RESPUBLİKANIN ENERJİ TƏCHİZATINDAKI PROBLEMLƏRLƏ ƏLAQƏDAR AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN SƏDRLİYİ İLƏ MÜŞAVİRƏ
Dekabrın 19-da Prezident sarayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə ölkəmizin enerji təchizatı problemlərinə həsr olunmuş geniş müşavirə keçirilmişdir.
Azərbaycan Prezidenti Heydər Əliyev müşavirəni giriş nitqi ilə açdı.
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN GİRİŞ NİTQİ
Son günlər Azərbaycanda qış, həqiqətən, öz qışlığını göstərir. Biz belə uzunmüddətli soyuq havalara alışmamışıq. Amma eyni zamanda, bu il verilən proqnozlar artıq onu göstərir ki, qış soyuq keçəcəkdir. Biz bunu indidən görürük. Neçə gündür havalar soyuyub?
ARTUR RASİZADƏ \baş nazir\: Cənab Prezident, dekabr ayının birindən.
HEYDƏR ƏLİYEV: Demək, hava bizim yaşayışımız baxımından soyuyub, əslində isə o qədər də soyumayıbdır. Çünki gərək həmişə qış qış olsun, yay yay olsun, yaz da yaz olsun. Təəssüf ki, bəzən Azərbaycanda qış lazımi qədər qar, yağış gətirmir. Bu da, ümumiyyətlə, bizim kənd təsərrüfatına, onun inkişafına zərər vurur.
İndiki halı o qədər də pis qiymətləndirmək olmaz. Ancaq eyni zamanda, bizim bu şəraitə öyrənişli olmamağımız, xüsusən, Bakıda müəyyən çətinliklər, problemlər yaradıbdır.
Məsələn, mənim xatirimdə deyil, - hər halda mən 60 illik dövr haqqında danışa bilərəm, - uzun illər Bakıda belə qar, belə soyuq görməmişdim. Ancaq statistiklərin məlumatına görə, Bakıda belə qış, belə soyuq hava 100 il bundan öncə olubdur. Eybi yoxdur, indi bu, bizim də qismətimizə düşübdür. Bu da pis deyil, ona görə bundan şikayətlənmək olmaz. Amma eyni zamanda, mən qeyd etdim ki, bu müəyyən problemlər yaratdı. Çünki, adətən, bizim təşkilatların qışa hazırlıq proqramları müəyyən bir çərçivəni əhatə edir. Baxmayaraq ki, ötən illərdə biz heç vaxt görməmişdik ki, bizim təşkilatların hamısı qışa hazırlıqlı gəlmiş olsunlar.
İndi isə belə bir vəziyyətə hazırlığı olmayan həm Bakı, həm də ümumiyyətlə, respublika çətinliklər keçirir. Ancaq məlumdur ki, ötən illərə, o cümlədən keçən ilə nisbətən əhalini istiliklə təmin etmək üçün imkanlarımız daha çoxdur. Həm elektrik enerjisi, həm də qaz daha çoxdur. Amma buna baxmayaraq, görünür ki, bəzi yerlərdə işin yaxşı təşkil olunmaması nəticəsində, bəzi hallarda da energetika qurğularımızın belə ağır şəraitə tab gətirə bilməməsi nəticəsində, bir çox hallarda isə buraxılan səhvlər, yol verilən nöqsanlar, səhlənkarlıq nəticəsində problemlər yaranır.
Mən vəziyyətlə hər gün maraqlanıram. Mənə deyirlər ki, çətinliklər var, amma vəziyyət normaldır. Ancaq mən dünən axşam ANS televiziya kanalına baxırdım. Yəqin görmüsünüz, orada bir neçə kadr göstərdilər. Birincisi, qaçqınların yaşadığı yerdə elektrik enerjisi olmadığına görə, - Əli Həsənovu görmürəm, buradadır, - onlar gəlib haradasa küçəni kəsmişdilər. Amma Əli Həsənovla mən vaxtaşırı danışıram. O deyir ki, hər şey qaydasındadır, hər şey yerindədir. Təbiidir ki, bu məsələlər barədə baş nazirlə gündə bir neçə dəfə danışıram. O da çalışır ki, mənə vəziyyəti, ümumiyyətlə, müsbət xarakterizə etsin. Qaçqınlardan savayı, dünən televiziyada göstərilən Bakının hansı rayonları idi, yığışmışdılar, çox şikayət edirdilər ki, uzun müddətdir elektrik enerjisi yoxdur, yaşaya bilmirik.
HACIBALA ABUTALIBOV \Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı\: Cənab Prezident, Səbail rayonunun 20-ci yaşayış sahəsində, əsasən, qazdan şikayət edirdilər.
HEYDƏR ƏLİYEV: Biri ora idi. Deyəsən, başqa yerdən də kadr göstərdilər.
HACIBALA ABUTALIBOV: Bəli, orada da qaçqınlar yalnız işığın olmamasından narazılıq ediblər. 20-ci sahədə isə qəza olub, indi “Azəriqaz” Səhmdar Cəmiyyəti ilə birlikdə işləyirik.
HEYDƏR ƏLİYEV: İş də bundadır ki, belə vəziyyətdə, nədənsə, tez qəza olur. Mən nədənsə deyəndə, müəyyən qədər anlayıram ki, ekstremal vəziyyətdə ola bilər, bizim müəyyən borularımız, qurğularımız, elektrik xətlərimiz dözmürlər. Bu, ola bilər. Amma təkcə bununla əlaqədar deyildir. Bir də deyirəm, hazırlığın lazımi səviyyədə olmaması ilə əlaqədardır, buraxılan səhvlərlə əlaqədardır. İndi mən bilmirəm, burada kimi günahlandırım. Günahlandırmağa gələndə, hamını günahlandırmaq lazımdır. Çünki bu işlərlə, demək olar ki, hamı məşğul olur və xüsusi məşğul olanlar var. Bu işlə birinci növbədə bizim Nazirlər Kabineti məşğul olur, müvafiq nazirliklər, təşkilatlar məşğul olurlar. Bakı şəhəri üzrə, təbiidir ki, bunlarla yanaşı, Bakı Şəhəri İcra Hakimiyyəti, hər rayonun icra hakimiyyətinin başçıları məşğul olurlar. Ona görə də burada məsuliyyət çoxlarının üzərinə düşür. Çoxlarının üzərinə düşəndə də, belə anlama var ki, o da günahkardır, mən də günahkaram. Neyləyək, vəziyyət belədir. Bu, düzgün deyildir. Biz konkret günahkarları da bilirik və onların da haqqında lazımi ölçü götürə bilərik.
Soyuq hava bundan sonra davam edəcək. Amma nə vaxta kimi davam edəcəkdir?
ARTUR RASİZADƏ: Proqnozlara görə, dekabr ayının 21-nə qədər davam edəcəkdir.
HEYDƏR ƏLİYEV: Ondan sonra mülayimləşəcək?
ARTUR RASİZADƏ: Hələlik dəqiq məlumat yoxdur, amma ümumiyyətlə, Siz dediyiniz kimi, bu qış soyuq keçəcək, qarlı, küləkli olacaqdır. Təkcə bizdə yox, ümumiyyətlə, hər yerdə belədir.
HEYDƏR ƏLİYEV: Sən bununla nə demək istəyirsən?
ARTUR RASİZADƏ: Bu, təbiətin işidir.
HEYDƏR ƏLİYEV: İş bundadır ki, biz Azərbaycanda gərək təbiətdən razı olaq. Son iki-üç ildə dünyanın müxtəlif yerlərində o qədər fövqəladə hallar olur, nə bilim, böyük-böyük şəhərləri su basır, qar yağır, qarın altında qalırlar, qasırğa, külək şəhərləri, yaşayış məntəqələrini vurub dağıdır, başqa şeylər. Bunları televiziya ilə dünyanın müxtəlif regionlarında görürük. Biz gərək Allahımıza şükür edək ki, indiyə qədər belə şeylərlə rastlaşmamışıq. İndi isə bizim vəziyyətimiz mürəkkəbləşəndə özümüzə təskinlik verək ki, bu, təkcə bizdə deyil, hər yerdə belədir? Hərənin öz işi, öz məsuliyyəti var.
Bax, buna görə də nəzərə alaraq ki, havaların belə soyuq keçməsi davam edəcək, - ola bilər, bir az mülayimləşsin, yaxud ola bilər, bir az da kəskinləşsin, - heç kəs arxayınlaşmasın ki, ayın 21-dək belə olacaq, bir təhər onu-bunu edim, ayın 21-i ötsün, sonra hava mənim üzümə güləcək. Belə fikirləşmək düzgün olmazdı. Bax, bunları nəzərə alaraq, mən tapşırmışdım, baş nazir srağagün müşavirə keçirdi. Onlar iki saatdan artıq müzakirə apardılar. Amma mən belə başa düşdüm ki, orada əsas Bakının problemləri, qazanxanaların işi ilə məşğul olmusunuz. Mən tapşırmışdım ki, hər halda, lazımi tədbirlər görülsün.
İndi mən bu gün sizi dəvət etmişəm ki, birincisi, vəziyyəti təhlil edək, ikincisi, baxaq, hansı tədbirlər görmək lazımdır. Burada bir neçə adam məlumat verməlidir. Birinci növbədə, “Azərenerji”nin prezidenti Etibar Pirverdiyev, “Azəriqaz”ın prezidenti Əlixan Məlikov, sonra Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev məlumat verməlidirlər.
X X X
Söz “Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevə verildi.
“Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti
Etibar Pirverdiyevin çıxışı
- Möhtərəm cənab Prezident!
Energetika sahəsinə Sizin göstərdiyiniz daimi diqqət və qayğı sayəsində Azərbaycan öz müstəqil energetika sistemini yaratmağa nail olmuşdur. Son illər energetika sahəsində həyata keçirilmiş bir neçə layihə haqqında qısaca olaraq məlumat vermək istəyirəm.
2000-2001-ci illərdə 1 nömrəli Bakı istilik elektrik mərkəzində hər birinin gücü 53 meqavat olan iki qaz-turbin qurğusu işə salınmışdır.
2000-ci ildə Yenikənd SES-də hər birinin gücü 37,5 meqavat olan 3 hidroturbin işə salınmışdır. Hazırda orada bu cür daha bir qurğu quraşdırılır. Bu qurğu işə salındıqdan sonra stansiyanın ümumi gücü 150 meqavat olacaqdır.
2002-ci ilin dekabr ayında “Şimal” DRES-də MDB məkanında oxşarı olmayan 400 meqavatlıq buxar-qaz qurğusu tikilib istifadəyə verilmişdir. Bu qurğunun tikintisi 1998-ci ilin fevral ayında Yaponiyaya səfəriniz zamanı bu ölkənin dövlət və hökumət başçıları ilə apardığınız uğurlu danışıqlar nəticəsində mümkün olmuşdur.
Bu layihələrin həyata keçirilməsi Sizin uğurlu daxili və xarici siyasətiniz sayəsində respublikamızda yaranmış siyasi və iqtisadi sabitliyin nəticəsində mümkün olmuşdur.
Hazırda Azərbaycanın enerji sistemində 6 istilik və 5 su elektrik stansiyası fəaliyyət göstərir. Onların ümumi istehsal gücü 5 min meqavat, o cümlədən istilik elektrik stansiyaları üzrə 4 min meqavat, su elektrik stansiyaları üzrə isə 1000 meqavat təşkil edir.
Möhtərəm Prezident!
Sizin rəhbərliyiniz altında energetika sahəsində aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan özünü elektrik enerjisi ilə tam şəkildə təmin etməyə qadirdir.
Müqayisə üçün bildirmək istəyirəm ki, qonşu Gürcüstan və Ermənistan birlikdə elektrik enerjisi üzrə 1700 meqavatdan az istehsal gücünə malik olduğu halda, Azərbaycanda bu sahənin faktiki istehsal gücü 4 min meqavatdan artıqdır.
