Qobustan qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs tutulub
Bakı, 6 fevral, AZƏRTAC
Qaradağ Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları Qobustan qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan daha bir şəxsi saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan qəsəbəsində yaşayan paytaxt sakini Mahir Yüzbəyov saxlanılıb. Onun mənzilinə baxış keçirilən zaman ev sahibinə məxsus 540 qram marixuana aşkarlanaraq götürülüb. Araşdırma zamanı M.Yüzbəyovun bir neçə gün əvvəl Qobustan rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilindiyi üçün saxlanılan Elman Nərimanova da narkotik vasitələr satdığı məlum olub.
Qeyd edək ki, Mahir Yüzbəyov yaşadığı Qobustan qəsəbəsində “Vor Mahir” ləqəbi ilə tanınır. Saxlanılan şəxs ifadəsində yaşadığı qəsəbədə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.