Bakı Gəmiqayırma Zavodunda konteyner gəmilərin kilqoyma mərasimi baş tutub
Bakı, 3 iyun, AZƏRTAC
Bu gün "AZCON Holding"in şirkətlərindən olan “Bakı Gəmiqayırma Zavodu” MMC-də Xəzər dənizində istismar olunması nəzərdə tutulan iki ədəd 780 TEU tutumlu konteyner gəmisindən birincisinin tikintisinə başlanılması münasibətilə kilqoyma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, gəmiqayırma prosesinin əsas mərhələlərindən biri hesab olunan bu mərasim gəminin konstruktiv yığım işlərinin rəsmi başlanğıcını ifadə edir.
Layihə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında strateji əməkdaşlıq çərçivəsində həyata keçirilir. Belə ki, 16 sentyabr 2025-ci il tarixində “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxs tərəfindən “Bakı Gəmiqayırma Zavodu” MMC adından “AD Ports Group” ilə Xəzər dənizində istismar olunmaq üçün nəzərdə tutulmuş iki ədəd 780 TEU tutumlu konteyner gəmisinin tikintisinə dair müqavilə imzalanıb.
Gəmilərin regionun əsas ticarət mərkəzləri arasında əlaqələrin gücləndirilməsinə, eləcə də regional dəniz nəqliyyatı və logistika əməkdaşlığının inkişafına xidmət edən mühüm marşrutlarda istismara verilməsi planlaşdırılır. Xüsusilə Xəzər dənizi hövzəsi və Orta Dəhliz üzrə artan yük axınları fonunda bu layihə Azərbaycanın regional nəqliyyat-logistika xəritəsində strateji mövqeyini daha da gücləndirən mühüm addımlardan biri kimi qiymətləndirilir.
Konteyner və quru yüklərin daşınmasında yüksək əməliyyat çevikliyini təmin etmək məqsədilə layihələndirilən hər bir gəminin ümumi uzunluğu 149,5 metr, eni 21 metr, yüklü vəziyyətdə suya oturumu 4,5 metr, dedveyti 9,404 ton və yük anbarlarının ümumi tutumu 16,722 kubmetr təşkil edəcək.
2028-ci ilədək təhvil verilməsi nəzərdə tutulan bu gəmilər Asiya ilə Avropanı Xəzər dənizi, Cənubi Qafqaz və Qara dəniz vasitəsilə birləşdirən Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) gücləndirilməsində mühüm rol oynayacaq. Bu marşrut üzrə daşıma imkanlarının genişləndirilməsi konteyner daşımalarına artan tələbatın qarşılanmasına, tranzit müddətlərinin azaldılmasına və dəhlizin ənənəvi marşrutlara alternativ olaraq təhlükəsiz, dayanıqlı və rəqabətqabiliyyətli nəqliyyat həlli kimi mövqeyinin möhkəmləndirilməsinə töhfə verəcək.
Qeyd edək ki, “Bakı Gəmiqayırma Zavodu” MMC fəaliyyətə başladığı dövrdən etibarən ümumilikdə 14 gəmi tikinti layihəsini uğurla həyata keçirib və 170-dən çox gəminin təmirini icra edib. Hazırda zavodun sifariş portfelinə daxil olan 17 gəmidən 11-nin tikintisi davam edir, 6 gəmi isə layihələndirmə mərhələsindədir.
Eyni zamanda bildirək ki, ötən ay "AZCON Holding" şirkətlərindən olan “Bakı Gəmiqayırma Zavodu” MMC ilə “Samruk-Kazına” ASC-nin şirkətlər qrupuna daxil olan “KTZ Express Shipping” şirkəti arasında gəmiqayırma sahəsində əməkdaşlıq üzrə müqavilə də imzalanıb. Bu müqaviləyə əsasən, müasir beynəlxalq standartlara uyğun iki ədəd quru yük gəmisinin inşası həyata keçiriləcək. Beləliklə, beynəlxalq sifarişlər əsasında inşa ediləcək gəmilərin sayı 4-ə çatıb.
Beynəlxalq sifarişlərin icrası Bakı Gəmiqayırma Zavodunun yüksək texnoloji imkanlarını, peşəkar kadr potensialını və müasir gəmi inşası sahəsində artan istehsal gücünü nümayiş etdirir. Eyni zamanda bu göstərici Zavodun beynəlxalq gəmiqayırma bazarında rəqabətqabiliyyətli və etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndiyini, eləcə də yerli gəmiqayırma sənayesinə göstərilən etimadın artdığını təsdiqləyir.
Kilqoyma mərasimi sözügedən müqavilənin icrasında növbəti mühüm praktiki mərhələ olmaqla yanaşı, Bakı Gəmiqayırma Zavodunun müasir, səmərəli və beynəlxalq standartlara cavab verən yük gəmilərinin inşası sahəsində artan potensialını nümayiş etdirir.