Qiymətləndirmə tapşırıqlarının hazırlanması və yoxlanılmasına dair hazırlıq kursları başlanır
Bakı, 24 noyabr, AZƏRTAC
Noyabrın 26-da Dövlət İmtahan Mərkəzində (DİM) buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına dair Azərbaycan dili, riyaziyyat, ingilis dili, informatika, kimya, fizika, biologiya, coğrafiya və tarix fənləri üzrə ikiaylıq hazırlıq kurslarına başlanılır.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, kurslarda elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji profilli fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak edəcəklər.
Hazırlıq kursları Azərbaycan dili, ingilis dili, informatika, kimya, coğrafiya və tarix fənləri üzrə DİM-in əsas inzibati binasında (Akademik Həsən Əliyev küçəsi, 299) əyani, riyaziyyat, fizika, biologiya fənləri üzrə isə onlayn formada “Zoom” platforması vasitəsilə keçiriləcək. Regiondan olan iştirakçılar üçün kurslar bütün fənlər üzrə “Zoom”la onlayn olacaq.
“Zoom” linki iştirakçıların elektron poçt ünvanına göndəriləcək. Hazırlıq kurslarının qrafiki ilə DİM-in saytında tanış olmaq olar.