İran İslam Respublikasına Sizin son səfəriniz zamanı iki ölkə arasında energetika sahəsində bir neçə mühüm razılıq, o cümlədən Astara-Astara xəttinin, İmişli-Parsabad xəttinin ikinci növbəsinin tikintisi, Naxçıvan Muxtar Respublikasına verilən elektrik enerjisinin həcminin artırılması haqqında razılıq əldə edilmişdi. “Azərenerji” Səhmdar Cəmiyyəti Sizin yüksək səviyyədə əldə etdiyiniz bu razılıqları həyata keçirərək, son aylarda Naxçıvan Muxtar Respublikasına ötürülən elektrik enerjisinin həcmini 30 meqavat artırmışdır.
Astara-Astara xəttinin tikintisinə yaxın günlərdə başlanacaqdır. 2003-cü ilin mart ayında bu xəttin istifadəyə verilməsi planlaşdırılır. Xəttin istismara verilməsi respublikanın cənub rayonlarını etibarlı elektrik enerjisi ilə təmin etməyə imkan verəcəkdir.
İmişli-Parsabad xəttinin tikintisinə 2003-cü ildə başlamaq haqqında niyyət protokolu imzalanmışdır. Bu xəttin tikintisi 2004-cü ildə başa çatdırılmalıdır.
Möhtərəm Prezident!
Cari ilin avqust ayında Azərbaycan energetikləri Sizin bu sahəyə qayğınızı bir daha hiss etdilər. Sizin göstərişinizlə energetika sistemində təmir-bərpa işləri aparmaq üçün vəsait ayrıldı. Bunun nəticəsində ölkənin energetka sistemində 600 meqavatlıqdan çox, o cümlədən təkcə “Azərbaycan” DRES-də 400 meqavatlıq güc qurğuları bərpa olunmuşdur. Bunun nəticəsidir ki, enerji sistemi sərt qış şəraitində artan tələbatı ödəyir.
2002-ci ilin 11 ayında respublikanın energetika kompleksində 17,66 milyard kilovat/saat elektrik enerjisi istehsal olunub istehlaka verilmişdir. Bu isə keçən ilin müvafiq dövründəkinə nisbətən 11 faiz çoxdur. Bu il dekabr ayının 15 günündə 20 faizə qədər artım olmuşdur.
Möhtərəm Prezident!
Hazırda 4 min meqavat istehsal gücünə malik olan “Azərenerji” respublikamızın istehlakçılarını elektrik enerjisi ilə tam şəkildə təmin etmək iqtidarındadır. Bununla yanaşı, energetika sahəsində yaxın gələcəkdə həll olunacaq bir necə problem də mövcuddur. Bunlar birinci növbədə bizim yüksək gərginlikli xəttlər və yarımstansiyalara aiddir. Bu sahələr üzrə bir neçə mühüm layihə həyata keçirilərsə həmin problemlər həll olunacaqdır. Mövcud xətlərin və yarımstansiyaların bəzilərinin hazırkı vəziyyəti müasir tələblərə cavab vermir. Məsələn, hazırda “Azərbaycan” DRES-də 2 min meqavatdan artıq enerji istehsal etmək imkanımız vardır. Ancaq bu gün mövcud xətlərimiz və yarımstansiyalarımız bu qədər enerjini ötürməyə imkan vermir. Yəni biz cəmisi 1800 meqavatdan bir qədər artıq enerjini istehlakçılarımıza çatdırmaq iqtidarındayıq.
Bizim enerji sisteminin əsas problemlərindən biri də dispetçer sisteminin müasir tələblər səviyyəsində olmamasıdır. Ötən əsrin 70-ci illərində Azərbaycanda Sizin rəhbərliyiniz altında o zaman üçün ən müasir dispetçer mərkəzi yaradılmışdı. Lakin hazırda bu dispetçer mərkəzi müasir tələblərə cavab vermir. Sizin göstərişinizə əsasən “Azərenerji” Səhmdar Cəmiyyəti artıq xarici maliyyə təsisatları ilə danışıqlar aparır və Almaniyanın “KFW” Bankı ilə əldə olunmuş razılığa əsasən 2003-cü ildə yeni dispetçer mərkəzinin yaradılmasına başlayacağıq.
Cənab Prezident!
Dekabr ayında hava şəraitinin kəskin şəkildə dəyişməsi respublikamızın elektrik enerjisinə tələbatında müəyyən problemlər yaratmışdır. Buna baxmayaraq, biz energetiklər əlimizdən gələn hər şeyi edirik ki, bu problemlər vaxtında və qısa müddətdə aradan qaldırılsın.
Yüksək gərginlikli elektrik xətlərində enerjinin ötürülməsində açılmalar və qəzalar keçən ilin müvafiq dövrü ilə müqayisədə artmamışdır. Düzdür, paylayıcı elektrik şəbəkələrində müvafiq dövrə nisbətən açılmalar nisbətən çox olmuşdur. Bu, yarımstansiyaların, birinci növbədə paylayıcı şəbəkələrdəki xətlərin ifrat dərəcədə yüklənməsi ilə bağlıdır.
2003-2004-cü illərdə energetika sahəsində nəzərdə tutulan bir neçə mühüm perspektiv layihə haqqında məlumat vermək istəyirəm. “Şimal” DRES-də 400 meqavatlıq ikinci buxar-qaz qurğusunun tikintisinə hazırda kredit ayrılması istiqamətində Yaponiya İnkişaf Bankı ilə danışıqlar aparılır.
1 nömrəli Sumqayit istilik-elektrik mərkəzinin ərazisində gücü 400-450 meqavat olan buxar-qaz tipli qurğunun tikintisi layihəsi üzrə Almaniyanın “Alstom” və “Siemens”, Avstriyanın “VATEX”, Türkiyənin “NKA” şirkətləri ilə danışıqlar aparılmaqdadır.
HEYDƏR ƏLİYEV: Danişiqlar aparılır, onun vəsaiti haradan əldə olunacaqdır? Yaponiya aydındır, onun hökuməti kredit ayırmaq niyyətindədir. İndi görək ayıracaqdır, yoxsa yox?
ARTUR RASİZADƏ: Cənab Prezident, buna ümid vardır, əsaslı ümid vardır.
HEYDƏR ƏLİYEV: Amma o birisi, sən dediyin vəsaiti haradan alacaqdır?
ETİBAR PİRVERDİYEV: Maliyyə təsisatları ilə danışıqlar aparılmalıdır. Vəsaitin mənbəyi hələ məlum deyildir.
HEYDƏR ƏLİYEV: Gərək bunu aydınlaşdırasınız. Əvvəlcə vəsaitin mənbəyi aydınlaşdırılmalıdır, ondan sonra... Təbiidir, eyni zamanda onu da, bunu da etmək olar. Ancaq vəsaitin mənbəyi əldə edilməsə, o danışıqların heç birinin əhəmiyyəti yoxdur. Ola bilər, o şirkətlər, hansıların ki, siz adlarını çəkirsiniz, onların özləri də bu işi aparmağa maraqlıdırlar. Ola bilər ki, onlar da bu vəsait mənbələrinin axtarılıb tapılmasında kömək etsinlər, bizimlə bir yerdə olsunlar. Amma bu iş kompleks şəkildə olmalıdır.
ETİBAR PİRVERDİYEV: “Azərbaycan” DRES-də 1 və 8-ci blokların yenidən qurulması... Bu layihənin maliyyələşdirilməsində Avropa Yenidənqurma və İnkişaf Bankı ilə ilkin razılıqlar əldə edilmişdir.
Almaniyanın KFW bankı tərəfindən 15 milyon dollar məbləğində kreditin ayrılması 12 sistemtəşkiledici yarımstansiyada gücləndirmə işlərinin aparılmasına imkan verəcəkdir. Bu kredit hesabına milli dispetçer sisteminin yaradılmasının birinci mərhələsinin həyata keçirilməsi də nəzərdə tutulmuşdur.
HEYDƏR ƏLİYEV: Kredit nə vaxt ayrılacaqdır?
ETİBAR PİRVERDİYEV: Belə düşünürük ki, 2003-cü ilin mart ayına qədər ayrılacaqdır.
ARTUR RASİZADƏ: Bu, faktiki olaraq həll edilibdir. Bu bizə təzə elektrik xətlərinin, yarımstansiyaların tikintisində böyük kömək olacaqdır. Onun icrasına gələn ildən başlanılmalıdır.
ETİBAR PİRVERDİYEV: Cənab Prezident, Sizi və müşavirə iştirakçılarını Azərbaycan energetikləri adından əmin etmək istəyirəm ki, “Azərenerji” Səhmdar Cəmiyyəti payız-qış mövsümünə zəruri hazırlıq tədbirlərini lazımi səviyyədə görmüşdür. Havaların kəskin surətdə dəyişməsinin energetiklər qarşısında müəyyən problemlər yaratmasına baxmayaraq, biz əminik ki, bu çətinliklərin öhdəsindən vaxtında gələcəyik. Eyni zamanda energetika sisteminin inkişafı üçün bizim qısa və uzunmüddətli proqramlarımız vardır. Əminik ki, bu proqrama daxil olan layihələr, bilavasitə Sizin rəhbərliyiniz altında yaxın gələcəkdə uğurla həyata keçiriləcəkdir.
HEYDƏR ƏLİYEV: “Azərenerji”də, oradakı o bərbad vəziyyət ki vardı, o dözülməz vəziyyəti, hansına ki, biz, təəssüflər olsun ki, xeyli müddət dözdük. Səni oraya təyin edəndə belə fikir vardı ki, sən onların hamısını orada qaydaya salacaqsan. Orada indi apardığın işlər, hesab edirsən ki, bizim sənin qarşında qoyduğumuz vəzifələri təmin edib, yoxsa yox?
ETİBAR PİRVERDİYEV: Cənab Prezident, biz o problemlərin, demək olar ki, 80-90 faizinin öhdəsindən gəlmişik. Yəni, böyük struktur dəyişiklikləri, islahatlar aparılmış, maliyyə sahəsində müəyyən islahatlar həyata keçirilmişdir. Bu bizə imkan verəcəkdir ki, cari ilin payız-qış aylarının belə sərt keçməsinə baxmayaraq, mövsümdən ölkəmizi lazımi səviyyədə çıxaraq, respublikanın istehlakçılarını enerji ilə tələb olunan qaydada təmin edək.
HEYDƏR ƏLİYEV: Baxmaq lazımdır, bəlkə əvvəl Yaqub Eyyubov baxsın, oturub təhlil edin, o vaxtdan bu yana oradakı vəziyyətin kökündən dəyişdirilməsi üçün və təbiidir ki, nöqsanların aradan qaldırılması, çox çirkin işlərin aradan qaldırılması və sair barədə görülən işlər qaneedicidirmi, yoxsa yox? Sən bəlkə oturub hesabat yazasan, siz orada oturub bir təhlil edin, müzakirə edin. Lazım gəlsə, lap baş nazir bu işlə məşğul olsun, sonra mənə deyin. Yoxsa ki, elə biz o vaxt bunun qarşısında vəzifəni qoyduq. İndi bu da deyir ki, onu etmişəm, bunu etmişəm. Amma nə edib, nə etməyib siz yaxşı bilirsiniz. Ancaq tamam hər şey edilibmi, yoxsa yox?
YAQUB EYYUBOV: Cənab Prezident, aydındır. Sizin tapşırığınızla biz bu məsələ ilə məşğul olmuşuq. Biz Sizə rəsmi qaydada məruzə edəcəyik.
HEYDƏR ƏLİYEV: Mən bir də sənə tapşırıram. Bəli, məruzə hazırlayın, mənə rəsmi qaydada yazılı məlumat verin. Nə işlər görülüb, müsbət dəyişikliklər nədən ibarətdir və nə işlər görülməlidir?
YAQUB EYYUBOV: Baş üstə, bu yaxınlarda Sizə məruzə edəcəyik.
