssisələrində Qərbi Azərbaycan Araşdırma mərkəzlərinin yaradılması vacibdir. Bu mərkəzlər arxiv materialları ilə işləməyə, elmi tədqiqatları genişləndirməyə və koordinasiyalı fəaliyyətə imkan yaradır”.
Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədr müavini Vaqif Şadlinski diqqətə çatdırıb ki, Qərbi Azərbaycana qayıdış ideyasına gedən yol böyük çətinliklərdən keçib: “Lakin bu gün ümid və inamla yaşayırıq. Bu gün əsas müzakirə etdiyimiz məsələ doğma torpaqlarımıza hansı yollarla və hansı mexanizmlərlə qayıdacağımızdır. Həmin ərazilərdə bir sıra yaşayış məntəqələri dağıdılıb, kəndlər viran qoyulub. Mən inanıram ki, özüm görə bilməsəm belə, övladlarım və nəvələrim həmin torpaqlara qayıdacaq, onları yenidən qurub abadlaşdıracaqlar”.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov qeyd edib ki, Qərbi azərbaycanlıların deportasiyası faktlarının beynəlxalq hüquq müstəvisində sistemli şəkildə sənədləşdirilməsi və hüquqi qiymətləndirilməsi istiqamətində işlər davam etdirilməlidir. Onların hüquqlarının müdafiəsi məqsədilə beynəlxalq hüquqi mexanizmlərdən və aidiyyəti beynəlxalq institutlardan daha fəal və səmərəli şəkildə istifadə olunmalıdır. Bu mövzu üzrə müqayisəli hüquqi tədqiqatların genişləndirilməsi vacibdir.
Daha sonra konfrans “Qayıdış və regionun yeni sülh arxitekturası”, “Qayıdış beynəlxalq hüquq və yeni reallıqlar müstəvisində”, “Tarixi yaddaş və milli kimlik” mövzularında panel sessiyalarla işini davam etdirib.
Konfrans öz işini iyunun 4-də Bakı Dövlət Universitetində “Qərbi Azərbaycan və tarixi yaddaş”, “Qərbi Azərbaycana qayıdışın hüquqi çərçivəsi”, “Qayıdış diskursunda regional təhlükəsizlik: müasir baxışlar və strateji yanaşmalar”, “Mədəni irs və mənəvi yaddaş: dil, folklor, mətbuat, kitablar və intellektual mühit”, “Qərbi Azərbaycan - “yaşıl” Vətən” adlı 5 bölmə iclası ilə davam etdirəcək. Bölmə iclaslarında 100-dək məruzə dinləniləcək.