QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ ŞEYXÜLİSLAMIN TƏBRİKİ
Müqəddəs məkan - Məkkeyi-Mükərrəmdən hamınızı səmimi qəlbdən salamlayır, müsəlman ümmətinin ən şərafətli məqamlarından biri olan Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, bu əziz gündə xalqımız və dövlətimiz üçün sidq-dildən dualar edirəm.
Ulu yaradanın Öz bəndələrinə hüdudsuz Lütf və Kəramətinə, Qüdrət və Əzəmətinə dəlalət edən, müqəddəs Kitabına və Peyğəmbərinə imanını kamilləşdirən Qurban bayramını dünya müsəlmanları əsrlər boyu xeyir, bərəkət, dinclik, ümid günü kimi qeyd etmişlər. Həzrət İbrahim əleyhissəlam yadigarı, Allahın hökmü ilə Həzrəti Mühəmməd Salavatullah tərəfindən şərafətləndirilmiş Eydül-Əzha insan övladının öz Rəbbinə sədaqətini, onun buyurduqlarına ehtiram və itaətini, əhdinə vəfasını nümayiş etdirir.
İnsanı öz Yaradanına yaxın edən, Onun Rəhmi və Mərhəmətinə pənah aparmağa sövq edən Qurban bayramı özünün böyük fəzilətləri, fövqəl əhəmiyyəti ilə insanlara mənəvi saflaşma, həyat sınaqlarını iman sayəsində dəf etmək imkanı bəxş edir, onları sıx birləşməyə sövq edir. Bu birlik ovqatı bizim cəmiyyətimiz, dövlətimiz üçün böyük önəm kəsb edən mühüm amil olub, Böyük qələbəmizə rəvac verəcəkdir, inşallah.
Qurban bayramında Allah rizası sorağında xeyriyyə işləri görülməsi önəmlidir. Yüksək bəşəri dəyər və amalları, İlahi mərhəməti özündə ehtiva edən bu əziz bayram günündə Eydül-Əzhanın dərin fəzilətlərinə vaqif olanların kimsəsizlərə, doğma yurdlarından didərgin salınmış qaçqın və köçkün soydaşlarımıza, maddi sıxıntı çəkən insanlara da bu mübarək bayramın sevincini yaşamaq, onu hamı ilə birgə könül xoşluğu və sevinclə keçirmək imkanı yaratması Allaha xoş gedən savab əməllərdəndir.
Fəxarətlə qeyd etməliyik ki, əvvəlki illərlə müqayisədə, bu il daha çox sayda həmvətənimizə müqəddəs Məkkəni ziyarət etmək xoşbəxtliyi nəsib olmuşdur ki, bu da Allahın Lütf və Kəramətinin təzahürüdür. Bu səadəti bəxş edən Ulu Tanrıya Mina düzündə həmd-səna edən Azərbaycan hacıları Allahdan Öz Mərhəmət və Qüdrəti ilə Azərbaycanın firavanlığa qovuşmasında, torpaqlarımızı azad etmək işində xalqımıza və möhtərəm Prezident İlham Əliyev həzrətlərinə yardımçı olmasını, Vətənimizə xeyir-bərəkət, əmin-amanlıq bəxş etməsini ürəkdən diləyirlər. İnanırıq ki, inşallah, dualarımız müstəcəb olacaq, Uca Tanrı Nəzər və Himayəsini üzərimizdən əskik etməyəcəkdir.
Mən bu müqəddəs məkandan bir daha xalqımı Qurban bayramı münasibətilə təbrik edir, qurbanlarınızın və ülvi niyyətlərinizin Haqq dərgahında qəbul edilməsini Böyük İzzət və Cəlal sahibi olan Allahdan diləyirəm. Qoy eviniz əmin, ruziniz bol osun! Amin!
Vəs-səlam əleykum və rəhmətullahi və bərəkatuhu!
Şeyxülislam Allahşükür Paşazadə,
Qafqaz Müsəlmanları İdarəsinin sədri.