HEYDƏR ƏLİYEV: Çünki, bu təşkilat, bu sistem, indi görürsünüz, Azərbaycanın həyatının normal fəaliyyət göstərməsi üçün əsas təşkilatdır. Elektrik enerjisiz heç nə mümkün deyildir. Məşğul olun.
Yaxşi, sən deyirsən bu il, demək, keçən ildən artıq elektrik enerjisi istehsal edirik. Bizim elektrik stansiyalarının sayı da, onların gücü də artıbdır. Bəs onda niyə hər yeri elektrik enerjisi ilə lazımi qədər təmin edə bilmirik. Sən dedin ki, Azərbaycanda bütün elektrik stansiyalarının 5 min meqavat gücü var. Elədirmi? 5 min meqavatdan istifadə olunmur, dediyinə görə, 4 min meqavatdan istifadə etmək olar. Elədirmi?
ETİBAR PİRVERDİYEV: Bəli, cənab Prezident.
HEYDƏR ƏLİYEV: İndi sənin yazılı arayışından mən oxudum ki, bu il bu şaxtalı günlərdə siz 3820 meqavata qədər elektrik enerjisi istehsal etmisiniz. Amma bu 3820 meqavat elektrik enerjisini istehsal edib onu istehlakçılara çatdırmısınız, yoxsa yox? Bu rəqəmlər sizdə var? Yoxsa, siz həmişə deyirsiniz, bizim stansiyaların gücü bundan ibarətdir, biz bu qədər elektrik enerjisi istehsal edirik. Amma istehsal etdiyiniz o elektrik enerjisinin nə qədəri gedib istehlakçıya çatır? İtkiləriniz nədən ibarətdir? Onu çox az yada salırsınız. Bu itkilər nə üçündür? Siz də bilirsiniz, mən də bilirəm ki, əgər bu itkilər olmasaydı, bəlkə də indi o elektrik enerjisi gücləri ki, sizdə var, onunla Azərbaycanın tələbatını tamamilə təmin edə bilərdiniz. Düzdür, yoxsa yox?
ARTUR RASİZADƏ: Cənab Prezident, düzdür. Amma indiki vəziyyətdə, baxmayaraq ki, bu itkilər hələ bizdə çoxdur, bu da ayrı bir məsələdir, gərək onunla ciddi məşğul olaq. Bunu da etməyə başlayıblar. Son məlumatlara görə, 20 faiz elektrik enerjisi itkisi var. Sovetlər İttifaqı dövründə enerji itkisi 8 faizdən 9 faizə qalxanda aləm dağılırdı. Siz bunu yaxşı bilirsiniz.
HEYDƏR ƏLİYEV: Bəli.
ARTUR RASİZADƏ: İndi itkini 20 faizə endirmişdir. Elədirmi?
ETİBAR PİRVERDİYEV: Bəli, elədir. 20 faizə qədər itkilərimiz vardır.
HEYDƏR ƏLİYEV: Sovetlər vaxtında isə...
ARTUR RASİZADƏ: 8, 9, maksimum 12 faiz idi. Cənab Prezident, Siz çox vacib məsələyə toxundunuz. O xətlər ki tikiləcək, o paylayıcı şəbəkələr lazımi səviyyəyə qalxandan sonra o itkilər də aşağı düşəcəkdir. Amma indi istehsal olunan elektrik enerjisi, sözsüz ki, əhaliyə, sənayeyə və başqa sahələrə çatdırılır. Çünki enerji elə şeydir ki, onu nə gizlətmək, nə də başqa bir şey etmək olar.
HEYDƏR ƏLİYEV: Bizə çatdırırlar ki, məsələn, çox yerlərdə şikayət var ki, elektrik enerjisi almırlar. Rayonların bəzilərinə enerjini fasilələrlə verirsiniz. Nə bilim, axşam verirsiniz, gecə vermirsiniz. Bunun nəyi yaxşıdır?
ARTUR RASİZADƏ: Cənab Prezident, xətlərin yüklənməsi artanda şəhərarası transformatorlarda gərginlik çoxalır və onlar dözmürlər.
HEYDƏR ƏLİYEV: Dayan, mən ondan soruşmaq istəyirdim, amma sən araya girdin, hamısına sən cavab verirsən.
ARTUR RASİZADƏ: Siz məni qaldırdınız...
HEYDƏR ƏLİYEV: Yox, mən səndən sadəcə öyrənmək istədim, görüm sən nə fikirdəsən. Sən onun əvəzinə cavab verirsənsə, ver. Eybi yoxdur, onu səndən soruşacağam. Yəni, o transformatorlar o qədər artan gücü ötürə bilmir, gərək bizim elə transformatorlarımız olsun ki, elektrik enerjisinə təlabat artan vaxtlarda onlar bunu təmin edə bilsinlər. Düzdür, yoxsa yox?
ARTUR RASİZADƏ: Tamamilə düzdür.
HEYDƏR ƏLİYEV: Amma bu yoxdur.
ARTUR RASİZADƏ: Siz sadaladığınız səbəblərə görə yoxdur. Bir tərəfdən imkan daxilində tədbirlər görülmür, amma o biri tərəfdən bu ekstremal yüklərdir, bu da vaxt və çox böyük əsaslı vəsait qoyuluşu tələb edir.
HEYDƏR ƏLİYEV: Amma üçüncü tərəfdən, bizim adətən bu tikinti aparanlar, quraşdırıcılar heç vaxt ekstremal vəziyyəti nəzərə almırlar. Əksinə, onlar o layihədə olandan da bir az qırtırlar, kəsirlər, öz ciblərinin xeyrinə. Ona görə də layihədə olan imkan da reallıqda olmur.
ARTUR RASİZADƏ: Belə hallar da var.
HEYDƏR ƏLİYEV: Belə hallar çoxdur.
ARTUR RASİZADƏ: Yeni inşa edilən binalar da bir problemdir. O dəfə bu məsələ mənim yanımda qaldırıldı. Allaha şükür, yaxşı haldır ki, təzə, hündür binalar inşa edilir. Göz dəyməsin. Bunu başqa yerlərlə müqayisə etmək olmaz. Amma eyni zamanda, yenə də həmin mövcud qurğulardan bu binalar enerji ilə təmin olunur. Texniki şərtlər hazırlanarkən gərək bu məsələlər də nəzərə alınsın.
HEYDƏR ƏLİYEV: Bu, çox düzgün məsələdir. Yeni binaların tikilməsi, bəlkə də bu, müzakirə edilən məsələyə aid deyildir, amma əlaqəsi vardır. Yeni binaların inşasının belə sürətlə getməsi, - mən bir neçə dəfə demişəm, sən də deyirsən, - təbiidir ki, çox müsbət haldır. Ancaq hər bir yeni bina əgər 20 mərtəbəlidirsə, bilmirəm neçə mənzillidirsə, əgər orada müasir tələblərə uyğun istilik sistemi, yaxud da ki, su təminatı yaranıbsa, - hətta bəziləri deyirlər ki, mərkəzləşdirilmiş kondisioner sistemi yaradılırsa, - demək onlar köhnə binalardan da çox enerji istehlak edəcəklər. Ona görə də, yoldaş Hacıbala Abutalıbov, sən o layihələri ki təsdiq edirsən, - sənin müavinin möhürünü vurub ora verir, - o layihələrin hamısı böyük ekspertizadan keçməlidir.
HACIBALA ABUTALIBOV: Möhtərəm Prezident, başa düşürəm. Amma elektrik enerjisinin, suyun, qazın da texniki şərtlərini bizə onların özləri verirlər. Biz deyirik, verməyin, müəyyənləşdirin, əgər yoxunuzdursa, texniki şərtlərə qol çəkməyin. Qol çəkməsələr, mən sərəncam verə bilmirəm. Amma təəssüf ki, gedirlər onların yanına, onlar da...
HEYDƏR ƏLİYEV: İndi sənə nə lazımdır versinlər, sən sərəncam verə biləsən, yoxsa verməsinlər?
HACIBALA ABUTALIBOV: Mənə lazımdır ki, əgər qazı, elektrik enerjisi, suyu varsa versin, yoxdursa verməsin.
HEYDƏR ƏLİYEV: İndi sən bunu müəyyən edə bilmirsən?
HACIBALA ABUTALIBOV: Onlarin özlərinin tələbatından asılıdır.
HEYDƏR ƏLİYEV: Necə yəni, onların özlərinin tələbatından asılıdır? Sən ekspertizadan keçirt. Yox, bu düz deyir?
ARTUR RASİZADƏ: Düz deyir.
HEYDƏR ƏLİYEV: İndi, axı məni məcbur etməyin deyim ki, bu işlər hər yerdə belə asanlıqla keçmir axı. Ona rüşvət verir, buna rüşvət verir, gedib başqasına da rüşvət verirlər. Nəticədə, ev tikiləndə biz sevinirik. Amma sonra bu evlərin nə qədər əziyyətini siz çəkəcəksiniz. Eyni zamanda həmin o energetika sistemi, qaz sistemi çəkəcəkdir. O qaz sisteminin başında duranlar bilməlidirlər ki, əgər onların işçiləri müəyyən bir şəxsi mənafe əldə edərək, elə o sənədləri imzalayırlarsa, bu çox pis vəziyyətə gətirib çıxaracaqdır. Mən belə sözlərimlə istəmirəm ki, o sənəd imzalayanlara daha da imkan verəm ki, onlar desinlər, gördünüz, Prezident nə dedi. İndi bu rüşvəti bir qat yox, ikiqat verməlisiniz. Mən bundan da qorxuram. Dərd burasındadır ki, hansı tərəfə fırlanırsansa, qorxursan. O dəqiqə gördüm, mən hiss etdim ki, bunun hansı mənfi nəticəsi ola biləcəkdir. Amma onsuz da mümkün deyil. Demək, sən gərək ona da, buna da yol verməyəsən.
HACIBALA ABUTALIBOV: Baş üstə.
HEYDƏR ƏLİYEV: Priverdiyev, sən, - bunun təşkilatları verir, - yoxsa onu kimlər verir?
HACIBALA ABUTALIBOV: Elə təşkilat var ki, onunku verir. Əsasən “Barmek” verir.
HEYDƏR ƏLİYEV: İndi “Barmek” verir?
HACIBALA ABUTALIBOV: Bəli, texniki şərtləri “Barmek” verir.
HEYDƏR ƏLİYEV: “Barmek” də verirsə...
ARTUR RASİZADƏ: Elektrik enerjisinin şərtlərini “Barmek”, qazın şərtlərini “Azəriqaz”ın təşkilatları verir, suyu isə Abşeron Səhmdar Su Cəmiyyəti verir.
HEYDƏR ƏLİYEV: Yaxşi, qoy görək bu nə deyir.
ETİBAR PİRVERDİYEV: Cənab Prezident, 100 kilovata qədər olan texniki şərtlər əvvəllər Bakı Şəhər Elektrik Şəbəkəsi Səhmdar Cəmiyyəti tərəfindən verilirdi. Hazırda həmin texniki şərtlər “Barmek” şirkəti tərəfindən verilir. Ancaq 100 kilovatdan yuxarı olduqda, bu şərtlər “Azərenerji” Səhmdar Cəmiyəti tərəfindən verilir.
HEYDƏR ƏLİYEV: Siz verirsiniz, demək, siz məsuliyyət daşıyırsınız.
ETİBAR PİRVERDİYEV: Bəli, texniki şərtlərin verilməsinə görə biz məsuliyyət daşıyırıq.
HEYDƏR ƏLİYEV: Daha da yaxşıdır ki, siz verirsiniz. Çünki siz texniki şərtləri verərkən bilməlisiniz ki, elektrik enerjisi ilə bunları real təmin edə biləcəksiniz, yoxsa yox? Elədirmi?
ETİBAR PİRVERDİYEV: Cənab Prezident, elədir.
