Qırğızıstanın Müstəqillik Günü qeyd edilib
Bişkek, 1 sentyabr, АZƏRTAC
Bişkekin mərkəzindəki Ala-Too meydanında Qırğızıstanın müstəqilliyinin 28-ci ildönümü münasibətilə rəsmi bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Baş Nazir Muxammedkalıy Abılqaziev, Joqorku Keneşin (parlament) sədri Dastan Jumabekov, esk-prezident Roza Otunbayeva, Prezident Aparatının nümayəndələri, hökumətin və Joqorku Keneşin üzvləri, səfirlər, elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər.
Mərasimə Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov da qatılıb.
Prezident Sooronbay Jeenbekov müstəqilliyin 28-ci ildönümü münasibətilə ölkə vətəndaşlarını təbrik edib, bu illərdə qazanılan uğurlardan danışıb.
Dövlət başçısı deyib ki, müstəqilliyin qazanılması heç də asan olmayıb. İndi bizim əsas vəzifəmiz müstəqilliyimizi qoruyub saxlamaq və inkişaf etdirməkdir. Prezident bu illərdə görülən işlər və qarşıda duran vəzifələrdən də danışıb.
Bayram tədbiri konsert proqramı ilə başa çatıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek