Ekspert: Qaz sektorunun və yaşıl energetikanın inkişafını birləşdirən Azərbaycan doğru yolu seçib
Bakı, 3 iyun, AZƏRTAC
Əhəmiyyətli neft və qaz ehtiyatlarına baxmayaraq, Azərbaycan qlobal enerji transformasiyalarına tez uyğunlaşır, eyni zamanda, ənənəvi enerji sektorunu inkişaf etdirir və bərpaolunan energetika potensialını genişləndirir.
Bu fikri Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Emin Qəribli AZƏRTAC-a müsahibəsində bildirib. O, qeyd edib ki, hazırda dünya bir sənaye dövründən digərinə keçid mərhələsini yaşayır. Bu, yeni iqtisadi və enerji reallıqlarını nəzərə almağı tələb edir.
“Əhəmiyyətli neft və qaz ehtiyatlarına baxmayaraq, Azərbaycan müasir tendensiyaları da nəzərə almalıdır. Bu gün dünyada tədricən yaşıl enerjiyə üstünlük verilir. Görürük ki, Azərbaycan bu istiqamətdə fəal şəkildə inkişaf etmək niyyətindədir. Artıq qarşıya bərpaolunan enerji gücünü 2028-ci ilə qədər 2 GVt-a, 2032-ci ilə qədər isə 8 GVt-a çatdırmaq məqsədi qoyulub”, -deyə agentliyin müsahibi qeyd edib.
E. Qəriblinin sözlərinə görə, Günəş və külək enerjisinin inkişafı milli iqtisadiyyatın dayanıqlığını təmin edəcək və ölkənin enerji təhlükəsizliyini gücləndirəcək.
“Həm yeni - yaşıl enerjiyə, həm də ənənəvi enerji resurslarına artan tələbatın şahidi oluruq. Buna görə də, hazırda inkişaf iki istiqamətdə - yaşıl enerji və təbii qaz istiqamətində gedir”, - deyə ekspert bildirib.
O, Azərbaycanın kifayət qədər təbii qaz ehtiyatlarına malik olduğunu və ixracını ardıcıl olaraq genişləndirdiyini vurğulayıb: “Qarşıya qaz ixracını artırmaq məqsədi qoymuşuq və bunun üçün lazımi resurslarımız var. Qaz keçid dövründə əsas enerji resurslarından biri olaraq qalır və bu bazarda mövqeyini gücləndirmək üçün Azərbaycanın hər cür imkanı var”.
İqtisadçı, həmçinin Azərbaycanın regional enerji və nəqliyyat habı qismində artan əhəmiyyətini qeyd edib.
“Mərkəzi Asiya ölkələrindən enerji ehtiyatlarının nəqli ilə bağlı layihələr bizim üçün strateji əhəmiyyət kəsb edir. Bu, xüsusilə Türkmənistandan gələn qaza aiddir. Bilirik ki, bu ölkədə zəngin təbii qaz ehtiyatları var. Azərbaycan artıq lazımi infrastruktura malikdir, ona görə də ərazimizdən tranzit tamamilə realdır”, - deyə E. Qəribli bildirib.
Onun fikrincə, qaz sektorunun və bərpaolunan enerjinin inkişafı milli enerji ehtiyatlarından daha səmərəli istifadəyə imkan verəcək.
Ekspert hesab edir: “Müasir yaşıl enerji kimi, təbii qaz da ixtisaslaşacağımız bir sahədir. Daxili istehlak üçün nisbətən ucuz bir mənbədir, daha bahalı enerji resursları isə ixrac edilə bilər. Bu, ölkəyə əlavə üstünlüklər və gəlir mənbələri təmin edəcək”.
Ekspert əlavə edib ki, iqtisadi şaxələndirmə ölkənin enerji ixtisaslaşmasının qorunması ilə ziddiyyət təşkil etmir.
“Əlbəttə, iqtisadiyyatın digər sahələrinin də inkişaf etdirilməsinə ehtiyac var. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycan daim ənənəvi enerji ölkəsi olub. Buna görə də bu gün biz doğru yolu seçmişik: enerji sahəsində ixtisaslaşmanı qoruyub saxlamaqla yanaşı, eyni zamanda yaşıl enerjiyə keçidi təşviq edirik. İnanıram ki, bu sahədə həm müqayisəli, həm də mütləq üstünlüklərimiz olduğundan, əhəmiyyətli uğurlar qazana bilərik”, - deyə E. Qəribli fikirlərini yekunlaşdırıb.
Müəllif - Pərvanə Qafarova