SİYASƏT
Qertrud Tauxhammer: Biz Azərbaycanın müsbət təcrübəsini jurnalımızın səhifələrində mütəmadi olaraq işıqlandırırıq
Vyana, 12 noyabr (AZƏRTAC). Avstriyanın tanınmış “Society” jurnalının baş redaktoru Qertrud Tauxhammer III Bakı Beynəlxalq Humanitar Forumu haqqında təəssüratlarını AZƏRTAC-ın xüsusi müxbiri ilə bölüşmüşdür.
Azərbaycana ilk dəfə 2004-cü ildə səfər etdiyini və həmin vaxt “Society” jurnalı üçün Prezident İlham Əliyevdən müsahibə aldığını bildirən Q.Tauxhammer ötən illərdə ölkəmizdə dəfələrlə olduğunu, hər dəfə azərbaycanlıların qonaqpərvərliyi və səmimiliyi ilə üzləşdiyini, bu keyfiyyətlərin onda ölkəyə və insanlara qarşı böyük rəğbət oyatdığını və Azərbaycanın nail olduğu inkişaf qarşısında heyran qaldığını bildirmişdir.
Humanitar Forumun açılış mərasiminin keçirildiyi Heydər Əliyev Mərkəzi, “Alov qüllələri” kompleksi və digər memarlıq incilərinə baxdıqca insanın valeh olduğunu deyən avstriyalı jurnalist bildirmişdir ki, bu möhtəşəm tikililər ölkədə gedən sürətli iqtisadi inkişafın bariz nümunələrindəndir.
Q.Tauxhammer Humanitar Forumda müasir dünyamızı narahat edən aktual məsələlərin diqqət mərkəzində saxlanılmasını, belə sanballı tədbirin peşəkarlıqla təşkilini, burada yüksək səviyyəli qonaqların iştirakını yüksək qiymətləndirmişdir. O, Forumun “dəyirmi masa”larında müzakirə olunan məsələlərdən özü üçün də məzmunlu və dəyərli fikirlər əks etdiyini diqqətə çatdırmışdır.
Q.Tauxhammer vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forumun açılışında söylədiyi nitqdə bir məqam onun üçün xüsusilə əhəmiyyətli olmuşdur. Cənab Prezident çıxışında qeyd etmişdir ki, dünyada gedən proseslərlə bağlı müsbət təcrübə üzərində öz təhlilimizi aparmalıyıq və müsbət təcrübəni təbliğ etməliyik. “Society” jurnalının redaksiyası da məhz bu fikirləri əldə rəhbər tutur və Azərbaycanın müsbət təcrübəsini jurnalın səhifələrində mütəmadi olaraq işıqlandırır.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana