Qətər qəzetində Oxçuçay ekoloji fəlakəti haqqında məqalə dərc edilib
Qahirə, 14 iyul, AZƏRTAC
Qətərin ingilis dilində nəşr olunan nüfuzlu “The Peninsula” qəzetində Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonu ərazisindən keçən və Araz çayına tökülən Oxçuçayda ekoloji fəlakət haqqında geniş məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Oxçuçay çayının sərhədboyu çirklənməsi ilə əlaqədar həyəcan təbili çalır” sərlövhəli məqalədə əkin sahələrinin suvarılmasında mühüm rol oynayan Oxçuçayın Ermənistan ərazisində sənaye tullantıları ilə çirkləndiyi qeyd olunur. Oxucuların diqqətinə çatdırılır ki, öz ərazisində çayın suyunu kollektorlar vasitəsilə təmizləyən ermənilər əsas zəhərli tullantıları Azərbaycana axıdır. Bu isə, Cənubi Qafqazın ən böyük su mənbələrindən biri olan Araz çayının suyunun keyfiyyətinə mənfi təsir edir. Mütəxəssislər müəyyən ediblər ki, Ermənistan ərazisindəki Qaçaran mis-molibden Kombinatı və Qafanda yerləşən mis-filiz saflaşdırma kombinatının ağır metal tullantıları təkcə ətraf mühiti, ətrafdakı faunanı məhv etmir, eyni zamanda, insan sağlamlığına ağır zərbə vurur. Bu ekoloji terror nəticəsində müxtəlif ağır xəstəliklər meydana çıxır. Ermənistanda fəaliyyət göstərən hər iki müəssisənin ekoloji standartları kobud şəkildə pozması ətraf mühitin mühafizəsi ilə məşğul olan fəalların da etirazlarına səbəb olub. 2021-ci ilin yanvar-martında Oxçuçayın suyunun laboratoriya analizi göstərib ki, burada böyük və təhlükəli həcmdə ağır metallar, xüsusən mis, molibden, manqan, dəmir, sink və xrom var.
Məqalədə diqqətə çatdırılıb ki, cari ilin martında Zəngilan rayonunun Şayıflı və Cahangirbəyli kəndləri yaxınlığında Oxçuçayda aparılan monitorinqlər zamanı Azərbaycanın "Qırmızı kitab"ına daxil edilən 227 kiçik qızılxallı balıq və 330 şirbit balığının kütləvi ölümü müşahidə edilib. Çayın suyu və dib çöküntüləri nümunəsinin təhlilləri Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi əsasında Almaniyanın beynəlxalq səviyyədə akkreditə olunan və sertifikatlaşdırılmış SGS laboratoriyasında aparılıb. Bu ekoloji fəlakətlə bağlı nazirlik ətraf mühitin mühafizəsi ilə məşğul olan beynəlxalq təşkilatlara, həmçinin Almaniya Bundestaqındakı Yaşıllar fraksiyasına müraciətlər ünvanlayıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə