Rəqəmsallaşma və elektron xidmətlərin tətbiqi genişləndirilir
Bakı, 31 avqust, AZƏRTAC
Ölkəmizdə həyata keçirilən vergi siyasətinin əsas istiqamətlərindən biri vergi inzibatçılığında tətbiq edilən rəqəmsal yanaşmanın və həllərin daha da genişləndirilməsi və bu məqsədlə mövcud resurslardan maksimum səmərəli istifadə olunmasıdır. Vergi siyasəti rəqəmsal iqtisadiyyatda baş verən dəyişikliklərin tempinə və inkişafda olan iqtisadi mühitə uyğunlaşdırılır.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, DVX tərəfindən elektron xidmətlərin sayının genişləndirilməsi və bu xidmətlərin daha da müasirləşdirilməsi istiqamətində zəruri işlər həyata keçirilir.
Azərbaycanda uzun illərdir ki, vergi bəyannamələri elektron təqdim edilir, elektron vergi hesab-faktura sistemi tətbiq olunur, eyni zamanda, vergiödəyicilərinə 60-dan çox elektron xidmət göstərilir. Hazırda ölkə üzrə vergiödəyicilərinin 90 faizindən çoxu hesabat və bəyannamələrini elektron şəkildə təqdim edir. Sahibkarların öz vergi öhdəliklərini yerinə yetirməsi üçün vergi orqanları mövcud sistemin daha da sadələşdirilməsini təmin edən yeniliklər üzərində işləyir. Xidmət sistemi vergiödəyicilərinin gözləntilərinə və tələblərinə uyğun şəkildə təkmilləşdirilir.
Hazırda mikro və kiçik sahibkarların vergi öhdəliklərinin mobil tətbiqlər, yəni sadə mobil əlavələr vasitəsilə icra etməsi üçün müəyyən hazırlıq işləri aparılır. Əsas məqsədlərdən biri sahibkarların vergi orqanları ilə canlı təmaslarının minimuma endirilməsi, hər bir vergiödəyicisinin istənilən yerdən, istənilən vaxt, istənilən xidmətə çıxış əldə etməsini təmin etməkdir.
Yeni texnologiyaların tətbiqi dövlət xidmətlərinin ünvanlılığının təmin olunmasına, vergiödəyicisi ilə təmasların tam olaraq elektron formata keçirilməsinə, bu münasibətlərin tam şəffaflığına şərait yaradır. Yeni texnologiyalar vergi qanunvericiliyinə könüllü əməletmə səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. Bu, cəmiyyət və dövlət arasında qarşılıqlı etimadı artırmağa, vətəndaş məmnunluğunu yüksəltməyə, bütün tərəflər üçün iqtisadiyyatın şəffaflığını təmin etməyə xidmət göstərir.