HEYDƏR ƏLİYEV: Onda məsuliyyət sizin üzərinizdədir.
ETİBAR PİRVERDİYEV: Ancaq qeyd etmək istərdim ki, yeni tikilən binaların əksəriyyətində təhlil göstərir ki, onlarda ödənişlərin səviyyəsi 90 faizdən yuxarıdır. Yəni yeni tikilmiş binalarda ödənişlərin səviyyəsi olduqca yuxarıdır. Demək olar ki, onlar sərf etdikləri elektrik enerjisinin pulunu təxminən 100 faiz ödəyirlər. Onların hamısı ödəniş qabiliyyətli abonentlərdir.
HEYDƏR ƏLİYEV: Lap yaxşı. Ödəniş qabiliyyəti yaxşıdırsa, lap yaxşı. Amma sənin ora elektrik enerjisi vermək imkanın gərək sabah transformatorları partlatmasın. Başa düşürsənmi? Mən o barədə söhbət aparıram. O barədə yox ki, onlara elektrik enerjisi verilməsin. Verilsin. Amma o binalar tikiləndə yeni transformator şəbəkələri yaradasan ki, - onlar enerji pulunu ödəyirlərsə, demək pulları da çoxdur, çoxlu da elektrik enerjisi istifadə edəcəklər,- onlar bunu edəndə sənin transformatorların yenə partlamasın. Transformatorun partlayanda onların heç biri onu təmir etməyə, yaxud dəyişdirməyə gəlib pul verməyəcəkdir.
ARTUR RASİZADƏ: Cənab Prezident, şirkətlər çalışırlar ki, tikilən binaların maya dəyəri az olsun. Bu, təkcə o binalara aid deyil, başqalarına da aiddir. Amma biz tələb etməliyik ki, su, qaz, elektrik enerjisi istəyirsənsə, yeni transformator quraşdırmalısan.
HEYDƏR ƏLİYEV: Bəli, quraşdır. Özü də mən görürəm, bəzi hallarda şirkətlər bir yerdə 3-4 bina tikirlər. Əgər bir yerdə 20 mərtəbəli, yaxud 15 mərtəbəli 3-4-5 bina tikirlərsə, demək orada, təbiidir ki, yeni bir transformator quraşdırmaq lazımdır.
ARTUR RASİZADƏ: Kanalizasiyadan başlamaq şərtilə transformator da olmalıdır.
HEYDƏR ƏLİYEV: Hamısı olmalıdır.
HACIBALA ABUTALIBOV: Baş üstə.
HEYDƏR ƏLİYEV: Yaxşı. Sən bu ev məsələləri ilə əlaqədar araya girdin, məni əsas istiqamətdən çıxartdın, yaxşı biz nə vaxt deyəcəyik ki, bizim 5 min meqavat elektrik enerjisinin hamısını demirəm, 4 min meqavat elektrik enerjisi istehsal etmək imkanımız var. 4 min meqavat da elektrik enerjisini yerlərə, bunun istehlakçılarına çatdırmaq imkanımız var. Biz buna nə vaxt nail olacağıq? Hə?
ETİBAR PİRVERDİYEV: Cənab Prezident, bir neçə il öncə, əgər bir qədər geri dönsək, 1969-cu ilə qədər Azərbaycanın energetika sistemi özünün enerjiyə olan tələbatının 40 faizini idxal edirdi. 1969-cu ildən sonrakı dövrdə, demək olar ki, 10 il ərzində ölkəmizin enerji sistemi elə gücə malik oldu ki, özünü elektrik enerjisi ilə tam təmin edə bildi.
HEYDƏR ƏLİYEV: Bunlari düz deyirsən. Biz Mingəçevir DRES-i əgər tikməsəydik, o blokları inşa etməsəydik, başqa elektrik stansiyalarını yaratmasaydıq, indi heç belə söhbət də apara bilməzdik. Heç bir şeyimiz yox idi. Onları ki, biz ötən əsrin 70-80-ci illərində yaratdıq və beləliklə, biz burada çox güclü elektrik enerjisi potensialı yaratmışıq. İndi siz deyirsiniz ki, onların bəziləri köhnəlib, bəzilərini təmir etmək lazımdır, hər il də vəsait ayırırıq. Ondan əvvəlki il də vəsait ayrılmışdı. Bir dəfə 18 milyon dollar dediniz, götürdünüz.
ARTUR RASİZADƏ: Keçən il 55 milyard manatdan artıq vəsait ayrılıbdır. Bu il də 35 milyard manat.
HEYDƏR ƏLİYEV: 35 milyard manat ayrılıbdır. Bu vəsaitdən istifadə edib energetika qurğularını təmir etmək lazımdır. Amma eyni zamanda, biz yeni elektrik stansiyaları tikirik. İndi məsələn, həmin o 1 nömrəli istilik-elektrik mərkəzi, onun gücü 100 meqavatdan çoxdur. Elədirmi?
ETİBAR PİRVERDİYEV: 106 meqavatdır.
HEYDƏR ƏLİYEV: Gərək daim 100 meqavat elektrik enerjisi versin. Amma o tez-tez dayanır, normal işləmir. Düzdür, deyirlər ki, yaxşı buxar verir və bunun hesabına Əhmədli yaşayış massivi istilik alır. Elədirmi, yoxsa yox?
HACIBALA ABUTALIBOV: Bəli, Əhmədli qəsəbəsi, bütün o massiv istilik alır.
YAQUB EYYUBOV: Cənab Prezident, mən də bayaqkı məsələyə aydınlıq gətirmək istəyirəm. Burada nəsə belə məlumat getdi, mən başa düşdüm ki, o qədər də aydın olmadı. Deyə bilmərəm, bu Hacıbala müəllimin dövründə belə olub. Bu, həmişə belə olub. İndi mən bu məlumatı bilmirəm, amma texniki şərtləri almaq məsələsi necə olur. Əvvəlcə yeri alırlar, pul verirlər, tikirlər. Ondan sonra məlum olur ki, bina tikilib. Deyirlər ki, gəlin texniki şərtləri alaq. Kanalizasiyaya, suya, elektrik enerjisinə, qaz şəbəkəsinə qoşulaq. Oradakı avadanlıq, xətlər axı, buna dözmür. Demək istəyirəm ki, əvvəlcədən şərtlər alınmır ki, sonra da bina tikilsin. Binanı tikirlər, sonra gəlib texniki şərtləri alırlar. Bu, keçmişdə olan məsələlərdir. Ona görə də mən aydınlıq gətirmək istəyirdim. Hacıbala müəllimin işlədiyi dövrü mən deyə bilmərəm. Bilirəm ki, Hacıbala müəllim belə məsələlərdə qətiyyətlidir. Ona görə də bu neqativ hallar məcburiyyətdən baş verir. Evi inşa edən şirkət məcburdur ki, pul verib onu istismara versin. Pul verir və texniki şərtləri alır və gəlir həmin məsələni həll edir. Bakıdakı 1 nömrəli istilik elektrik mərkəzini Siz çox düzgün dediniz. Orada çoxlu boşdayanmalar olur. Burada tikilmiş qurğu texniki nasazlığa və çatışmazlığa görə dayanır. Sizin tapşırığınızla biz onu araşdırırıq və bayaq dediyim kimi, Sizə məruzə edəcəyik.
HEYDƏR ƏLİYEV: Yaxşi, aydındır.
Pirverdiyev, sualım yadından çıxmayıbdır ki, cavab ver. Mənim yadımdan çıxmayıbdır.
ETİBAR PİRVERDİYEV: Cənab Prezident, yadımdan çıxmayıbdır. Elektrik enerjisinin istehsalından onun istehlakçılara çatdırılması arasında bir neçə mərhələ vardır. Yəni bu birinci növbədə elektrik enerjisinin istehsalından, onun yüksək gərginlikli xətlərə verilməsindən...
HEYDƏR ƏLİYEV: Bunlarin hamısı aydındır, bunlar gündəlik məsələlərdir.
ETİBAR PİRVERDİYEV: Bizim istehsal güclərimiz imkan verir ki, respublikamızda istehlakçılara lazım olan qədər elektrik enerjisi istehsal edək. Yüksək gərginlikli elektrik ötürücü xətlərimiz imkan verir ki, - burada xətlərin müəyyən enerji ötürmə həddləri var, - həmin enerjini ötürək. Ancaq paylayıcı elektrik şəbəkələrində bu gün bizim müəyyən problemlərimiz vardır. Bu problemlərin yerlərdə səbəbləri çoxdur. Bunlar məhəllələrdə qoyulmuş transformatorlardan tutmuş, böyük yaşayış massivlərini əhatə edən transformatorlara qədər, onların ifrat yüklənməsi ilə bağlıdır.
Cənab Prezident, bir də mən texniki itkilərlə bağlı Sizin əvvəlki sualınıza qayıtmaq istəyirəm. Keçmiş SSRİ dövründə Cənubi Qafqaz ölkələri üçün qoyulmuş texniki itki həddi demək olar ki, ən yüksək normativ idi. Bizdə 13 faizə qədər texniki itki nəzərdə tutulurdu. Yəni, Azərbaycan ən çox texniki itki nəzərdə tutulmuş respublikalardan biri idi.
HEYDƏR ƏLİYEV: Artur Rasizadə deyir ki, 8 faizdən yuxarı olanda...
ETİBAR PİRVERDİYEV: Başqa yerlərdə 7-8 faiz olurdu. Ancaq Cənubi Qafqaz respublikalarında 12-13 faizə bərabər idi. Hazırda paylayıcı elektrik şəbəkələrində bu rəqəm 17-20 faiz həddindədir. İtkilər birinci növbədə elektrik şəbəkələrinin köhnəlməsindən yaranır. Ən başlıcası isə belə hava şəraitində transformatorların həddindən artıq az, yaxud həddindən artıq çox, ifrat dərəcədə yüklənməsi nəticəsində baş verir. İtkilərin əsas səbəbləri bunlardır. Yüksək gərginlikli elektrik xətlərində bizim itkilərimiz normativlər üzrə 3,5-4 faiz olmalıdır. Bizdə bu rəqəm 4,5 faizə bərabərdir. Əlbəttə ki, itkilər azalmalıdır. İtkilərə çox böyük istehsal xərcləri gedir.
HEYDƏR ƏLİYEV: Yaxşi, əyləş.
ARTUR RASİZADƏ: Cənab Prezident, açılmalar olacaqdır. Siz yaxşı bilirsiniz ki, nə etsək də açılmalar yenə də olacaqdır. ABŞ-ın Florida kimi bir ştatı bu səbəbdən işıqsız qalmışdı. Bu, həqiqətdir. Amma bu o demək deyildir ki, biz bu təcrübəni götürüb özümüzdə tətbiq edək. Söhbət bundan getmir. Real baxsaq, açılmalar olacaqdır. İndi o dərəcədə mürəkkəb proseslər gedir ki, Florida ştatı neçə gün işıqsız qalmışdı. Amma görülən və yerinə yetirilməsini nəzərdə tutduğumuz işlər bu məsələnin həllinə xeyli kömək edəcəkdir. Biz ildə ödənilməyən enerji haqqına görə 230 milyon ABŞ dolları itiririk. Biz bu problemi həll etsək nə qədər irəliləyiş olar.
HEYDƏR ƏLİYEV: Biz elektrik enerjisindən istifadə edənlərdən ildə 230 milyon dollar ala bilmirik?
ARTUR RASİZADƏ: Bunun 165 milyonunu birbaşa əhali, yerdə qalanını isə müəssisələr ödəməlidir.
HEYDƏR ƏLİYEV: Əlbəttə ki, əgər bunların heç olmasa yarısı olsa bu məsələlərin çoxunu qaydaya salmaq olar. Amma sən hər dəfə Floridadan danışırsan, bir az da keçsə Alyaskadan danışacaqsan.
ARTUR RASİZADƏ: Florida çox mülayim iqlimi olan yerdir.
