FHN: Tovuzda sahibkara məxsus maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb
Bakı, 14 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması sahəsində səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Agentliyin müfəttişləri Tovuz şəhərinin M.Musayev küçəsi, 34 ünvanında fəaliyyət göstərən fərdi sahibkar Məmmədov Qoca Fərman oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparıblar.
Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 2 ədəd tutumun istismar müddətinin bitdiyi, tam texniki müayinələrin aparılmadığı, nəzarət-ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmadığı müəyyənləşdirilib.
Aşkarlanan nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.