İQTİSADİYYAT
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin ötən ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir
Bakı, 30 yanvar (AZƏRTAC). Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) 2011-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.
QKDK-nın ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirmişlər ki, qurumun sədri Rüfət Aslanlı qiymətli kağızlar bazarının fəaliyyətinin qeyri-neft sektorunun yüksək templi artımı və antiinflyasiya xarakterli pul siyasəti fonunda davam etdiyini bildirmişdir. Qeyd etmişdir ki, qiymətli kağızlar bazarının ticarət dövriyyəsinin ÜDM-ə nisbəti 17,7 faizə çatmış, əməliyyatların sayı 1,6 dəfə, həcmi isə 4,4 dəfə artmışdır.
QKDK sədrinin müavini və Aparatının rəhbəri kurasiyalar üzrə struktur bölmələr tərəfindən həyata keçirilmiş tədbirlər və müvafiq fəaliyyət planlarının icra vəziyyəti barədə ətraflı məlumat vermişlər. Səslənən geniş məruzələrdə hesabat dövrü ərzində həyata keçirilmiş tədbirlər, o cümlədən dövlət proqramlarının icrası barədə ətraflı danışılmışdır.
Hesabat iclasını yekunlaşdıran R.Aslanlı “2011-2020-ci illərdə Azərbaycan Respublikasında Qiymətli Kağızlar Bazarının İnkişafına dair” Dövlət Proqramının səmərəli icrasının təmin edilməsinə, “Kapital bazarlarının müasirləşdirilməsi” layihəsi ilə bağlı işlərin səmərəli əlaqələndirilməsinə, qiymətli kağızlar bazarının müasirləşdirilməsi və avtomatlaşdırılması və qiymətli kağızlar bazarı üzrə vahid qanunvericilik layihəsi üzərində işlərin tamamlanmasına dair müvafiq göstərişlər vermişdir.