HEYDƏR ƏLİYEV: Aydindir, aydındır. Mən özüm Floridada olmuşam. Sən oradan, buradan danışırsan. Ancaq indi biz, mənə elə gəlir ki, yeganə ölkəyik ki, elektrik enerjisini veririk, onun dəyərini ala bilmirik.
ARTUR RASİZADƏ: Cənab Prezident, bəli, mən bunu təəssüflə qeyd edirəm.
HEYDƏR ƏLİYEV: Yeganə ölkəyik.
ARTUR RASİZADƏ: Bəli, cənab Prezident. Əgər maraqlıdırsa mən rəqəmlərə toxunum.
HEYDƏR ƏLİYEV: Yaxşi, bunları sonra deyərsən, məsələni qarışdırmayın.
"AZƏRİQAZ” SƏHMDAR CƏMİYYƏTİNİN PREZİDENTİ
ƏLİXAN MƏLİKOVUN ÇIXIŞI
-Möhtərəm cənab Prezident!
Hörmətli müşavirə iştirakçıları!
Yanacaq-enerji sektoru hər bir ölkənin iqtisadiyyatında xüsusi yer tutmaqla, əhalinin sosial vəziyyətinə və məişət şəraitinə böyük təsir göstərir. Bu baxımdan iqtisadiyyatın və əhalinin enerji daşıyıcıları və o cümlədən təbii qazla təminatı mühüm əhəmiyyət kəsb edir. Ona görə də bu sahələr ölkə rəhbərinin daim gündəlik diqqət mərkəzindədir.
Bu diqqətin nəticəsidir ki, hələ 2000-ci ilin iyun ayında möhtərəm Prezidentimiz cənab Heydər Əliyev tərəfindən “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” Fərman imzalamış və bu fərmanda “Azəriqaz” Səhmdar Cəmiyyətinə də konkret tapşırıqlar verilmişdir. Bu tapşırıqlardan əsasən idxal qazının elektrik stansiyalarına çatdırılması, qaz almayan rayon mərkəzlərinə qaz verilməsinin bərpa edilməsini qeyd etmək lazımdır.
Möhtərəm cənab Prezident!
Şəxsən Sizin göstərişinizə əsasən Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə bu məqsəd üçün vəsait ayrılmış və magistral qaz kəmərlərində əsaslı təmir işləri aparılması sayəsində bizdə texniki imkan yaranmışdır ki, idxal qazını istənilən həcmdə və təzyiqdə elektrik stansiyalarına çatdıraq. Bu günədək həmin stansiyalara 7 milyard 400 milyon kubmetr qaz çatdırılmışdır. Biz 2001-ci il üçün 4 milyard kubmetr qaz alınmasına dair müqavilə imzalamışdıq. İndi onu qəbul etməyə texniki imkan yaranıbdır. Hətta həmin rəqəmi ildə 6 milyard kubmetrə çatdırmaq imkanımız var.
Digər tərəfdən, qeyd etmək lazımdır ki, bu gün görülmüş əlavə təmir-bərpa işlərinin nəticəsində 32 rayon mərkəzinə qaz verilmişdir. Biz həmin fərman imzalanana qədər Bakı, Sumqayıt və respublikamızın 16 rayon mərkəzinə qaz verirdiksə, bu gün əlavə 32 rayonu qazla təmin etmişik. Bu rayonlara ümumilikdə verilən qazın illik həcmi 200-250 milyon kubmetr təşkil edir.
Bakının qaz təchizatı ilə bağlı qeyd etmək istəyirəm ki, 2001-ci ilin qış mövsümündə biz şəhərə hər gün maksimum 9,3 milyon kubmetr qaz vermişdiksə, bu ilin dekabr ayında paytaxtımıza 9,7 milyon kubmetr qaz veririk. Bu, keçən ilin müvafiq dövründəkindən 400 min kubmetr artıqdır.
Lakin demək lazımdır ki, Bakıda müəyyən problemlər var. Bu da əsasən Bakıya və digər rayonlara qaz verilməsi ilə bağlıdır. Biz müəyyən etdiyimiz limitə əsasən abonentlərə qazı çatdırırıq. İstixanalarla bağlı problem var ki, bu da qazla təminata böyük təsir göstərir.
HEYDƏR ƏLİYEV: İstixanalarda nə qədər qaz istifadə olunur? Axşam ANS televiziya kanalında göstərirdilər, mən baxdım. Ucu-bucağı olmayan istixanalar, borular uzanıbdır, hər yanda da qaz yanır.
ARTUR RASİZADƏ:Cənab Prezident, min dənə istixana var, sayı da artır. Bu istixanalar sutkada təxminən 800 min kubmetr qaz işlədilir. Yəni Gəncə, Mingəçevir və Şamaxı bir yerdə bu qədər qaz işlədir.
ƏLİXAN MƏLİKOV: Keçən il 2-2,5 min istixana fəaliyyət göstərirdi.
HEYDƏR ƏLİYEV: Yaxşı, indi bunu nə edək?
YAQUB EYYUBOV: Cənab Prezident, qaz yansa da, binalara istilik getmir. Ona görə camaat elektrik avadanlığından istifadə etmək məcburiyyətində qalır.
ƏLİXAN MƏLİKOV: Söhbət istixanalardan gedir.
ARTUR RASİZADƏ: Dərd ondadır ki, ödənişlər sıfır dərəcəsindədir.
ƏLİXAN MƏLİKOV: Keçən mövsümdə istixanalardan yığım 2 faiz təşkil edirdi.
HEYDƏR ƏLİYEV: Nə qədər olmalı idi?
ƏLİXAN MƏLİKOV: Keçən il qeydiyyatda 2 min 842 istixana olubdur. Onların işlətdiyi qaz mövsüm ərzində 70 milyon kubmetr edir. 7 milyard 600 milyon manat əvəzinə, 164 milyon manat vəsait ödənilibdir. Cəmi 2 faiz.
HEYDƏR ƏLİYEV: İş təkcə bunun dəyərində deyil, 7 milyard manat da çox puldur. Amma iş bunda deyil. İş ondadır ki, əgər o olmasa, sən deyirsən, Gəncə, Mingəçevir, Şamaxı təmin oluna bilir. İndi mən səndən soruşacağam, Abutalıbovdan da soruşacağam. Bakının çox yerlənidə qaz yoxdur. Sən dediyin, 20-ci sahənin camaatı qazdan şikayət edirdilər.
ARTUR RASİZADƏ: Bəli. Bəzi yerlərdə qaz yoxdur, amma istixanalarda var.
ƏLİXAN MƏLİKOV: Cənab Prezident, istixanaları magistral qaz kəmərləri qəsəbəyə daxil olan yerin ətrafında qurulurlar. İçərilərə doğru getdikcə qaz azalır, orada yaşayanların evində qaz yanmır.
HEYDƏR ƏLİYEV: Yaxşı, indi qəsəbə bir icmadır. Bunlar müəyyən edə bilmirlər ki, qaz onların evinə gəlsin, yaxud istixanaya, Oturub qərar çıxara bilmirlərmi? Bizim icra hakimiyyətlərinin başçıları nə edirlər?
ƏLİXAN MƏLİKOV: Biz yerli icra hakimiyyətlərinin başçıları ilə birlikdə dəfələrlə ağsaqqallarla görüş keçirmişik. Məsələ qoyuruq ki, tutaq ki, sutkada limit 100 min kubmetrdir. Biz bu 100 min kubmetri veririk. Ağsaqqallar desinlər ki, bu qaz ancaq evlərdə yanmalıdır, əgər istixanada yansa, onda qaz olmayacaqdır.
HEYDƏR ƏLİYEV: Axı, elə istixana sahiblərinin özünün də evində yanmır. Onlar qazı istixanada yandırırlar, amma evlərində yandırmırlar.
ƏLİXAN MƏLİKOV: Bəli, tamamilə düzdür.
HEYDƏR ƏLİYEV: Yəqin evinə başqa yerdən balonla qaz alıb gətirir. Nə oldu, onlar bu məsələni həll etdilərmi?
ƏLİXAN MƏLİKOV: Yox. Edə bilmirlər. Çünki deyirlər ki, bizim dolanışıq yerimiz buradır. Biz bunu ləğv edə bilmərik. Digərləri, hansılar ki, evində qaz yandıra bilmirlər, tələb edirlər ki, yox, istilikxanada yanmamalıdır. Yəni bir qərara gələ bilmirlər.
HEYDƏR ƏLİYEV: Özləri məsələni həll edə bilmirlər.
ƏLİXAN MƏLİKOV: Bəli, həll edə bilmirlər. Ya qaz tam bağlanmalıdır, yaxud da həcmi artırılmalıdır. Buna da imkan yoxdur.
HEYDƏR ƏLİYEV: Yaxşı, davam et.
ƏLİXAN MƏLİKOV: Bakı şəhərinin qaz təminatı ilə bağlı müəyyən texniki nasazlıqlar da ortaya çıxır. Dünənki faktla bağlı deiym ki, Səbail rayonunun 20-ci sahəsində qazın olmaması həqiqətən qəza hadisəsi ilə bağlı olmuşdur. Orada iş gedir və iki günə qaz veriləcəkdir.
Ümumiyyətlə, Bakı şəhərində qazla təminatı etibarlı etmək üçün magistral qaz kəmərlərində müəyyən qədər təmir işləri aparılıbdır. Yaponiyanın ayırdığı kredit hesabına hazırda magistral qaz kəməri çəkilir. Gələn ilin iyun ayında istifadəyə veriləcəkdir. O, Bakının fasiləsiz qazla təminatına zəmin yaradacaqdır.
HEYDƏR ƏLİYEV: İndi, havaların kəskin dəyişdiyi dövrdə Bakı şəhəri qazla tamam təmin olunur, yoxsa yox?
ƏLİXAN MƏLİKOV: Cənab Prezident, yox, olunmur.
ARTUR RASİZADƏ: Bəli, olunmur.
HEYDƏR ƏLİYEV: Bəs, əgər öz paytaxtımızı təmin edə bilmiriksə, nəyi yaxşıdır? Axı, bizim bu qədər qazımız var. Özümüzün qazımız nə qədərdir?
ƏLİXAN MƏLİKOV: 4 milyard kubmetr.
HEYDƏR ƏLİYEV: 4 milyarddan çoxdur. İndi Natiq Əliyev deyəcəkdir. Rusiyadan nə qədər alırıq?
ARTUR RASİZADƏ: Təxminən gündə 14 milyon 900 min kubmetr, amma 15 milyon olmalıdır. Dövlət Neft Şirkəti 12 milyon 100 kubmetr verir.
HEYDƏR ƏLİYEV: Şəhərə?
ARTUR RASİZADƏ: Ümumi respublikaya. Bir də yeraltı anbardan 4 milyon 500 min kubmetr götürülür. Bu, bizim ehtiyatımızdır. Bu ehtiyat Bakıya, yeni qaz almış rayonlara, sənaye müəssisələrinə bölünür. Bakıya 9 milyon 700 min kubmetr qaz verilir. Amma havaların belə keçməsinə görə problem var. Elə öz işçilərimdən soruşuram, bəzilərinin evində qaz zəif yanır. Biz məcbur olduq ki, səmərəli işləməyən qazanxanaları bağladıq. Hacıbala müəllim bunu deyəcək. Bilirsiniz, qaz istifadə olunur, amma nəticəsi yoxdur, batareyalar soyuqdur. Çünki suyun hərarəti 80-90 dərəcə olmalıdır. Ona görə fikirləşdik ki, onsuz da camaat elektrik enerjisindən istifadə edir, o qazanxanaları bağlayaq, qazı başqa yerlərə verək.
HEYDƏR ƏLİYEV: Bunlar hamısı onu göstərir ki, biz lazımi qədər hazırlıqlı deyilik. İndi gərək, heç olmasa, paytaxt üçün, Bakı üçün etibarlı tədbirlər görək ki, hansı ekstremal vəziyyət yaranır-yaransın, paytaxt təmin olunsun. Axı, belə olmaz!
