RAMİZ MEHDİYEV: RUSİYANIN AZƏRBAYCANA XEYİRXAH MÜNASİBƏTİ DƏYİŞMƏYİB VƏ BUNDA MARAQLIDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev başda olmaqla, ölkəmizin nüfuzlu nümayəndə heyəti Moskvada səfərdədir. Nümayəndə heyəti görkəmli dövlət xadimi və siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illiyinə həsr edilmiş təntənəli gecədə iştirak edəcəkdir.
Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri Rusiya paytaxtında olduğu müddətdə rusiyalı həmkarları ilə bir sıra görüşlər də keçirir.
Ramiz Mehdiyev AZƏRTAC-ın xüsusi müxbirinə məxsusi müsahibəsində demişdir:
-Heydər Əliyevin 85 illik yubileyinin Rusiyanın paytaxtı Moskvada qeyd edilməsi, heç şübhəsiz, böyük hadisədir. Xatirə gecəsini Rusiya tərəfinin təşkil etməsi Rusiyanın Azərbaycanla əməkdaşlığa, onunla strateji tərəfdaşlığa necə böyük əhəmiyyət verməsini bir daha təsdiqləyir.
Ramiz Mehdiyev onu da bildirmişdir ki, mayın 14-də Azərbaycan nümayəndə heyəti Rusiya Prezidenti Administrasiyasında görüş keçirmişdir. Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri demişdir: “Bizi Administrasiya rəhbərinin müavini, aparatın Nəzarət idarəsinə kuratorluq edən Aleksandr Beqlov qəbul etdi. O, Nəzarət idarəsinin işinin təşkili haqqında çox maraqlı və yeni məlumatlar verdi. Onlar praktik olaraq, ölkədə bütün sahələrdə - tikinti, sosial sahə, sənaye və müdafiə sahələrində baş verən bütün hadisələri nəzərdə saxlayırlar. Bu, çox faydalı təcrübədir və mən hesab edirəm ki, biz də bu təcrübədən istifadə etməli və ölkə üçün həyati əhəmiyyəti olan bütün strukturların fəaliyyətinə bu cür nəzarət sistemini təşkil etməliyik. Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkinlə də görüşümüz nəzərdə tutulur. Zənnimcə, bu görüş faydalı olacaq və biz təcrübə mübadiləsi aparacağıq”.
Ramiz Mehdiyev keçirilmiş görüşlərin yekunlarını ümumən yüksək qiymətləndirərək demişdir: “Bugünkü görüşlər və aparılmış danışıqlar göstərir ki, Rusiya Azərbaycana çox xeyirxah münasibət bəsləyir və bunda maraqlıdır”. R.Mehdiyev vurğulamışdır ki, Rusiya tərəfi iki ölkə arasında qarşılıqlı münasibətlərin bundan sonra da dinamik inkişaf edəcəyinə əmin olduğunu bildirmişdir.
######
