Şəhərsalmanın uğur formulu: effektiv idarəetmə, insan kapitalı və hüquqi mexanizmlər
Bakı, 3 iyun, AZƏRTAC
Müasir urbanizasiya proseslərində tarixi şəhər mühitinin qorunması xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda qədim şəhərsalma ənənələrinin müasir memarlıq prinsipləri ilə uzlaşdırılması istiqamətində ardıcıl addımlar atılır. UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş tarixi abidələr və şəhər nümunələri ölkəmizin dünya memarlıq və şəhərsalma irsində mühüm yer tutduğunu təsdiqləyir. İçərişəhər, Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi bu irsin ən dəyərli nümunələri sırasındadır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Geosiyasət və iqtisadi coğrafiya laboratoriyasının müdiri coğrafiya elmləri doktoru, dosent Nəriman Paşayev bildirib.
Alimin sözlərinə görə, Ümumdünya Şəhərsalma Forumunun prinsiplərinin tətbiqi ilə yanaşı, müəyyən çətinliklər də mövcuddur. Əhalinin böyük hissəsinin Bakı şəhərində cəmləşməsi urbanizasiya yükünü artırır. Nəqliyyat sıxlığı, ekoloji problemlər və regionlararası inkişaf fərqləri urbanizasiya siyasətinin əsas çağırışları olaraq qalır. Bu baxımdan Azərbaycanda çoxmərkəzli regional inkişaf modelinin tətbiqi vacib hesab edilir. Region şəhərlərinin iqtisadi və sosial potensialının gücləndirilməsi urbanizasiya yükünün balanslaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
N.Paşayev qeyd edib ki, müasir elmi yanaşmalara əsasən, şəhərsalmanın uğuru yalnız texnoloji inkişafla deyil, həm də effektiv idarəetmə, insan kapitalı və hüquqi mexanizmlərlə sıx bağlıdır. Ağıllı şəhərlərin səmərəli fəaliyyəti üçün rəqəmsal infrastrukturla yanaşı, sosial inklüzivlik, idarəetmədə şəffaflıq və peşəkar insan resurslarının inkişafı da əsas şərtlərdən hesab olunur.
“Müasir urbanizasiya modellərinin tətbiqi Azərbaycanın qlobal şəhərsalma sisteminə inteqrasiyasını sürətləndirir və davamlı inkişaf məqsədlərinə nail olunmasına şərait yaradır. Xüsusilə “ağıllı şəhər”, “yaşıl enerji”, rəqəmsal idarəetmə və davamlı urbanizasiya prinsipləri gələcək şəhərsalma siyasətinin əsas istiqamətləri kimi ön plana çıxır”, - deyə alim vurğulayıb.