ELM VƏ TƏHSİL
QUSARDA MÜƏLLİM PROBLEMİ YOXDUR
Qusar rayon məktəblərində Azərbaycan dili fənninin tədrisi ilə bağlı yaranmış problem öz həllini tapmaqdadır.
Rayon təhsil şöbəsinin müdiri Hacı Manafov AZƏRTAC-ın müxbirinə demişdir ki, rayonda Azərbaycan dilini tədris edən müəllimlərin azlığı bəzi mətbuat orqanlarının yaydıqları kimi təhlükəli deyil. Əslində həmin məktəblərin sayı 14 deyil 7-dir və onların da hamısında ana dilimiz tədris olunur. Yalnız fənn müəllimləri azlıq təşkil etdiyi üçün dərslər bəzən üst-üstə düşür və ya siniflər birləşdirilir. Təhsil Nazirliyi ilə aparılan məsləhətləşmələrdən sonra rayon mərkəzində müəllimlər üçün ixtisasartırma kursunun açılması qərara alınıb. Tədris kursları ilə bağlı hazırlıq işləri tam başa çatmışdır. Oktyabrın ikinci ongünlüyündən başlayaraq şənbə və bazar günləri müəllimlərin ixtisasartırma kursu fəaliyyətə başlayacaqdır.