Quba-Qonaqkənd avtomobil yolunun tikintisi davam edir
Quba, 17 noyabr (AZƏRTAC). Altmış səkkiz min nəfər əhalinin yaşadığı 66 məntəqəni birləşdirən Quba-Qonaqkənd avtomobil yolunun tikintisi işləri sürətlə davam etdirilir.
AZƏRTAC xəbər verir ki, artıq yolda “Körpü-Bina Tikinti” MMC tərəfindən körpülərin tikintisi işləri həyata keçirilir. Ümumi uzunluğu 47 kilometr olacaq yolda 7 körpünün tikintisi nəzərdə tutulmuşdur. Belə ki, yeni ərazilərdə tikiləcək 5 körpüdən başqa əvvəlcədən olan 2 yol ötürücüsü də tamamilə yenidən qurulacaqdır. Yolun 35-ci kilometrliyində, Qubanın Afurca kəndi ərazisində inşa edilən biraşırımlı körpünün uzunluğu 24, eni isə 12 metr olacaqdır. Hazırda körpüdə beton bərkitmə işləri görülür.
Yolda inşa ediləcək körpülərin ən böyüyü Cimi və Babaçayın qovuşduğu ərazidə tikiləcəkdir. Həmin körpünü təşkil edəcək nəqliyyat ötürücülərindən biri 300, digəri isə 200 metr uzunluğundadır.
Quba-Qonaqkənd avtomobil yolunun bəzi hissələrindən iritonnajlı avtomobillərin rahat hərəkəti üçün genişləndirmə işləri də aparılmışdır.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən Quba-Qonaqkənd avtomobil yolunun tikintisi məqsədi ilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan Nəqliyyat Nazirliyinə ilkin olaraq 2 milyon manat vəsait ayrılmışdır.