Radiologiyanın tibdə əvəzolunmaz rolu
Bakı, 4 may, AZƏRTAC
“Onlarda “gəncdirsə təcrübəsi azdır” anlayışı yoxdur”. Bu sözləri Almaniyada radiologiya sahəsində doktorluq dissertasiyasını müdafiə edən ilk azərbaycanlı həkim, tibb elmləri doktoru Nuran Abdullayev AZƏRTAC-a müsahibəsində deyib.
Həkim deyib: “ Bir çox uşağın arzusu həkimlik olsa da, bəzən böyüdükcə onlar bu fikirdən daşınırlar. Lakin mən uşaqlıqdan həkim olacağıma əmin idim. Bu peşənin hansı sahəsini seçməyə gəldikdə isə çoxşaxəli olacağını düşünürdüm. Mənə uyğun olan radiologiya idi. Bu sahə barədə onu deyə bilərəm ki, burada tibbin bütün sahələri cəmləşib. Buna cərrahiyyə də, diaqnostika da daxildir. Ümumiyyətlə bütün dəqiq diaqnozlar radioloqdan gəlir. Bu səbəbdən də daha çox məsuliyyət tələb edən peşədir. Radiologiyanın tibdə ən böyük rolu bütün diaqnostikanı əhatə etməsidir. Hətta xərçəngin xırda problemlərindən tutmuş, müalicə oluna biləcək böyük patologiyalara qədər bütün xəstəliklərin müayinəsində radioloji diaqnostika üsulu tətbiq edilir. Radiologiya inkişaf etdikcə, tibb də inkişaf edir.
Bir sözlə onu deyim ki, beyində aparılan əməliyyatlar üçün əgər 20 il əvvəl neyrocərrahlara müraciət edilirdisə, bu gün buna neyroradioloqlar müdaxilə edir”.
Qeyd edək ki, N.Abdullayev Türkiyənin Çapa Universitetində bir neçə dəfə yay praktikalarında təcrübə keçdikdən sonra Almaniyada radioloq təhsili alıb. O, Köln Universitet Klinikasının Radiologiya və Neyroradiologiya İnstitutunun radioloqu, Avropa, Amerika və Almaniya Radioloqlar Cəmiyyətinin üzvüdür.