ELM VƏ TƏHSİL
Rektor Dünya Robot Olimpiadasının qalibləri ilə görüşüb
Bakı, 23 noyabr, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Almaniyanın Dortmund şəhərində keçirilən Dünya Robot Olimpiadasında üçüncü yerə layiq görülən “SABAH” qruplarının "Platon Tech" komandasının üzvləri ilə görüşüb.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, rektor dünyada Azərbaycanın adını layiqincə təmsil etdiklərinə görə komanda üzvlərinə təşəkkür edib. Bildirib ki, komandanın daha da inkişaf etməsi üçün tələbələrə bundan sonra da bütün şərait yaradılacaq.
“Platon Tech” komandasının üzvləri AzTU-nun “SABAH” qruplarının informasiya texnologiyaları ixtisasının tələbələri Rüfət Şixiyev, Qabil Hüseynli və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Fərid Şixiyev onların olimpiadaya hazırlaşması üçün AzTU-nun "CezeriLab" laboratoriyasında yüksək şərait yaradıldığını bildiriblər. Tələbələr onlara göstərdiyi dəstəyə görə rektor Vilayət Vəliyevə təşəkkür ediblər.
Daha sonra çıxış edən AzTU SABAH mərkəzinin rəhbəri Aytən Sadıqova, komandanın mentoru Günel Məmmədli olimpiadaya hazırlıq prosesindən yarışın sonuncu gününə kimi universitet rəhbərliyinin xüsusi dəstəyinin olduğunu vurğulayıblar.
AzTU-nun İctimai şurasının sədri Osman Gündüz də Azərbaycanı yüksək səviyyədə təmsil etdikləri üçün komandaya təbriklərini çatdırıb.
Görüşün sonunda komanda üzvlərinə təşəkkürnamə və noutbuk təqdim olunub.
Xatırladaq ki, 76 ölkədən 2000-dən çox iştirakçının qatıldığı Dünya Robot Olimpiadasında həmyerlilərimiz “Future innovators senior” nominasiyası üzrə dünya üçüncüsü olublar.