Respublika Seysmoloji Xidmət Mərkəzində Bakının seysmik riskinin qiymətləndirilməsi müzakirə edilib
Bakı, 4 oktyabr, AZƏRTAC
Almaniyanın “AS+P” şirkətinin nümayəndələri - Stefanie Vladka və Adem Tunca Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olublar. Görüşdə mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, baş mühəndis Rauf Muradov, seysmologiya şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru Tahir Məmmədli və mərkəzin digər əməkdaşları iştirak ediblər.
Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, RSXM-in baş direktoru Qurban Yetirmişli qonaqları mərkəzdə aparılan seysmik riskin qiymətləndirilməsi və Bakı şəhərinin seysmik mikrorayonlaşdırılması işləri haqqında məlumatlandırıb.
AS+P şirkətinin nümayəndəsi Stefanie Vladka isə bildirib ki, Bakı şəhərinin Baş Planı hazırlanarkən buradakı seysmik risk və həssas ərazilər mütləq nəzərə alınmalıdır. Həmçinin, palçıq vulkanlarının yaşayış ərazilərinə təsiri ilə bağlı amillərin də nəzərdən keçirildiyi diqqətə çatdırılıb. Görüşdə əməkdaşlıq məsələlərinə dair də fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Almaniyanın layihələndirmə şirkəti olan “AS+P” hazırda Bakı şəhərinin Baş planının hazırlanması işi ilə məşğul olduğuna görə, RSXM-də keçirilən görüşdə əsas müzakirələr paytaxt və Abşeron yarımadasında seysmik riskin qiymətləndirilməsi ilə bağlı olub.