Qoruq ərazisində və dəmir yolu stansiyasında silah-sursat aşkarlanıb
Bakı, 25 yanvar, AZƏRTAC
Daxili işlər orqanları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qaradağ Rayon Mühafizə Şöbəsi və 11-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-də Qobustan Milli Tarix-Bədii Qoruğundan sellofana bükülmüş bir tapança və bir patron darağı aşkarlanaraq götürülüb.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının yanvarın 23-də daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Füzuli rayonunun Daşburun dəmir yolu stansiyasından bir ədəd F-1 qumbarası, qumbara alışdırıcısı, işarəverici fişəng, yeddi ədəd boş avtomat sandığı, 1116 ədəd müxtəlif çaplı avtomat patronu və sökülmüş vəziyyətdə olan “TOZ 8” markalı tüfəng aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar aparılır.