QUSARDA 9 AYDA KƏND TƏSƏRRÜFATINDA MƏHSUL İSTEHSALININ HƏCMİ 2,2 DƏFƏ ARTMIŞDIR
AZƏRTAC xəbər verir ki, Qusar Rayon İcra Hakimiyyətində cari ilin doqquz ayının yekunları ilə bağlı keçirilən hesabat yığıncağında görülən işlər ətraflı təhlil edilmiş, qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Zöhrab Pirimov ölkə başçısının Nazirlər Kabinetinin iclasındakı giriş və yekun nitqlərində səslənmiş fikirləri, qarşıya qoyulmuş vəzifələri xatırlatmış, hesabat dövründə Azərbaycan iqtisadiyyatında qazanılmış uğurlardan danışmışdır. Bildirmişdir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə rayonda ümumi daxili məhsul istehsalı faktiki qiymətlərlə 39,2 faiz, sənaye məhsulunun, iş və xidmətlərin ümumi həcmi 45,3 faiz, əsas kapitala yönələn investisiyalar 2,3 dəfə, poçt və rabitə xidmətlərinin həcmi 30,1 faiz, pərakəndə əmtəə dövriyyəsi 13,2 faiz, əhaliyə göstərilən pullu xidmətlər 16,1 faiz, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 53,7 faiz, kənd təsərrüfatında ümumi məhsul istehsalı 2,2 dəfə, nəqliyyat sektorunda gəlirlər 9,2 faiz artmışdır.
Cari ildə 358 min 690 sentner, başqa sözlə, hər hektardan 21,8 sentner taxıl götürülmüşdür. Oktyabrın 1-nə 240 min 633 sentner kartof, 175 min 760 sentner tərəvəz, 6 min 870 sentner qarğıdalı, bağlardan 34 min 885 sentner meyvə toplanmışdır. Məhsul yığımı davam edir. Paytaxtda keçirilən yarmarkalara 110 ton kənd təsərrüfatı məhsulları göndərilmişdir. Kənd təsərrüfatı məhsullarının istehsalı üçün yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi qaydaları haqqında Nazirlər kabinetinin müvafiq qərarına uyğun olaraq torpaq sahiblərinə 776 min 960 manat yardım ödənilmişdir.
Bildirilmişdir ki, rayonda bitkiçiliklə yanaşı, digər sahələrin də inkişafına diqqət yetirilir. Hazırda Əniq kəndi ərazisində ildə 500 ton forel balığı yetişdirə bilən müəssisə yaradılır. Arıçılığa artan marağın nəticəsidir ki, arı ailələrinin sayı 5 minə çatmışdır. Qusar şəhərində əvvəllər fəaliyyət göstərmiş süd emalı müəssisəsinin bazasında kiçik həcmli süd emalı sexinin fəaliyyəti bərpa edilmiş, Əniq kəndində də belə bir müəssisənin yaradılması üçün tədbirlər görülür.
İçməli su, təbii qaz, elektrik enerjisi ilə təminatın vəziyyətini təhlil edən məruzəçi, əhaliyə göstərilən ticarət, nəqliyyat, poçt, rabitə və məişət xidmətləri barədə də danışmışdır. Qeyd etmişdir ki, xüsusilə rabitənin inkişafına yönəlmiş xeyli tədbir həyata keçirilmişdir. Belə ki, Aşağı Ləgər kəndində 256, Hil kəndində 512 nömrəlik yeni elektron ATS-lər və kənddaxili xətt şəbəkəsi tikilib istifadəyə verilmişdir. 12 ucqar dağ kəndində peyk rabitə avadanlığı quraşdırılmış, həmin kəndlərin abunəçiləri üçün 96 ədəd telefon çəkilmişdir.
Rayon icra hakimiyyətinin başçısı cari ilin 9 ayı ərzində sosial obyektlərin tikintisinə, bəzi obyektlərin fəaliyyətinin bərpasına diqqət yetirildiyini bildirmiş və məlumat vermişdir ki, Yasab kəndində “Mərasimlər evi”, Qusar şəhərində 51 saylı seçki dairəsi dairə seçki komissiyası üçün inzibati bina tikilib istifadəyə verilmiş, “Gənclər evi” kimi istifadəsi nəzərdə tutulmuş binada əsaslı təmir və yenidənqurma işləri görülmüşdür.
Məruzədə ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi məqsədi ilə görülmüş işlərdən də danışılmış və qeyd edilmişdir ki, Heydər Əliyev Fondu tərəfindən irəli sürülmüş “Hərəmiz bir ağac əkək” təşəbbüsü çərçivəsində 41 mindən artıq müxtəlif növ meyvə və dekorativ ağac tingləri əkilmişdir.
Natiq yeni, müasir üslublu məktəb binalarının tikildiyini, təhsil müəssisələrinin maddi-texniki təchizatının gücləndirildiyini xatırlatmış, əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsi məqsədi ilə görülmüş işlərdən danışmışdır.
Xüsusi vurğulanmışdır ki, aztəminatlı ailələrin problemlərinin həlli və onlara qayğı diqqət mərkəzində saxlanılır. Belə ki, Qusar şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 16 mənzili yaşayış evi inşa olunmuşdur. Yaxın günlərdə həmin binanın istifadəyə verilməsi nəzərdə tutulur.
Xatırladılmışdır ki, hesabat dövründə Qusar bələdiyyəsi tərəfindən xeyli abadlıq-quruculuq işləri görülmüş və bu işlərə 200 min manata yaxın vəsait sərf olunmuşdur.
Həm rayon icra hakimiyyətinin başçısı, həm də digər çıxış edənlər, vurğulamışlar ki, Prezidentin Nazirlər Kabinetinin iclasında ordu quruculuğu, ordu potensialımızın güclənməsi haqqında dedikləri qusarlılarda qürur hissi doğurmuş, torpaqlarımızın azad ediləcəyinə inamı möhkəmləndirmişdir. Onlar ölkə başçısını əmin etmişlər ki, bundan sonra da dövlətə və dövlətçiliyimizə, Heydər Əliyev siyasi kursuna sadiq qalacaq, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi milli strategiyanın reallaşdırılmasında ona dəstəklərini əsirgəməyəcəklər.
Yığıncaqda Prezidentin İcra Aparatının məsul əməkdaşı İlham Əliyev iştirak etmişdir.