RAMİL SƏFƏROVUN İKİNCİ İŞİNƏ DAİR QƏRAR ÇIXARILDI
Məlum olduğu kimi, 2004-cü il iyulun 19-da istintaq təcridxanasında səkkiz keşikçi ilə Ramil Səfərov arasında toqquşma baş vermişdir. Macarıstan Cinayət Məcəlləsinin 170-ci maddəsi (hüquq mühafizə orqanlarının əməkdaşlarına yüngül bədən xəsarəti yetirilməsi) və 229-cu maddəsi (rəsmi nümayəndələr xidməti borclarını yerinə yetirərkən onlara müqavimət göstərilməsi) üzrə soydaşımıza qarşı ittiham irəli sürülmüşdür. Bu maddələrə əsasən dövlətin nəfinə cərimə kəsilməsindən üç il müddətinədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
İkinci iş üzrə R.Səfərovun müdafiəsini vəkil Klara Fişer həyata keçirmişdir. Səkkiz saatlıq iclas zamanı şahidlərdən ikisi dindirilmişdir. Vəkilin onları ətraflı sorğu-suala tutması, habelə çarpaz dindirmə ifadələrdə çox ziddiyyətlər aşkara çıxarmışdır.
Bundan sonra hakim iclas iştirakçılarını R.Səfərovun işinə dair əsas sənədlərlə tanış etmişdir. Birinci iş üzrə aparılmış dörd məhkəmə-psixiatriya ekspertizasından çıxarışlar da oxunmuşdur.
Sonra söz prokurora verilmişdir. O, həmin işin prokurorluq üçün mürəkkəb olduğunu vurğulayaraq demişdir ki, müttəhim R.Səfərov öz ifadələrində ardıcıl olmuş və ifadə verərkən fəal əməkdaşlığı ilə fərqlənmişdir. Buna baxmayaraq, prokuror onu təqsirli bilərək, məhkəmədən konkret müddət göstərilmədən, hər iki maddə üzrə azadlıqdan məhrumetmə halında cəza kəsilməsini tələb etmişdir.
Vəkil Klara Fişer R.Səfərovu müdafiə edərək, saat yarımlıq çıxışında hakimin diqqətini şahidlərin ifadələrindəki ziddiyyətlərə yönəltmiş və çoxsaylı faktlar gətirmişdir.
R.Səfərov yekun sözündə əvvəllər verdiyi ifadələrini təsdiqləmişdir. O qeyd etmişdir ki, hadisə onun macar dilini bilməməsi üzündən baş vermişdir. Digər tərəfdən, bu, konkret keşikçilərin ona qərəzli münasibətinin nəticəsidir. Halbuki həmin fakt istisna olmaqla, onun istintaq təcridxanasında keçirdiyi 33 ay ərzində keşikçilərlə heç bir münaqişəsi olmamışdır. Bunu əks tərəf də təsdiqləmişdir.
Qısa fasilədən sonra hakim öz qərarını oxumuşdur. O, kifayət qədər dəlil olmadığına görə 170-ci maddə üzrə ittihamı rədd etmişdir. Lakin o demişdir ki, rəsmi nümayəndələr öz xidməti borcunu yerinə yetirərkən R.Səfərov onlara müqavimət göstərmişdir və buna görə məhkəmə ona 8 ay müddətinə şərti cəza kəsir. Əgər iki ay ərzində R.Səfərovun rəsmi nümayəndələrə müqavimət göstərməsi halları qeydə alınmasa, həmin cəza avtomatik surətdə ləğv ediləcəkdir. Hakim bildirdi ki, R.Səfərova qarşı birinci iş üzrə ittiham irəli sürülməsəydi, onu elə məhkəmə salonundaca azad edərdilər.
Hökm oxunduqdan sonra prokuror apelyasiya haqqında qərar qəbul olunması üçün üç gün vaxt istəmişdir. Müdafiənin vəkili müttəhimin razılığı ilə apelyasiya barədə ərizə vermişdir.
Məhkəmə iclasında Azərbaycanın Macarıstandakı səfirliyinin nümayəndələri də iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]