ATMU-da “İdarəetmədə multikultural dəyərlər” mövzusunda konfrans təşkil olunub
Bakı, 3 iyun, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) yaradılmasının 20 illik yubileyi münasibətilə ali təhsil müəssisəsində “İdarəetmədə multikultural dəyərlər” mövzusunda IX respublika elmi-praktik konfransı keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Universitetin rektoru İlham Mədətov bildirib ki, konfransın keçirilməsində məqsəd idarəetmədə müasir çağırışların, innovativ yanaşmaların və multikultural dəyərlərin elmi-praktik müstəvidə müzakirəsi, alimlər, tədqiqatçılar və mütəxəssislər arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də yeni elmi ideyaların təşviqindən ibarətdir.
Rektor diqqətə çatdırıb ki, müasir dövrdə idarəetmə yalnız iqtisadi və inzibati mexanizmlərlə məhdudlaşmır. Qloballaşma, rəqəmsallaşma və sürətlə dəyişən sosial münasibətlər şəraitində multikultural dəyərlər idarəetmənin ayrılmaz tərkib hissəsi sayılır. Fərqli mədəniyyətlərə hörmət, inklüziv yanaşma, sosial ədalət, tolerantlıq və qarşılıqlı anlaşma prinsipləri müasir idarəçilik modelinin prioritetləri sırasındadır. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan multikulturalizm siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayan İ.Mədətov multikulturalizmi cəmiyyətimizdə sabitliyə, həmrəyliyə və davamlı inkişafa töhfə kimi dəyərləndirib. O, tədbirin gündəliyində yer alan elmi məruzələr ətrafında aparılan müzakirələrin idarəetmə elminin inkişafında, o cümlədən gənc tədqiqatçıların elmi potensialının formalaşmasında əhəmiyyətli olacağını bildirib.
Universitetin Elmi Tədqiqatlar və Akademik Təhsil Mərkəzinin müdiri Nəsirulla Nəsirli “Süni intellekt tədris prosesində” mövzusunda məruzəsində süni intellekt texnologiyalarının təhsil sahəsində yaratdığı imkan və perspektivlərə aydınlıq gətirib. N.Nəsirli diqqətə çatdırıb ki, süni intellekt adaptiv öyrənmə sistemləri, virtual müəllimlər, rəqəmsal təhsil platformaları və avtomatlaşdırılmış qiymətləndirmə vasitələri ilə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Bununla yanaşı, süni intellektdən istifadənin məlumat təhlükəsizliyi, akademik dürüstlük, etik məsələlər və texnologiyadan həddindən artıq asılılıq kimi müəyyən risklər yaratdığı da qeyd olunub. Məruzədə bu risklərin aradan qaldırılması üçün süni intellektin təhsil prosesinə məqsədyönlü, nəzarətli və pedaqoji prinsiplərə uyğun inteqrasiyasının vacibliyi vurğulanıb.
Konfransın gündəliyində nəzərdə tutulan məruzələr əsasən “Turizm və xidmət sektorunda çoxsahəli idarəetmə”, “Dövlət və bələdiyyə idarəçiliyində multikultural dəyərlər”, “Turizmin idarə edilməsində informasiya təhlükəsizliyi və süni intellektin rolu”, “Korporativ idarəetmə və biznesin idarə edilməsi” və sair mövzuları əhatə edib.
Bölmə iclaslarında Azərbaycan Turizm və Menecment Universitetinin professoru Məhərrəm Zülfüqarlının “Turizmin inkişafında bələdiyyələrin rolu”, Turizm işi kafedrasının müdiri dosent Hafiz Hüseynovun “Turizm sənayesində innovativ və rəqəmsal texnologiyalar”, Mehmanxana və restoran işi kafedrasının dosenti Gülnar Məmmədli və baş müəllim Həlilə Məmmədovanın “Azərbaycanın mədəni irs sərvətləri və onların turizm və qonaqpərvərlik sənayesinə təsiri”, həmçinin magistrant və doktorantların məruzə və çıxışları dinlənilib.