Regionlarda dermato-veneroloji və allerqoloji xidmətin keyfiyyəti yaxşılaşdırılır
Bakı,18 oktyabr, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB)-in Tibbi fəaliyyətin təşkili departamentinin Multidisiplinar tibbi xidmətin təşkili şöbəsinin təşkilatçılığı ilə regionlarda dermato-veneroloji və allerqoloji xidmətin keyfiyyətinin yaxşılaşdırılması, təşkilinə nəzarət məqsədilə Respublika Dəri-Zöhrəvi Mərkəzi, Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan 3 saylı Uşaq Dəri-Zöhrəvi Dispanseri və Nərimanov Tibb Mərkəzinin həkim-mütəxəssislərinin Lənkəran şəhərinə səfəri həyata keçirilib.
AZƏRTAC TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, səfər çərçivəsində rayon mərkəzi xəstəxanalarında dermato-veneroloji kabinetlərin fəaliyyətinin, xəstələr üçün təşkil edilən tibbi xidmətin ümumi dəyərləndirilməsi, həmçinin mürəkkəb, ağır xəstələrin qəbulu, onlara konsultativ-diaqnostik yardımların təşkili icra edilib.
Daha sonra ətraf regionlarda fəaliyyət göstərən dermatoloqlarla birgə infeksionist, terapevt, pediatr və digər əlaqəli ixtisası olan mütəxəssislərə dermato-veneroloji və allerqoloji xəstəliklərin fəsadları, beynəlxalq protokollara uyğun müasir müayinə və müalicə üsulları haqqında mühazirələr oxunub, sonda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.