ARTUR RASİZADƏ: Cənab Prezident, haqlısınız. Amma bir reallıq da ondan ibarətdir ki, ehtiyatımız bu qədərdir. Tələbat artdıqca, gərək nəyin hesabınasa qaz alaq. Bizim yataqlarda qazımız var. Onlar proqram tutublar.
HEYDƏR ƏLİYEV: Var, sən o gün mənə deyirdin. İşləmək, çıxarmaq lazımdır. Bunlar gələcəyin işidir. Ancaq Bakıya nə qədər qaz verilir, bu qaz istehlakçıya nə qədər çatır, əgər bunları müqayisə etsən, görəcəksən ki, itki elektrik enerjisindən də çoxdur. Sən özün deyirsən ki, srağagün müzakirə aparmısan. Qazanxana işləyir, qızır, orada da beş-altı adam kürəyini verib qızdırır, bəzən oradan su da götürüb istifadə edir, amma evə qaz gəlmir. Demək, itkidir. Elədirmi, yoxsa yox?
ARTUR RASİZADƏ: Bəli, elədir.
HEYDƏR ƏLİYEV: Sən özün dünən mənə dedin ki, nə qədər qazanxananı bağlayırsınız.
HACIBALA ABUTALIBOV: Cənab Prezident, dünən 4 qazanxana bağlanıbdır. Çünki 20-30 dərəcədən yuxarı su vermir.
HEYDƏR ƏLİYEV: Yaxşı, su vermir, onu bağla. Qazı birbaşa yaşayış evinə ver.
ƏLİXAN MƏLİKOV: Cənab Prezident, biz 2003-cü ilin tələbatına uyğun balans hazırlamışıq. Düzdür, hələ ona baxılır. Bizə əlavə 1,5 milyard kubmetr qaz tələb olunur ki, təminatı ödəyək.
HEYDƏR ƏLİYEV: Əlavə qaz tələb olunur, amma əlavə pul da tələb olunur. İndi baxaq görək, mümkün olsa, əlavə alacağıq.
ARTUR RASİZADƏ: Qazin pulu respublika üzrə 50 faiz, Bakıda 38 faiz ödənir.
HEYDƏR ƏLİYEV: Rayonlara verdiyin qazın pulunu 100 faiz ödəyirlər?
ARTUR RASİZADƏ: Bəli, 87-90 faiz ödənir.
ƏLİXAN MƏLİKOV: Qaz yeni verilən 32 rayonda ödəniş 89-90 faiz təşkil edir. Əvvəldən qaz alan 16 rayonda ödəniş 48,6 faiz təşkil edir. Sumqayıt şəhəri 31 faizə, Bakı 42 faizə qalxıbdır. Ümumilikdə, bu ilin yekununa görə 48 faiz təşkil edir. 2001-ci ildə isə ümumi respublika üzrə 32,5 faiz təşkil edirdisə, indi 48 faizə çatıbdır.
HEYDƏR ƏLİYEV: Qəribədir, insanlar dəyişilibdir, nədir?! Biz, Bakıda qədimdən yaşayan adamlar həmişə öyrənmişik ki, qazdan, sudan istifadə edirsənsə, bunun pulunu vermək lazımdır. İndi Bakıya kənardan gələnlər var, qaçqınlar, filanlar var, onlar bu sistemə öyrənməyiblər və bəlkə imkanları da yoxdur. Amma Bakıda əhalinin əksəriyyəti daimi, köklü yaşayan insanlardırlar. Nə təhər olur ki, qazdan, elektrik enerjisindən, sudan istifadə edir, pulunu vermirlər?
ARTUR RASİZADƏ: Cənab Prezident, biz qazın 1000 kubmetrini 54 dollara alırıq. Əhaliyə isə 7,9 dollara satırıq.
HEYDƏR ƏLİYEV: Rusiyadan qazın 1000 kubmetrini 54 dollara alırıq, əhaliyə və bütün istehlakçılara 7,9 dollara satırıq. Elədir? Burada da bütün ağırlıq hökumətin üzərinə düşür.
ARTUR RASİZADƏ: Cənab Prezident, Sizinlə axırıncı dəfə Kişinyov Sammitində olduğumuz zaman mən Moldovanın baş nazir ilə görüşdüm. Bu məsələyə xüsusi diqqət yetirdim. Moldova Rusiyadan təxminən 2 milyard kubmetr qaz idxal edir. Bu qazın 1000 kubametrinin qiyməti 52-54 dollardan 80 dollara qədərdir. Qazı əhaliyə həmin qiymətə satır və haqqını 100 yaiz yığırlar.
HEYDƏR ƏLİYEV: Orada əhalinin maddi vəziyyəti də Azərbaycandakından xeyli aşağıdır.
VAHİD AXUNDOV \iqtisadi siyasət üzrə dövlət müşaviri\: Cənab Prezident, Sizin yaxşı yadınızdadır, cörəklə də belə problem oldu. Nə qədər taxıl alırdıq, yenə də cörək qıtlığı vardı.
HEYDƏR ƏLİYEV: Elədir.
VAHİD AXUNDOV: İndi deyirlər ki, qaz azdır. Mən əminəm ki, nə qədər qaz idxal etsək, yenə də çatmayacaqdır. Çünki, prinsipcə, qaz təchizatının idarə edilməsi düzgün qurulmayıbdır. Əsas bundan başlamaq lazımdır. Birincisi, sayğac olmayan yerdə nə qədər qaz versəniz də ona nəzarət etmək mümkün deyildir. İkincisi, ödəniş sistemi düzgün qurulmayıbdır. Nəzarətçilər qapı-qapı gəzib pul yığırlar. Bu pulun hansı hissəsi dövlətə catır, hansı hissəsi də ciblərdə qalır, məlum deyildir. Tezliklə ödəniş sistemində islahatlar aparmaq lazımdır. Onda əminəm ki, 8 milyard kubmetr qaz bəs edəcəkdir.
HEYDƏR ƏLİYEV: Fərhad Əliyev, qaz sistemində islahatlar keçirmək nəzərdə tutulub, yoxsa yox?
FƏRHAD ƏLİYEV \iqtisadi inkişaf naziri\: Cənab Prezident, bəli, nəzərdə tutulubdur.
HEYDƏR ƏLİYEV: Nə vaxt?
FƏRHAD ƏLİYEV: Cənab Prezident, Fərman verilməlidir.
HEYDƏR ƏLİYEV: Fərman?
FƏRHAD ƏLİYEV: Bəli, bu, Fərman əsasında olmalıdır.
HEYDƏR ƏLİYEV: Hazırlayın, Fərman verərəm. Əgər biz buna hazırıqsa. Burada xeyli hazırlıq işləri görmək lazımdır. Fərman da hazırlayın, verək. Vahid Axundov doğru deyir. İndi pis-yaxşı, biz bəzi şəbəkələr yaratmışıq, elektrik üzrə onların nəticəsi əvvəlkilərə nisbətən müsbətdir, yoxsa yox?
FƏRHAD ƏLİYEV: Cənab Prezident, keçən illə müqayisədə Bakı şəhəri üzrə elektrik enerjisi haqqının yağılması 50 faizdir. Bu rəqəm keçən il 28 faiz olubdur. Bu il isə yığım, yəni “Azərenerji” üzrə ödəniş 11 ay ərzində 50 faizdir. Rayonlar üzrə, bütün respublika üzrə götürsək, 30 faizdir.
HEYDƏR ƏLİYEV: Bütün respublika üzrə?
FƏRHAD ƏLİYEV: Bəli, 2002-ci ilin 11 ayı üzrə. 2001-ci ildə isə respublika üzrə cəmi 18 faiz olubdur. Yəni artım var.
ARTUR RASİZADƏ: Bakının özündə 18 faiz olubdur.
FƏRHAD ƏLİYEV: Bakının özündə əhali qrupu üzrə 11 ayda hesablasaq, yığım 24 faizdir. Cənab Prezident, Siz bayaq Pirverdiyevə sual verdiniz ki, elektrik enerjisi ilə tam təminat olacaq, yoxsa yox. O, tam cavab vermədi. Mən Sizin qarşınızda məsuliyyətlə demək istəyirəm ki, bu pulun ödənişi qarşısında əhaliyə tam elektrik enerji vermək mümkün deyildir. Çünki transformatorlar elektrik enerjisindən, qızdırıcılardan istifadə olunması hesabına həddindən artıq yüklənir, qızır və ona görə də ayrılmalar olur. Həm kabellər, həm də transformatorlar yanır. Ona da 8-10 saat vaxt lazımdır ki, yenidən təmir olunsun. Təmirə başlayanda, çıxırlar, yolu kəsirlər, başqa tədbirlərə əl atırlar ki, işıq söndü. Heç kəs demir ki, evdə hansı istilik qızdırıcıları tətbiq edir, hansıları qadağandır və həddindən artıq yüklənir. İcazə versəniz, bir-iki təklifim var, bir az sonra deyərəm.
ƏLİXAN MƏLİKOV: Cənab Prezident, həmin məsələ ilə əlaqədar 2002-ci ilin yanvarından bank ödəmə sisteminə keçmişik. Bu gün Bakının bütün rayonlarında bank ödəmə sistemi təşkil olunubdur. Bunun nəticəsidir ki, indi Bakı şəhərində 2001-ci illə müqayisədə, əhali tərəfindən ödəmə 48 faizə çatıbdır.
Bakı şəhərində abonentlərdə sayğaclar 10 faiz təşkil edir. Dünya Bankının krediti ilə əlaqədar qənaət olunmuş məbləğ var idi, Nazirlər Kabinetinin razılığı ilə həmin məbləğə qaz sayğaclarının alınması üçün müsabiqə keçirildi və yaxın günlərdə 60 min sayğac alınıbdır. Onu da nəzərdə tutmuşuq ki, bunlar Bakıda, əsasən, sıx yaşayış massivlərdə qoyulsun.
HEYDƏR ƏLİYEV: Qurtardın?
ƏLİXAN MƏLİKOV: Bəli.
HEYDƏR ƏLİYEV: Əyləş.
X X X
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT
ŞİRKƏTİNİN PREZİDENTİ NATİQ ƏLİYEVİN
ÇIXIŞI
-Zati-aliləri, möhtərəm cənab Prezident!
Çıxışımın əvvəlində demək istəyirəm ki, qış mövsümünün belə tez gəlməsinə, havaların belə qarlı keçməsinə baxmayaraq, Dövlət Neft Şirkətinin idarə və müəssisələri ritmik işləyir. Neftçilərimiz oların üzərinə düşən məsuliyyəti dərindən dərk edərək, çətin hava şəraitində dənizdə və quruda öz vəzifə borclarını layiqincə yerinə yetirirlər və respublikamızın neftə, neft məhsullarına və təbii qaza olan tələbatını təmin etmək üçün bütün imkanlarını səfərbər etmişlər.
Bu qış günlərində neft təsərrüfatlarında və obyektlərində heç bir qəza olmamış, iş rejimi pozulmamışdır. Möhtərəm cənab Prezident, xüsusi qeyd etmək istəyirəm ki, bunlar hamısı Sizin neftçilərə diqqət və qayğınızın nəticəsidir.
Bu ilin 11 ayı ərzində neft və qazın hasilatı, təhvili, emalı, yataqların işlənilməsi və istismarı sahələrində böyük işlər görülmüşdür. Yeni quyular və istehsalat obyektləri istismara verilmişdir. Görülən işlərin nəticəsində xam neftin təhvili nəzərdə tutulandan 74,2 min ton artıq olmuşdur və hər iki neft və qazçıxarma istehsalat birlikləri tapşırıqları artıqlaması ilə yerinə yetirmişdir.
