Qubadlı sakinləri mütəşəkkil qaydada tibbi müayinədən keçirlər
Sumqayıt, 6 mart (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşları pulsuz tibbi müayinədən keçirlər. Bu humanitar aksiyadan Qubadlı rayonunun əhalisi də yararlanır.
Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Əliyeva AZƏRTAC-a bildirmişdir ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq keçirilən humanitar aksiyaya rayon əhalisi böyük həvəs göstərir, müayinədə mütəşəkkil iştirak edir. Əhalinin sağlamlığının qorunmasına yönələn bu tədbirin mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə xüsusi komissiya və qərargah yaradılmış, qrafik tərtib edilmiş, səhiyyə müəssisələri müvafiq ləvazimatlarla təmin olunmuşdur.
X.Əliyeva bildirmişdir ki, rayon əhalisi Bakı və Sumqayıt şəhərlərində, həmçinin respublikanın 13 rayonunda fəaliyyət göstərən tibb müəssisələrində müayinə olunurlar. Fevralın 17-dən indiyədək 6479 nəfər sakin müayinədən keçmişdir. Onlardan 94-nə ambulator, 4-nə isə stasionar müalicə təyin olunmuşdur. O qeyd etmişdir ki, hazırda tibbi müayinələr uğurla davam edir.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Nüsrət Əhmədov
bildirmişdir ki, müayinələr qrafikə uyğun yüksək ixtisaslı və təcrübəli həkim briqadaları tərəfindən aparılır. Bununla belə, sakinlər istənilən vaxt müayinələrin keçirildiyi tibb ocağına gələrək xidmətimizdən istifadə edə bilərlər. O, aşkar olunan xəstəliklər arasında şəkərli diabet və ürək-damar xəstəliklərinin çoxluq təşkil etdiyini demişdir.
Rayon sakini Şamama Həsənova tibbi müayinədən sonra demişdir: Əhalinin pulsuz tibbi müayinələrdən keçirilməsi dövlətimizin başçısının humanistliyindən, insanlara qayğısından xəbər verir. Müayinə üçün yaradılan şəraitdən çox razıyam. Bu, xüsusilə aztəminatlı, məcburi köçkün ailələri üçün əvəzsiz bir xidmətdir.
Aksiyanın əhəmiyyətini yüksək dəyərləndirən məcburi köçkünlər onların sağlamlığı qayğısına qalan Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.