Respublika Hospitalı “üz sipəri” ilə təmin olunub
Bakı, 29 aprel, AZƏRTAC
Təhsil Nazirliyinin “Bir” tələbə-könüllülərinin dəstəyi ilə Daxili İşlər Nazirliyi Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalı yüzlərlə “üz sipəri” ilə təmin olunub.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “STEAM Azərbaycan” layihəsi çərçivəsində COVID-19 pandemiyasından qorunmaq üçün tibbi heyətin istifadəsi məqsədilə 3D printerlərdə çap olunan “üz sipəri”nin istehsal prosesi davam etdirilir.
“Üz sipəri”nin hazırlanmasında istifadə olunan məhsullar ekoloji təmiz və insan həyatı üçün təhlükəsizdir. Bu qoruyucu sipər insanın üzünü tam örtməklə hava-damcı yolu ilə yayılan infeksiyalara qarşı müdafiə rolunu oynayır.
Qeyd edək ki, Təhsil Nazirliyinin “Bir” tələbə-könüllüləri koronavirus pandemiyası dövründə insanların ruh yüksəkliyini saxlamaq və bu dövrdə çalışan şəxslərə təşəkkür etmək üçün onlayn aksiyalar keçirir, qanvermə aksiyalarına donor kimi qoşulur, ehtiyacı olan şəxslərə yardımların çatdırılması, 65 yaşdan yuxarı insanlara sosial xidmət göstərilməsi işinə dəstək olurlar.
Təhsil Nazirliyinin “Bir” tələbə-könüllü proqramının 23 mindən çox üzvü var. Tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 550-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. Tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.