Neft hasilatının artmasının əsas səbəbi odur ki, cari ildə qazma işləri uğurla nəticələnmişdir və bu 11 ayda istismara 49 quyu daxil olmuşdur. Onlar ümumilikdə 163,5 min neft vermişdir. “Günəşli” yatağında 5 quyu qazılmışdır. Onlardan 109,3 min ton neft hasil edilmişdir. Hər quyunun gündəlik orta hasilatı 170,9 ton olmuşdur.
Bundan əlavə, cari ildə Neft daşlarında 2 nömrəli kompressor stansiyasının genişləndirilməsi, “Günəşli” yatağında 14 nömrəli özülün tikilməsi onu 12 quyu üçün genişləndirməyə imkan verəcəkdir. Bu obyekt 2003-cü ilin birinci rübündə başa çatdırılacaqdır. Həmin yataqda 13 nömrəli özülün 2003-cü ilin sonuna qədər təhvil verilməsi orada 20 quyunun qazılmasına imkan yaradacaqdır. Neft daşları-Bahar yeni qaz kəmərinin tikilməsi və başqa zəruri tədbirlər həyata keçirilir.
Qaz sahəsinə gəldikdə isə, 11 ayda “Azəriqaz” Səhmdar Cəmiyyətinə nəzərdə tutulmuş 4 milyard 35 milyon kubmetr əvəzinə 3 milyard 866 milyon kubmetr, yəni 169 milyon kubmetr az qaz verilmişdir.
HEYDƏR ƏLİYEV: “Çıraq”dan nə qədər qaz almısınız?
NATİQ ƏLİYEV: Cənab Prezident, “Çıraq”dan biz sutkada təxminən 2,7 milyon kubmetr qaz alırıq.
HEYDƏR ƏLİYEV: İndi çıxan qazın hamısını götürürsünüz, yoxsa havaya gedir?
NATİQ ƏLİYEV: Cənab Prezident, Siz bununla həmişə maraqlanırsınız. Siz birilsiniz ki, biz bunun üzərində işləyirik. Fərman vermişdiniz. O, kompleks tədbirləri nəzərdə tutur. Onun əsasında biz orada böyük işlər gördük. Əsas məsələ o idi ki, Neft daşlarındakı 2 nömrəli kompressor stansiyamızın gücü çatmırdı. Üç əlavə aqreqat qoymaqla stansiyanın gücünü artırdıq. Həm “Günəşli”dən, “Çıraq”dan, həm də Neft daşlarından çıxan qaz bu kompressor stansiyası vasitəsilə sahilə gətirilir. “Pennzoyl” stansiyanı tikəndə onun layihə gücü - ötürmə qabiliyyəti təxminən, sutkada 5 milyon kubmetr idi. Biz onu 7,3 milyon kubmetrə çatdırmışıq.
Mən açıq deməliyəm, “Çıraq-1”də hasil olunan qazın hamısını sahilə gətirə bilmirik. Ona görə ki, bu qaz iki həcmə bölünür. Biri aşağı təzyiqli qazdır, yəni onu biz heç cür gətirə bilmirik. O, sutkada təxminən 500-600 min kubmetrdir. Bir də ki,- Siz qabaqlar deyirdiniz ki, biz onu havaya buraxırdıq,- yüksək təzyiqli qazdır. Onu biz öz gücümüzlə sahilə gətirə bilmirdik. Biz onun hamısını yığmışıq. Orada indi təxminən 800 min kubmetr yüksək təzyiqli qaz yığılır və sahilə gətirilir.
ARTUR RASİZADƏ: Qazın hamısını sahilə gətirmək üçün həm kompressor stansiyası yeniləşdirilməli, həm də Neft daşlarından sahilə qədər 68 kilometr boru kəməri çəkilməlidir. Borular artıq alınıb. Qazın sahilə gətirilməsini gələn il üçün nəzərdə tutmuşuq, Sizə məruzə edəcəyik. Hələlik isə qurtarmayıbdır.
HEYDƏR ƏLİYEV: Allah eləsin ki, qurtarsın, ancaq mənim bu sualımın mənası daha da genişdir. O mənada ki, biz “Çıraq” platformasını işə salandan sonra aydın oldu ki, səmt qazını tamamilə pulsuz olaraq alıb sahilə çatdıracağıq. Bu bizi sevindirdi. Bununla əlaqədar müqavilə də vardı. Amma məlum olanda ki, qazın çox hissəsini sahilə biz gətirə bilmirik, bu, bizdə çox böyük narahatçılıq törətdi. İndi neçə il keçibdir, “Çıraq” yatağını istifadə edirik. Artıq 2002-ci il qurtarır. 5 il keçibdir. Amma yenə bu problemi həll edə bilmədik. İndi sən deyirsən onu həll edin. Ancaq mən nə barədə düşünürəm və xahiş edirəm. Deyirəm ki, qabaqcadan sizi xəbərdar edirəm. İndi “Azəri”də ki, yeni platforma qoyulacaq, orada quyuların sayı da “Çıraq”dakından 2 dəfə artıq olacaq, elədirmi?
NATİQ ƏLİYEV: Bəli, 48 quyu olacaq.
HEYDƏR ƏLİYEV: Mənə elə gəlir, orada hər quyudan daha çox neft gözlənilir. Burada səmt qazı gör nə qədər olacaq. Olacaq, olmayacaq?
NATİQ ƏLİYEV: Olacaq, cənab Prezident.
HEYDƏR ƏLİYEV: İndi gəlin danışaq. Biz həmin o layihəni ki, indi həyata keçiririk, burada bizim də, başqalarının da investisiyaları var. Biz “Azəri”ni istismara verəndə yenə də bu cür hadisələrlə üzləşəcəyik.
NATİQ ƏLİYEV: Xeyr, cənab Prezident. Çünki müqavilənin özündə belə bir maddə var ki, səmt qazı sahilə gətirilməlidir.
HEYDƏR ƏLİYEV: Bu, birinci müqavilədə də var idi. Amma mən soruşanda ki, niyə yerinə yetirilmir, sənin yadına salıram, mənə dedilər ki, oradan çəkilən boru həmin qazın hamısını götürə bilmir. Nə üçün? Çünki biz bilmirdik ki, bu qədər səmt qazı çıxacaq. Yadındadır, ya yox? Yadındadır. Mənim də yadımdadır. Yaxşı o vaxt bilməmişik ki, səmt qazı nəzərdə tutulandan artıq çıxacaq. Ona görə də indiyə qədər biz onun hamısını götürə bilmirik. İndi gəlin fikirləşək ki, birincisi, səmt qazı nə qədər çıxacaq? İkincisi, gözləniləndən nə qədər artıq ola bilər? Ona görə bunun üçün tədbir görək. Yoxsa, indidən tədbir görülməsə, o vaxt gəlib bu vəziyyətə düşəcəyik. Sən deyəcəksən mən dedim ki, boru çəkilib, o, bundan ötrü deyildi, ondan ötrü idi. Düz deyirəm?
NATİQ ƏLİYEV: Cənab Prezident, tamamilə düz deyirsiniz. Mənim də yadımdadır ki, Siz onda bizim səhvimizi göstərdiniz. Yəni layihə vaxtı bunlar nəzərdə tutulmamışdı. Ancaq keçən dəfə də biz onu müzakirə edəndə, Sizin yadınızdadır, biz belə nəzərdə tutmuşduq və belə planlaşdırırdıq ki, hər bir quyu sutkada 400-500 ton neft verəcəkdir. Siz də bilirsiniz ki, bunlar yeni üsullar tətbiq ediblər. Hər quyunun hasilatı 2 min tona qalxmışdır. Biz isə nəzərdə tutmuşduq ki, 500 ton olacaqdır.
HEYDƏR ƏLİYEV: Natiq, bunlar aydındır. Bu, oldu keçdi. Mən indi bunu deyirəm ki, ikinci dəfə belə səhvlər buraxma.
NATİQ ƏLİYEV: Cənab Prezident, indi bu layihələrə tam baxmışıq. Hər şey nəzərdə tutulub. “Azəri” yatağından yeni bir qaz kəməri çəkiləcəkdir.
HEYDƏR ƏLİYEV: O kəmərin tutumu nə qədər nəzərdə tutulub? Yaz, Əli Həsənov sən yaz. Sənə də bir başa tapşırıram. Bu məsələ ilə ciddi məşğul ol. Biz orada çox qaz hasil edəcəyik. “Azəri” platformasını işə salanda bunu əldə edə bilərik. Eyni zamanda, keçmiş hadisələrlə rastlaşsaq, itirə də bilərik.
NATİQ ƏLİYEV: Demək istəyirəm ki, qaz sahəsi bizim zəif yerimizdir. Ümumilikdə, bu sahədə biz çox işlər görürük. Neft daşlarında yığılan qazın sahilə gətirilməsinin gündəlik həcmini 300 min kubmetr artırmışıq. Bahar-Hövsan mövcud qaz xəttini yenidən təmir edərək, 1 nömrəli İEM-lə birləşdirmişik. İndi “Şimal” DRES-i həm “Azəriqaz”la, həm də “Azərenerji” ilə birlikdə qazla təmin edirik və s. Ancaq mən yenə demək istəyirəm ki, bizim bu qaz sahəsində zəif yerlərimiz çoxdur. Burada baş nazir də dedi, düz də dedi, Neft daşlarındakı sıxıcı kompressor stansiyamızın gücü yenə də artırılmalıdır.
Gələn il də tədbir görəcəyik, onu yeni üç aqreqatla təmin edəcəyik. Əgər “Pennzoyl” gəlib ona 9 aqreqat qoymuşdusa, biz öz gücümüzlə onu, müasir, Avropa standartlarına uyğun və onlardan heç də pis olmayan səviyyəyə çatdırdıq. Mən onların hamısını dəvət edirəm, gedib baxsınlar- yeni bir stansiya tikmişik, heç kəs deyə bilməz ki, bunu “Pennzoyl”, yoxsa Dövlət Neft Şirkəti tikibdir.
HEYDƏR ƏLİYEV: Bunu yaxşı öyrənmisiniz?
NATİQ ƏLİYEV: Bəli, öyrənmişik. İndi orada yenidən 3 aqreqat da qoyacağıq, gücünü artıracağıq. Bu məsələdə, baş nazirin dediyi kimi, bizim bir zəif yerimiz də var. Cənab Prezident, həm “Günəşli”dən, həm də Neft daşlarından sahilə bir qaz kəmərimiz var. Yəni, ehtiyat boru kəmərimiz yoxdur. Biz həmişə Allaha yalvarırıq ki, orada bir hadisə baş verməsin. Özü də bu, bizə qazın həcmini artırmaqdan daha çox kəmərin təhlükəsizliyini təmin etmək üçün lazımdır.
Biz baş nazirlə Nazirlər Kabinetində buna bir neçə dəfə baxmışıq. Sizin yadınızdadırsa, bizə tapşırıq vermişdiniz ki, bununla məşğul olaq. Biz artıq həmin məsələ ilə məşğul olmuşuq. Borular indi Azərbaycandadır, onların örtük işlərini görmək lazımdır. Kəməri öz gücümüzlə çəkəcəyik. Deməli, bir borudüzən gəmimiz var. Onu təmir etməli və daha da gücləndirməliyik ki, dərin sularda işləyə bilsin. Bunu da, Allah qoysa, martda qurtaracağıq. Hesab edirəm ki, 2003-cü ilin avqust-sentyabrında o işləri tamam qurtarıb, payız-qış mövsümünə hazır olacağıq.
Bu, bizim üçün əsas məsələdir. Ona görə ki, “Günəşli” yatağında biz çox işlər görürük. 14-cü platformanı indi yenidən qurmuşuq. Təzə ildən orada yeni quyular qazmağa başlayacağıq. 19-cu platformanı da öz gücümüzə tikmişik. Orada bir qaz quyusu qazmışıq. Çox keyfiyyətli quyudur.
