Qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı maarifləndirmə davam etdirilir
Bakı, 10 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Gəncə şəhərində maarifləndirmə tədbiri təşkil olunub.
Bu barədə AZƏRTAC-a Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.
Bildirilib ki, görüşdə “Qeyri-formal məşğulluğun qarşısının alınması” və “İş yerlərində əməyin mühafizəsi” mövzuları müzakirə edilib.
Tədbirdə nazirliyin və onun tabeliyində fəaliyyət göstərən qurumların, ictimai birliklərin təmsilçiləri, həmçinin xidmətin Gəncə-Daşkəsən regional şöbəsinin əhatə etdiyi rayonlardan dövlət və özəl sektoru təmsil edən 30-a yaxın şəxs iştirak edib.
Çıxışlarda qeyri-formal məşğulluğun aradan qaldırılması, əmək münasibətlərinin leqallaşdırılması və sosial rifahın artırılması baxımından maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb. Tədbirdə, həmçinin qadınların qeyri-formal məşğulluğa qarşı məlumatlandırılması və onların əmək bazarında hüquqlarının qorunmasının vacibliyi barədə iştirakçılara məlumat verilib.
Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.