QİƏT PARLAMENT ASSAMBLEYASI İQTİSADİ KOMİTƏSİNİN NÖVBƏTİ İCLASI BAKIDA KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 9-10-da Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası (QİƏT PA) iqtisadi komitəsinin iclası keçiriləcəkdir.
İclasda, əsasən Qara dəniz regionu ilə Dünya Ticarət Təşkilatı arasında əməkdaşlıq məsələləri müzakirə olunacaqdır. Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olmağa çalışdığı bir vaxtda bu toplantının böyük əhəmiyyəti vardır.
Müzakirə olunan məsələ baş assambleyanın noyabrda keçiriləcək iclasına çıxarılacaqdır. Qəbul olunacaq tövsiyələr isə üzv ölkələrin parlamentlərinə göndəriləcəkdir.
Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının üzvü, QİƏT PA sədrinin müavini Asəf Hacıyev bildirmişdir ki, komitənin iclası əvvəlcə oktyabra planlaşdırılmışdır. Amma həmin ərəfədə Azərbaycanda prezident seçkiləri keçirildiyi üçün iclasın vaxtı dəyişdirilmişdir.
Azərbaycanın bu təşkilatdakı nüfuzunun və rolunun getdikcə artıdığını bildirən A.Hacıyev demişdir ki, ölkəmiz Avropanın əsas enerji təminatçılarından biridir. Həyata keçirilən iri neft-qaz layihələri, eləcə də Azərbaycanın zəngin təbii potensialı, insan resursları ölkəmizin nüfuzunu təkcə Xəzər dənizi hövzəsində deyil, Qara dəniz regionunda da artırmışdır. Son illərdə qurumun toplantılarında müzakirə olunan məsələlərin əksəriyyəti enerji ilə bağlıdır.