RƏSMİ XRONİKA
QLÜKOZA ZAVODU OĞUZUN YENİ SƏNAYE MÜƏSSİSƏSİDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Prezident İlham Əliyev sentyabrın 20-də Oğuzda qlükoza zavodunun tikintisində olmuşdur.
Dövlətimizin başçısı zavodun maketi və baş planı ilə tanış oldu. Məlumat verildi ki, Azərbaycan Beynəlxalq Bankının maliyyələşdirdiyi tikintinin smeta dəyəri 12 milyon ABŞ dollarıdır. Bunun 4 milyon dolları tikinti işlərinə, qalanı isə avadanlığın alınıb quraşdırılmasına xərclənəcəkdir.
Zavod tam gücü ilə işlədikdə burada gündə 80 ton qarğıdalı emal ediləcək, bundan qida sənayesində istifadə olunan 50 tona yaxın qlükoza istehsal ediləcəkdir. Müəssisədə Türkiyədən və Avropa ölkələrindən gətirilmiş və müasir tələblərə cavab verən ən qabaqcıl texnoloji avadanlıq quraşdırılır. Qlükoza istehsalı xəttinin 2008-ci ilin noyabrında, qarğıdalıdan nişasta istehsalı xəttinin isə 2009-cu ilin sentyabrında istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Müəssisədə 53 nəfər işçi çalışacaqdır. İstehsalın həcmi çoxaldıqca, işçilərin sayı 200 nəfərə qədər artırılacaqdır.
İlkin mərhələdə texnoloji proseslərə türkiyəli, sonra isə yerli mütəxəssislər nəzarət edəcəklər. Zavodun işə salınması rayonda qarğıdalı əkininə marağı daha da artıracaq, maldarlıq və quşçuluğun inkişafına ciddi təkan verəcəkdir.
Bu cür müəssisələrin yaradılmasının əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev tikinti işlərinin vaxtında, yüksək səviyyədə və keyfiyyətlə başa çatdırılması ilə bağlı tapşırıqlarını verdi.
######