REGİONLAR
Qubadlı Rayon Mərkəzi Kitabxanasında yazıçı-publisist Hacı Nərimanoğlunun kitablarının təqdimatı keçirilib
Sumqayıt, 10 aprel, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinin Qubadlı Rayon Mərkəzi Kitabxanasında (MKS) yazıçı-publisist, tarix üzrə fəlsəfə doktoru, “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri Hacı Nərimanoğlunun müəllifi olduğu 15 adda kitabın sərgisi və təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Kitabxana Sisteminin direktoru Müşgünaz Muradova, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qubadlı rayon təşkilatının sədri Yaqub Vəliyev, Rayon Mədəniyyət Evinin direktoru Ziba Kazımova və başqalarının çıxışlarında müəllifin bu günlərdə işıq üzü görən “Şəhidlər”, “Şərqi Zəngəzur” və “Qardaşlığın Zəfəri” kitablarının da maraqla qarşılandığını bildiriblər.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi tərəfindən rəngli formatda nəşr olunmuş bu kitabların nüsxələri də kitabxanalara və şəhid ailələrinə hədiyyə edilib.
Şəhid Milli Qəhrəman, polkovnik Şükür Həmidovun atası Nəriman Həmidov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdikləri diqqət və qayğını yüksək qiymətləndirib, Vətən müharibəsinin qəhrəmanlarına həsr edilmiş “Şəhidlər” kitabında oğlunun ömür və döyüş yolunun da geniş əks olunduğunu görməkdən razı qaldığını bildirib.