Vəli Qasımov: İspaniyanı dünya çempionatında həmişə favoritlər sırasında görürəm
Bakı, 3 iyun, AZƏRTAC
İspaniyanı həmişə favoritlər sırasında görürəm, amma digər böyük komandalar da iddialıdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Vəli Qasımov qarşıdan gələn dünya çempionatı ilə bağlı danışarkən deyib.
O bildirib ki, müasir futbol sürətlə inkişaf edir və artıq bir çox milli komandalar yüksək səviyyədə rəqabət aparmaq gücünə malikdir: “Bu səbəbdən turnirin nəticələrini əvvəlcədən proqnozlaşdırmaq çətinləşib. Futbol bu gün elə bir yerə gəlib çatıb ki, bütün komandalar demək olar eyni səviyyədə mübarizə aparır. Artıq zəif komanda anlayışı getdikcə azalır. Hər bir yığma meydanda öz oyununu göstərməyə çalışır və nəticə çox zaman xırda detallardan asılı olur”.
Futbol karyerasında La Liqada çıxış etmiş veteran hücumçu favoritlər barədə danışarkən İspaniya millisinə xüsusi rəğbətini ifadə edib: “İspan futbolunun texnikalı və kombinasiyalı üslubu məni daha çox cəlb edir. İspaniyada çıxış etdiyim üçün bu ölkənin futbol məktəbinə daha yaxından bələdəm. Onların oyunu texniki baxımdan çox güclüdür və meydanda düşünülmüş, sistemli futbol sərgiləyirlər. Ona görə də İspaniyanı həmişə favoritlər sırasında görürəm. Amma Almaniya, Fransa, Braziliya kimi komandalar da hər zaman iddialı olublar. Ümumiyyətlə, dünya çempionatı kimi turnirlərdə hər şey mümkündür”.
Vəli Qasımov Türkiyə millisinin şanslarına da toxunub: “Türkiyə yığması mübariz və potensiallı komandadır, lakin qrup mərhələsi asan olmayacaq. Millinin gənc və istedadlı futbolçuları var. Amma belə turnirlərdə təcrübə çox önəmlidir. ABŞ kimi son illərdə inkişaf edən bir komanda ilə eyni qrupda olmaq da asan deyil. Bu ölkədə futbolun səviyyəsi getdikcə yüksəlir və artıq ciddi rəqabət yarada biləcək potensial formalaşıb”.
Sonda sürpriz komandalar barədə fikirlərini bölüşən Vəli Qasımov qeyd edib ki, debütant və ya az təcrübəli yığmalar üçün dünya çempionatında çıxış etmək asan deyil, lakin futbolun təbiətində gözlənilməz nəticələr həmişə var: “Bütün komandalara uğurlar arzulayıram. Yeni iştirakçılar üçün çətin olsa da, futbol elə bir oyundur ki, burada hər zaman sürprizlər mümkündür. Müasir futbolda inkişaf o qədər sürətlidir ki, bəzən gözlənilməz nəticələr də görmək olur”.
Qeyd edək ki, mundial iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə 48 milli komanda mübarizə aparacaq.