RESPUBLİKA ƏLİLLƏRİN BƏRPA MƏRKƏZİ FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR
Mərkəzin maddi-texniki bazası daim möhkəmləndirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Yaponiyanın Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Əməkdaşlıq Təşkilatının reallaşdırdıqları layihə ilə bağlı Tokioda keçirilmiş müsabiqədə qalib gələn İTOÇU şirkəti respublikamıza fizioterapiya, funksional diaqnostika və digər tibbi avadanlıq gətirmişdir. Həmin avadanlıq Əlillərin Bərpa Mərkəzində, habelə Şağan qəsəbəsindəki müharibə əlilləri üçün müalicə pansionatında və Nərimanov rayonundakı Uşaq Reabilitasiya Mərkəzində quraşdırılmışdır. Layihədə nəzərdə tutulmuş tədbirlərə əsasən, Yaponiyanın qabaqcıl tibb universitetlərinin professorları Mərkəzin əməkdaşları üçün 45 günlük mühazirələr oxumuşlar. Keçirilmiş treninqlərin nəticəsində Mərkəzin əməkdaşlarına sertifikatlar təqdim olunmuş, üç əməkdaş isə bu ilin sentyabr-oktyabr ayında Yaponiyanın reabilitasiya mərkəzlərində təcrübə keçmişlər.
Baş həkim bildirmişdir ki, Mərkəzdə praktiki reabilitasiya ilə yanaşı, elmi işlər də aparılır. Bu işlər, reabilitasiya sahəsinə həsr edilmiş bir sıra nüfuzlu beynəlxalq konqreslərdə təqdim olunmuş, mükafatlara layiq görülmüşdür. Noyabrın 19-20-də Rusiyanın Samara şəhərində “Müharibə veteranları, lokal münaqişə iştirakçıları və onların ailələrinin reabilitasiyası”nın nəticələrinə həsr olunmuş müsabiqə keçirilmişdir. Müsabiqəyə keçmiş sovet respublikalarının reabilitasiya mərkəzlərindən 200-ə yaxın sənəd təqdim olunmuşdur. Həmin müsabiqədə respublikamızı təmsil edən Əlillərin Bərpa Mərkəzi və Bakı Ortopedik Protez Mərkəzi diplomlara və xüsusi pul mükafatlarına layiq görülmüşlər.