REGİONLAR
Qubada kənd təsərrüfatı sahəsindəki innovasiyalar nümayiş etdirilib
Quba, 23 noyabr, Elxan Yusifli, AZƏRTAC
Quba şəhərindəki Nizami Gəncəvi adına mədəniyyət və istirahət parkında “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində “Kənd təsərrüfatında innovasiyalar” sərgisi təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dövlət və özəl qurumların tərəfdaşlığı ilə keçirilən sərginin məqsədi kənd təsərrüfatı sahəsi ilə məşğul olan şəxslər və qurumlar arasında əlaqələrin gücləndirilməsindən ibarətdir.
Tədbirdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Anar Əzimov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri iştirak ediblər.
Dövlət və özəl şirkətlərin, fermerlərin, kənd təsərrüfatı və biznes assosiasiyalarının, yerli hakimiyyət orqanlarının, startap şirkətlərin, dəyər zənciri iştirakçılarının, bankların və başqa iştirakçıların qatıldığı tədbirdə regional innovasiyaların tanınması təmin olunur.
Sərgidən sonra iştirakçılar Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə layihəsi çərçivəsində Qubanın rayonun Alpan kənd tam orta məktəbində aqrar təhsilin təşviqi məqsədilə yaradılan siniflə tanış olublar.
Pilot layihə üçün nəzərdə tutulan sinif otağında kənd təsərrüfatı istiqamətli dekorasiya yaradılıb, otaqların divarlarında kənd təsərrüfatında istifadə olunan texniki avadanlıqlar, bağlar, istixanalar, məhsullar, dronlar və s. rəsmlər əks etdirilib.
Sinif otağı Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən müxtəlif kənd təsərrüfatı bitkiləri, eksponatlar, aqrar sahəyə aid müxtəlif tədris materialları və bir sıra texniki avadanlıqlarla da təchiz olunub.