Qubadlı rayonunun 22 minə yaxın sakini tibbi müayinədən keçmişdir
Sumqayıt, 2 aprel (AZƏRTAC). Prezident İlham Əliyevin ölkə əhalisinin tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq, Qubadlı Rayon İcra Hakimiyyətində tədbirlər planı hazırlanmış və fevralın 17-dən əhalinin tibbi müayinəsinə başlanılmışdır.
AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində indiyədək rayon əhalisinin 21976 nəfəri (61,4 faizi) tibbi müayinədən keçmişdir. Müayinələr Sumqayıt şəhərində fəaliyyət göstərən Qubadlı Rayon Mərkəzi Xəstəxanasında aparılır. Xəstəxananın ən son texnologiyalara uyğun, müasir tibbi avadanlıqlarla təchiz olunması müayinələrin yüksək səviyyədə həyata keçirilməsinə imkan yaradır. Müəyyən səbəblərə görə müayinəyə gələ bilməyən vətəndaşlara isə təcrübəli tibb mütəxəssislərindən ibarət səyyar həkim briqadaları tərəfindən yerlərdə xidmət göstərilir.
Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Nüsrət Əhmədovun verdiyi məlumata görə, aksiya çərçivəsində burada 12583 sakin müayinə olunmuşdur.
Tibbi müayinədən keçən rayon sakini İsgəndər Məmmədov Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirərək demişdir ki, əhalinin sağlamlığına yönələn humanitar aksiya bütün Qubadlı camaatı tərəfindən böyük razılıqla qarşılanmışdır və hər kəs ona göstərilən bu qayğını yüksək qiymətləndirir.