RESPUBLİKAMIZIN HEYVANLAR ALƏMINƏ 18 MIN VƏHŞI HEYVAN NÖVÜ DAXİLDİR
Milli Məclisin aqrar siyasət daimi komissiyasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, respublikamızın heyvanlar aləminə 18 min vəhşi heyvan növü daxildir. Hazırda Azərbaycanda 340 növ quş, 100 növə yaxın vəhşi heyvan, 90 növə qədər balıq vardır. Ölkəmizdə heyvanlar aləminin mühafizəsi və qorunması üçün 14 dövlət qoruğu, 20 dövlət yasaqlığı, 12 ovçuluq təsərrüfatı, o cümlədən 2 dövlət ovçuluq təsərrüfatı, 2 vəhşi heyvan yetişdirmə məntəqəsi fəaliyyət göstərir.
Ov sahəsi respublikamızın 5,2 milyon hektar ərazisini əhatə edir. Vəhşi heyvan və quşların məskunlaşdığı bütün torpaq, meşə və su sahələri ovçuluq təsərrüfatı sahəsi kimi istifadə olunur.
Əfsuslar olsun ki, bu günə qədər ovçuluq təsərrüfatını nizamlayan müasir qanun olmadığı üçün bu sahədə də müəyyən problemlər yaranmışdır. Pərakəndə və özbaşına ovçuluq nəticəsində ölkəmizin flora və faunasına külli miqdarda ziyan dəymişdir. Adları Qırmızı Kitaba düşən bəzi nadir heyvan və quş növlərinin kökü kəsilmək üzrədir. Milli Məclisin aqrar siyasət və təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyaları “Ovçuluq haqqında” yeni qanun layihəsini işləyib hazırlamışdır. Layihə artıq parlamentin müzakirəsinə təqdim olunumşdur.
Azərbaycan Respublikası ərazisində ovçuluğun təşkili, ovçuluq fəaliyyətinin həyata keçirilməsi və təsərrüfatların idarə olunmasının hüquqi əsasları bu qanunla müəyyən ediləcəkdir.