Qərbi Kaspi Universitetində “Diaspor dərsi” təşkil edilib
Bakı, 7 may, AZƏRTAC
Qərbi Kaspi Universiteti və “Diaspor Jurnalistləri” İctimai Birliyinin (İB) birgə təşkilatçılığı ilə tələbələr üçün “Diaspor dərsi” təşkil edilib. Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədris hissə müdiri Nazim Abbasov universitetin cari tədris ilindəki fəaliyyəti, əldə olunan nailiyyətlər barədə məlumat verib. Universitetin məzunlarının ölkəmizin ayrı-ayrı dövlətlərdəki səfirliklərində, müxtəlif beynəlxalq təşkilatlarda çalışdıqları, eyni zamanda, diaspor sahəsində də fəaliyyət göstərdikləri bildirilib.
“Diaspor Jurnalistləri” İB-in sədri Fuad Hüseynzadə deyib ki, layihənin məqsədi tələbə gənclərin Azərbaycan diasporu barədə düşüncəsini inkişaf etdirmək, informasiya müharibəsinin aparılmasında gənclərin rolunu gücləndirməkdir.
Daha sonra Qərbi Kaspi Universitetinin məzunu, Hollandiyada “Connect” təşkilatının sədri Vüqar Abbasov “Skype” vasitəsilə dərsə qoşulub və tələbələrlə fikirlərini bölüşüb.
Tədbirdə “Hollandiya Azərbaycan Evi”nin sədri Elxan Mirhəşimli, Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının magistri, “Həmrəy” İB sədrinin müavini Elvin Babayev və “Diaspor Jurnalistləri” İB-in baş katibi Siyavuş Əmirlinin çıxışları dinlənilib. Natiqlər məlumat və maarifləndirmə xarakterli dərsdə ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının xaricdəki həmvətənlərimizin vahid ideya ətrafında birləşməsində rolu, dövlətimizin diasporun inkişafı istiqamətində gördüyü işlər, xaricdəki tələbələrimizin fəaliyyətinin perspektivləri, informasiya müharibəsinin aparılmasında gənclərin rolundan bəhs ediblər.