“Alfa” nəsli üçün internet bizim uşaqlıq dövrümüzdəki oyuncaqlar qədər adidir - psixoloq
Bakı, 3 iyun, AZƏRTAC
“Alfa” nəsli doğulduğu gündən texnologiyanın içində böyüyür. Onlar üçün planşet, telefon və internet bizim uşaqlıq dövrümüzdəki oyuncaqlar qədər adidir. Bunun həm müsbət, həm də mənfi tərəfləri var.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında psixoloq Lamiyə Əhmədli-Şirinova deyib.
Onun fikrincə, emosional intellekt insanlarla ünsiyyət zamanı inkişaf edir. “Uşaq anasının üz ifadəsindən, dostunun səs tonundan, müəllimin baxışından emosiyaları oxumağı öyrənir. Əgər ekran qarşısında keçirilən vaxt canlı ünsiyyəti əvəz etməyə başlayırsa, bu bacarıqların formalaşması müəyyən qədər ləngiyə bilər”, - deyə psixoloq qeyd edir.
Mütəxəssis bildirib ki, bəzən valideynlər uşaqların emosiyaları anlamadıqlarını düşünürlər. “Mən bununla tam razı deyiləm. Sadəcə onların emosiyaları öyrənmə forması fərqlidir. Araşdırmalar göstərir ki, uzun müddət virtual mühitdə olan uşaqlar üz ifadələrini və sosial siqnalları şərh etməkdə daha çox çətinlik çəkə bilirlər. Buna görə də uşaqların həm texnologiyadan istifadə etməsi, həm də kifayət qədər canlı ünsiyyət təcrübəsi qazanması vacibdir”, - deyə o vurğulayır.
Süni intellekt məlumat verə bilər, emosional bağ yarada bilməz
Psixoloq, həmçinin bu gün “Alfa” nəsli suallarına cavabları təkcə valideyndən və ya müəllimdən deyil, süni intellektdən də aldıqlarını bildirib. “Bu, təbii ki, yeni bir reallıqdır. Ancaq unutmaq olmaz ki, süni intellekt məlumat verə bilər, emosional bağ yarada bilməz. Uşaq empatiyanı, etibarı, qayğını və sevgini yalnız real insan münasibətlərində öyrənir. Virtual köməkçilər uşağın maraqlarını dəstəkləyə, öyrənməsini asanlaşdıra bilər, amma onlar valideynin, dostun və ya müəllimin yerini tuta bilməz”, - deyə Lamiyə Əhmədli-Şirinova əlavə edib.
Onun sözlərinə görə, risk o zaman yaranır ki, uşaq problemlərini həll etmək, hisslərini bölüşmək və ya ünsiyyət ehtiyacını ödəmək üçün yalnız texnologiyaya üz tutur. Buna görə ailələrin və məktəbin rolu əvvəlkindən daha vacibdir. Uşaqlar texnologiya ilə yanaşı, sağlam sosial münasibətlər də qurmalıdırlar.
Müxbir – Leyla Muradzadə