RESPUBLİKA HESABLAMA PALATASININ NÜMAYƏNDƏ HEYƏTİ MOSKVADA İŞGÜZAR SƏFƏRDƏ OLMUŞDUR
Azərbaycan Respublikası Hesablama Palatasının sədri Namiq Nəsrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyası Hesablama Palatasının sədri Sergey Stepaşinin dəvəti ilə Moskvada işgüzar səfərdə olmuşdur.
Rusiya Federasiyası Hesablama Palatasında keçirilən görüşdə S.Stepaşin başçılıq etdiyi qrumun fəaliyyəti barədə azərbaycanlı həmkarlarına ətraflı məlumat verərək demişdir ki, yaradıldığı qısa müddət ərzində Palata dövlətin büdcə-maliyyə siyasətinə real təsir göstərən konstitusiya orqanı kimi formalaşmışdır.
N.Nəsurullayev bildirmişdir ki, Azərbaycanda dövlət maliyyə-büdcə nəzarəti Prezident Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Məhz dövlətimizin başçısının təqdimatı ilə “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa 2001-ci ilin dekabr ayında əlavələr və dəyişikliklər olunmuş, Hesablama Palatasının səlahiyyətləri genişləndrilmişdir.
Son dövrdə Rusiya- Azərbaycan münasibətlərinin yeni səviyyəyə qalxdığını bildirən tərəflər, Hesablama Palatalarının da qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməsinin vacibliyini vurğulamışlar.
Səfər müddətində Azərbaycan nümayəndə heyəti Rusiya Dövlət Duması sədrinin müavini Georqi Boos ilə də görüşmüşdür. G.Boos demişdir ki, Milli Məclisə hesabat verən Azərbaycan Hesablama Palatası nümayəndə heyətinin Rusiya Federasiyasına səfəri ölkələrimiz arasında münasibətlərin və parlamentlərarası əlaqələrin genişlənməsinə daha bir sübutdur. O, ümidvar olduğunu bildirmişdir ki, bu səfər ölkələrimizin maliyyə və maddi resurslarının inteqrasiyası və kooperasiyası əsasında qarşılıqlı iqtisadi əlaqələrin və istehsal əlaqələrinin daha da inkişafına xidmət edəcəkdir.