CƏMİYYƏT
Ramsey Hant sindromu üz iflicinə səbəb olur
Bakı, 14 iyun, AZƏRTAC
Herpes zoster otikus olaraq adlandırılan Ramsey Hant sindromu dəriyə və altındakı sinir hüceyrələrinə təsir edən dermatoloji xəstəlik növüdür. Sindrom ilk dəfə 1906-cı ildə professor Ramsey Hant tərəfindən kəşf edilib. Onun bu xəstəliklə bağlı məlumatları 2007-ci ilə qədər yayımlanmayıb. Ramsey Hant sindromu (RHS) ABŞ-da hər 100 min insandan beşində qeydə alınıb. Sindrom zoster virusu səbəbindən yaranır və bu virusa qarşı peyvənd xəstəliyin qarşısını ala bilər, lakin 100 faiz təsirli deyil. Zoster virusu insanlarda daha çox yayılmış iki xəstəliyə səbəb olur-suçiçəyi və zona.
Ramsey Hant sindromu isə bu virusun üz əzələlərini idarə edən sinir hüceyrələrinə yoluxması nəticəsində yaranır.
AZƏRTAC BBC-ə istinadla bildirir ki, bu sindromdan əziyyət çəkən bütün insanlar uşaqlıqda suçiçəyi keçirib. Onların bədənləri bu virusa qalib gəlsə də, virus hərəkətsiz formada sinir hüceyrələrində yaşamağa davam edə bilər. Xəstəliyin ən vacib əlamətlərindən biri virusdan təsirlənən üz əzələlərinin gücünü itirməsi və bu səbəbdən yaranan üz iflicidir. Digər simptomlara üz, qulaq, ağız və baş dərisində qabarcıqlar və qaşınma daxildir. Bəzi insanlar da eşitmə itkisi və şiddətli baş ağrıları müşahidə edilə bilər.
Suçiçəyi xəstəliyindən fərqli olaraq, Ramsey Hant sindromu yoluxucu deyil, lakin həkimlər xəbərdarlıq edir ki, bəzi hallarda virus bədəndə yaranan açıq yaradan digər insana yoluxa bilər.
Ramsey Hant sindromu nadir xəstəlik növlərindən biridir. ABŞ-da Nadir Xəstəliklər Təşkilatı bildirib ki, bu sindrom hər 100 min adamdan beşində baş verir. Kanadalı pop-ulduzu Justin Bieber paylaşdığı videoda Ramsey Hant sindromu səbəbindən üz iflici yaşadığını və buna görə konsertlərini ləğv etməli olduğunu deyib.
Həkimlər xəstəliyin diaqnozu üçün qan testi etməyi məsləhət görür. Müalicədə istifadə edilən üsullar arasında virus əleyhinə dərmanlar, ağrı kəsicilər və üz hərəkətləri var.
Xəstəlikdən əziyyət çəkənlərin əksəriyyəti tam sağalsa da, virus sinir hüceyrələrini zədələdiyi halda tam sağalma müddəti uzun çəkə bilər.
Bəzən xəstələrdə üz iflicinin və ya eşitmə itkisinin qalıcı olması mümkündür.