Qusarda özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara baxış olub
Bakı, 25 sentyabr, AZƏRTAC
Ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Qusar
rayonunda 1311 şəxs üçün kiçik təsərrüfatlar qurulub.
Bu barədə AZƏRTAC-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Qusar Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Şahid Fərəməzov özünüməşğulluq proqramı çərçivəsində rayon sakinləri Samin Oruc oğlu Mustafayev və Səyyarə Sadulla qızı Davudova üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.
Özünüməşğulluq proqramının dəstəyi ilə aktivlər verilməklə S.Mustafayev üçün avtoelektrik xidmətləri, S.Davudova üçün isə maldarlıq istiqaməti üzrə təsərrüfatlar qurulub.
Onlar işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradılması, öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.