ELM VƏ TƏHSİL
RESPUBLİKANIN ƏMƏKDAR MÜƏLLİMİ SƏYYARƏ ZEYNALOVANIN ÇIXIŞI
Ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi son dərəcə aktual bir problem kimi bütün təhsil işçilərinin qarşısında duran mühüm və məsul bir vəzifə olmaqla yanaşı, ictimaiyyəti də düşündürən və narahat edən bir məsələdir. Bu fikri söyləyən respublikanın əməkdar müəllimi SƏYYARƏ ZEYNALOVA bildirdi ki, Prezident Heydər Əliyev ötən il ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal toplamış gənclərlə görüşdə orta təhsilin keyfiyyətinin yüksəldilməsinin ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən bir məsələ olduğunu xüsusi vurğulamışdır.
Natiq dedi ki, son illərdə Bakı şəhərinin ümumtəhsil məktəblərində müasir təlim metodları və yeni pedaqoji texnologiyaların tətbiqi sahəsində xeyli işlər görülmüş, müsbət təcrübə toplanmışdır. İşlədiyim Sabunçu rayonunun Nardaran qəsəbəsində 1296 yerlik müasir tipli yeni məktəbin, Ramana və Pirşağı qəsəbələrində məcburi köçkün ailələrindən olan uşaqlar üçün hər biri 192 yerlik iki məktəbin inşası sakinlərin böyük sevincinə səbəb olmuşdur.