Qusarda 18 min hektara yaxın sahədə taxıl əkiləcək
Qusar, 26 noyabr, Elxan Yusifli, AZƏRTAC
Qusar rayonunda payızlıq şum və taxıl səpini mövsümü başa çatmaq üzrədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gələn il üçün rayonda planlaşdırılmış 17 min 800 hektar əkin sahəsinin 17 min 660 hektarında şum işləri, 16 min 520 hektarında isə səpin prosesi artıq yekunlaşdırılıb. Ümumi əkin sahələrinin 7 min 900 hektarı buğda, 8 min 620 hektarı isə arpa sahələri təşkil edir.
Hazırda Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) nümayəndələri tərəfindən kənd təsərrüfatı işlərinin gedişi ilə bağlı yerlərdə monitorinqlər aparılır, fermerlərlə görüşlər keçirilir və onlara müvafiq tövsiyələr verilir. Rayonun Gündüzqala, İmamqulukənd və Yuxarı Zeyxur kəndlərində DAİM-in mütəxəssisləri tərəfindən fermerlərə aqrotexniki tədbirlərin düzgün və vaxtında həyata keçirilməsi və məhsuldarlığın artırılması ilə bağlı maarifləndirmə söhbətləri aparılıb.
Rayonda səpin işlərinin dekabrın 10-na kimi tam yekunlaşdırılması planlaşdırılır.