Quba sakinləri tibbi müayinələrin təşkilindən və yaradılan şəraitdən razıdırlar
Quba, 20 fevral (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi barədə tapşırığı Qubada da uğurla icra olunur.
Bu məqsədlə yaradılmış komissiyanın sədri, rayon icra hakimiyyəti başçısının müavini Afət Həsənova AZƏRTAC-a bildirmişdir ki, əhalinin hamılıqla tibbi müayinədən keçirilməsi xalqımızın sağlam gələcəyi üçün atılmış mühüm addımdır.
A.Həsənova demişdir ki, Qubada vətəndaşların profilaktik müayinələrə cəlb olunması üçün lazım olan bütün zəruri tədbirlər görülmüşdür. İlk növbədə rayon icra hakimiyyəti başçısının sərəncamı ilə komissiya yaradılmış, idarə, təşkilat, səhiyyə müəssisələri rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Müayinələr Mərkəzi Rayon Xəstəxanası ilə yanaşı, rayon ərazisindəki bütün tibb məntəqələrində aparılır.
Quba Mərkəzi Rayon Xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyev bildirmişdir ki, rayondakı bütün səhiyyə müəssisələri müayinələrin aparılması üçün tam hazır vəziyyətə gətirilmişdir. Tibbi aksiyanın ilk günlərində 100-dən artıq həkim tərəfindən 3000-ə yaxın rayon sakini tibbi müayinədən keçirilmişdir. Xəstəlik aşkar edilən şəxslər xəstəxanada stasionar qaydada müalicəyə cəlb olunurlar.
Rayon sakini Faiq Məmmədov AZƏRTAC-a müsahibəsində müayinələrin təşkilindən, xəstəxanada yaradılan şəraitdən razı qaldığını söyləyərək demişdir: Mən Müəllimlər İnstitutunun Quba filialında çalışıram. Müayinəyə kollektivimizlə birlikdə gəlmişəm. Yaradılan şəraitdən və həkimlərin münasibətindən çox razıyıq. Sağlamlığımıza göstərilən bu yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarıq.
Müayinədən keçmiş digər rayon sakini - Əflim Dadaşov da Prezidentin bu xeyirxah təşəbbüsündən olduqca razı qaldığını bildirmiş, vətəndaşlara pulsuz müayinə olunmaq imkanı yaradılmasını yüksək qiymətləndirmişdir.