“Qlobal dəyişikliklər: təcrübədə transformasiya” mövzusunda keçirilən konfransda ölkəmiz də təmsil olunub
Bakı, 4 iyun, AZƏRTAC
İspaniyanın Alikante şəhərində Avropanın mühasib, audit və maliyyə sektoru üzrə tanınmış mütəxəssislərinin iştirakı ilə “Qlobal dəyişikliklər: təcrübədə transformasiya” mövzusunda konfrans keçirilib. Konfrans Avropanın Mühasiblər və Auditorlar Federasiyasının təşkilatçılığı ilə reallaşıb.
AZƏRTAC Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadla bildirir ki, tədbirdə Azərbaycan nümayəndə heyətinin tərkibində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Auditorlar Palatası, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, “Azərişıq” ASC, “Azərenerji” ASC, “Libra Consulting” MMC və digər şirkətlərin nümayəndələri iştirak ediblər.
Tədbir “Qlobal dəyişikliklər: təcrübədə transformasiya” mövzusu üzrə bir neçə sessiyadan ibarətdir. Konfransda müzakirə olunan mövzular mövcud qlobal bazar iqtisadiyyatının tələblərinə əsasən ölkəmizdə fəaliyyət göstərən iri müəssisə və təşkilatların öz mövqelərini qoruyub saxlaması və inkişaf etdirmələri üçün biznes prosesləri sisteminin səmərəliliyinin artırılması baxımından əhəmiyyətlidir.