Rektor Elçin Babayev: Azərbaycan-Vyetnam əməkdaşlığında ali təhsil müəssisələrinin rolu artır
Bakı, 30 iyul, AZƏRTAC
Paytaxtımızda keçirilən “Vyetnam günləri” çərçivəsində Bakı Dövlət Universitetində (BDU) Vyetnamdan gəlmiş yüksəksəviyyəli nümayəndə heyətinin universitetin professor-müəllim heyəti və tələbələri ilə görüşü təşkil olunub.
AZƏRTAC xəbər verir ki, bunu rektor Elçin Babayev BDU-da “Vyetnam – kimliyin melodiyası” adlı musiqili-mədəni proqram çərçivəsində jurnalistlərə müsahibəsində söyləyib.
Rektor bildirib ki, Azərbaycan ali məktəblərində təhsil almış minlərlə vyetnamlı məzun arasında 400-dən çoxu Bakı Dövlət Universitetinin yetirməsidir: “Həmin məzunlar müxtəlif illərdə Vyetnamda yüksək dövlət vəzifələrində təmsil olunublar. Onların sırasında Baş nazirin müavini, Milli Assambleya sədrinin müavinləri, Auditorlar Palatasının sədr müavini, universitet rektorları və digər tanınmış dövlət xadimləri yer alıblar. Bakı Dövlət Universiteti öz vyetnamlı məzunları ilə fəxr edir”.
BDU-nun rektoru qeyd edib ki, Azərbaycan-Vyetnam münasibətlərinin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Prezident İlham Əliyevin Vyetnama, Vyetnam rəhbərliyinin isə Azərbaycana səfərləri, həmçinin imzalanmış birgə bəyanat və digər sənədlər iki ölkə arasında əməkdaşlığın daha da inkişafına təkan verib. Mövcud münasibətlər humanitar sahədə, xüsusilə elm, təhsil və tədqiqat istiqamətlərində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaradır.
“Düşünürük ki, Azərbaycan-Vyetnam münasibətlərinin yeni inkişaf mərhələsində elm və ali təhsil müəssisələri də bu prosesə öz töhfələrini verməlidir”, – deyə rektor əlavə edib.
Elçin Babayev tədbirin rəsmi hissəsindən sonra Vyetnamdan gəlmiş sənətçilərin və BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin solistlərinin iştirakı ilə mədəni proqramın təqdim olunacağını bildirib. O qeyd edib ki, belə tədbirlər mədəniyyətlərarası dialoqun inkişafına və xalqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edir.
Müxbir - Nərmin Muradzadə