HEYDƏR ƏLİYEV: Siz öz gücünüzə, öz işinizə inanmalısınız. O şirkətlərlə müqavilələriniz var, o, ayrı, amma “Günəşli”də hansısa iş görürsənsə, deyirsən ki, öz gücümüzə eləmişik. Belə də olmalıdır. Öz gücünüzə eləməlisiniz. Qazdan, Neft daşları haqqında çox danışdın. Onu bilirəm. Bilirəm ki, “Pennzoyl” 3 dəfə buraya gəldi, sizinlə danışdı, bilmirəm hansı şərtlərlə danışdı, Allah bilir, nə cür olub. Bizdən çox da pul aldı. Mənim yadımdadır, kompressor stansiyasını tikdi, getdi. İndi əgər siz onun yanında, ona bərabər, ondan da fərqlənməyən stansiya tikmisinizsə, təbii, bu belə də olmalıdır. Çünki neçə ildir siz yan-yana işləyirsiniz. Buna görə Neft Şirkətinin əhatə etdiyi sahədə siz öz işlərinizi özünüz görməlisiniz.
NATİQ ƏLİYEV: Bəli, cənab Prezident, indi hansı işləri görürüksə, çalışırıq ki, dədə-baba üsulu ilə yox, Avropa standartlarına uyğun yerinə yetirək.
Cənab Prezident, mən bir məsələyə toxunmaq və xatırlatmaq istəyirəm ki, 1999-cu ilin payız-qış mövsümündə əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təminatında böhran vəziyyəti yaranmışdı. Stansiyalarda mazuta olan tələbatın ildən-ilə kəskin surətdə artması bizi fövqəladə tədbirlər görməyə məcbur etmişdi. Yəni, Bakı-Novorossiysk xətti ilə xam neftin nəqli tam dayandırılmışdı. Bilirsiniz ki, bu bizim öhdəliyimiz idi, ancaq buna baxmayaraq, onu dayandırdıq. Hasil olunan xam neft maksimum mazut emal etmək üçün bütün həcmdə emal zavodlarına verilmişdi. Neftayırma zavodları səmərəli texnoloji rejimdən məcburiyyət qarşısında “mazut rejiminə” keçmişdi. Azərbaycan ərazisindən tranzitlə nəql olunan mazutun hamısı respublikada saxlanılır və əlavə mazut da idxal edilirdi. Lakin bu tədbirlər də vəziyyəti yaxşılaşdıra bilməmişdi.
İndi vəziyyət tam dəyişib. Hamınızın xatirindədir, böhran vəziyyətindən çıxmaq üçün Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev tərəfindən respublikaya təbii qazın idxalı və onun “Azərenerji”nin elektrik stansiyalarında istifadə olunması, bunun nəticəsində isə mazut istehlakının azaldılması və dünya bazarında təbii qazla müqayisədə daha qiymətli olan xam neft, neft məhsulları, o cümlədən mazut ixracının artırılması haqqında təşəbbüs və təkliflər irəli sürülmüşdür.
Bu məsələ 2000-ci il iyunun 3-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən keçirilmiş müşavirədə ətraflı müzakirə olunmuş, bəyənilmiş, Prezidentin 29 iyun 2000-ci il tarixli Fərmanında neft, qaz və enerji təsərrüfatının qaydaya salınması istiqamətində digər tədbirlərlə yanaşı, öz əksini tapmışdır. Bununla əlaqədar “Azərenerji”nin elektrik stansiyalarında mazut yandırılmasının azaldılması məqsədi ilə respublikaya təbii qazın idxalı Dövlət Neft Şirkətinə tapşırılmışdır.
Bu tədbirlər öz yüksək səmərəliliyini göstərib və göstərməkdədir. Cari ilin dekabrın 19-dək Rusiyadan 3 milyard 730 milyon kubmetr qaz idxal edilmiş və “Azəriqaz” sisteminə təhvil verilmişdir. Bütövlükdə, “Azəriqaz” Səhmdar Cəmiyyətinə 11 ayda Dövlət Neft Şirkətinin hasil etdiyi qaz da nəzərə alınmaqla, 7 milyard 363 milyon kubmetr qaz təhvil verilmişdir. Rusiyadan alınan qazın dəyəri- 188,5 milyon dollar Dövlət Neft Şirkəti tərəfindən ödənilmişdir. Görün, bu alınan qaz əhalimizə, neft sənayemizə necə baha başa gəlir, ancaq necə səmərə verir.
Bunun nəticəsində Bakı-Novorossiysk neft boru kəməri vasitəsilə 11 ayda biz 2 milyon 197 min ton neft ixrac etmişik. Cari ildə ilk dəfə olaraq, mazut idxal yox, ixrac olunmuşdur. 11 ay ərzində “Azərenerji” Səhmdar Cəmiyyətinə nəzərdə tutulmuş 1261 min ton əvəzinə, 1436 min ton mazut, yəni 174 min ton artıq mazut verilmişdir.
Dekabrın 19-dək isə, 1303 min ton yəni, 205,5 min ton artıq mazut verilmişdir. Bununla yanaşı, cari ildə, görün nə qədər bizdə mazut qalmışdı ki, onu istifadə etdik və 924,4 min ton mazut ixrac etdik. Yəni, bunlar da bizə əlavə gəlir gətirdi və ona görə imkanımız oldu ki, aldığımız qazın pulunu verək. Sizin tapşırığınızla, çətinlikləri nəzərə alaraq, enerji sisteminə kömək məqsədi ilə Dövlət Neft Şirkəti müqavilə əsasında bu il Rusiyadan 992 milyon kilovat-saat elektrik enerjisi almışdır. Buna da 25,8 milyon ABŞ dolları ödənilmişdir.
Ümumiyyətlə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilin axırına qədər ölkənin energetika sisteminə 1 milyon 576 min ton mazut verilməsini təmin edəcək ki, bu da tapşırıqdan 243 min ton çoxdur. Beləliklə, ekvivalent nöqteyi-nəzərindən Dövlət Neft Şirkəti ilin axırına qədər vermədiyi 185 milyon kubmetr qazın əvəzinə, şərti yanacaq hesabı ilə tapşırıqdan 85 min ton artıq mazut təhvil verəcəkdir.
Təbii qazın idxalı neft emalı zavodlarının səmərəli işləməsi üçün imkanlar yaratmışdır və qurğuların “mazut rejimində” işləməsinin qarşısı tam alınmışdır. Bu da bizə imkan verir ki, maye qazın istehsalını artıraq, çünki bu da əhali tərəfindən istifadə olunan yanacaqdır. Maye qazın istehsalını 40 min ton artırmışıq. Bundan bütün rayonlarımızda və şəhərimizdə istifadə olunur.
Bunu nə üçün deyirəm? Neft emalı qurğularının daha dərin rejimdə işləməsi, yüksək dəyərli, açıq rəngli neft məhsullarının istehsalı artmışdır.
Qazın idxalı hesabına respublikada təbii qazın həcminin artması əhalinin də təminatını xeyli yaxşılaşdırmışdır.
Neft emalında “mazut rejimi”ndən imtina edilməsi və daha səmərəli texnoloji proseslərdən istifadə olunması maye qazın istehsalının artırılmasına, mazutun elektrik stansiyalarına daşınması xərclərinin azaldılmasına, elektrik stansiyalarının qazla işləməsi nəticəsində ətraf mühitə və istismar olunan avadanlıqlara vurulan ziyanın xeyli azaldılmasına gətirib çıxarmışdır. Yəni, biz bunun bilavasitə xeyrini görürük. Bu puldadır, əmtəədədir. Ancaq onun ətraf mühitə təsiri də olur. Tutaq ki, biz əvvəllər stansiyalara 3-4 milyon ton mazut göndərirdik. Onu stansiyalara çatdırmağın nə qədər xərcləri var idi. İndi biz 1 milyon 400 deyiriksə, deməli, daşınma xərcləri də azalmışdır.
Sizin tapşırığınızla biz baş nazirin yanında bu məsələlərə baxmışıq. İndi də bəzi tədbirlər görürük, gələcəkdə də görəcəyik. Rusiya müqavilədəkindən təxminən 40 milyon kubmetr qaz az vermişdir. Mən baş nazirin tapşırığı ilə bu məsələ ilə məşğul oldum, “İtera” şirkəti ilə danışıqlar apardım. Onlara məktub göndərdik ki, bu il dekarbın axırına kimi gündə 14,9 milyon kubmetr əvəzinə, 2 milyon kubmetr də artıq versinlər. Srağagün mən danışanda onlar bunu qəbul etmişdilər. Ancaq hələ dəyişiklik görmürəm. Ona görə də yenidən bu işlə məşğul olacağıq ki, onlar bunu versinlər. Bu, birincisi. İkincisi, belə gərgin vəziyyəti nəzərə alaraq, biz tapşırıq vermişik ki, zavodlar hələ ki, mazutun ixracını dayandırsınlar və tam həcmdə enerji stansiyalarına versinlər. Təxminən, 50 min ton mazut vermək niyyətindəyik.
Cənab Prezident, Siz də dediniz, biz 2003-cü ildə qaz hasilatının artırılması məsələsinə çox ciddi fikir veririk. Bunları dedim, təkrar etmək istəmirəm. İnşallah, nəzərdə tutduqlarımızı gələn il yerinə yetirsək, hesab edirəm ki, payız-qış mövsümünə daha hazırlıqlı olacağıq. Çox sağ olun.
X x x
HEYDƏR ƏLİYEV: Bilirsiniz, çıxış edənlər çox vaxt aparırlar. Düzdür, bu məsələlərin hamısı vacibdir. Burada lazım olmayan artıq söz görmürəm. Amma eyni zamanda, vaxt da çox gedib. İndi iki saat olacaqdır ki, biz oturub işləyirik.
Abşeron Regional Su Cəmiyyətinin sədri Oqtay Əsədova söz verilir.
Sənə nə qədər vaxt lazımdır?
OQTAY ƏSƏDOV: Cənab Prezident, qışa hazırlıqla əlaqədar məlumat vermək üçün beş dəqiqə vaxt lazımdır.
HEYDƏR ƏLİYEV: Siz əhalini qış şəraitində su ilə necə təmin edirsiniz. Ümumiyyətlə, su təminatı necədir? Bax, bunun perspektiv məsələləri ilə məşğulsunuzmu?
ARTUR RASİZADƏ: Bəli, məşğuluq.
HEYDƏR ƏLİYEV: Bunu burada müzakirə etməyə ehtiyac yoxdur.
ARTUR RASİZADƏ: Bəli.
HEYDƏR ƏLİYEV: Sən bunları mənə ayrıca məruzə edərsən.
ARTUR RASİZADƏ: Bəli.
X X X
ABŞERON REGİONAL SƏHMDAR SU CƏMİYYƏTİNİN SƏDRİ OQTAY ƏSƏDOVUN ÇIXIŞI
- Zati-aliləri, möhtərəm cənab Prezident!
Hörmətli müşavirə iştirakçıları!
Cənab Prezident, icazə verin, işinizin gərgin dövründə infrastrukturla bağlı həyati vacib məsələlərə qaygı göstərərək vaxt ayırdığınıza görə Sizə öz dərin minnətdarlığımı bildirim.
Bildiyiniz kimi, Abşeron Regional Səhmdar Su Cəmiyyəti Bakı, Sumqayıt şəhərlərini və Abşeron yarımadasındakı digər yaşayış məntəqələrini içməli su ilə təmin edir.
Cəmiyyət cari ilin 11 ayı ərzində regionun suya olan tələbatını ödəmək üçün 341,9 milyon kubmetr su istehsal etmişdir. Onun 73 faizi Bakı şəhərinə, 17,1 faizi Sumqayıt şəhərinə, qalanı isə digər yaşayış məntəqələrinə verilmişdir.
Payız-qış mövsümünə hazırlıqla əlaqədar istehlakçıları etibarlı və fasiləsiz su ilə təmin etmək üçün cəmiyyət tərəfindən tədbirlər planı işlənib hazırlanmışdır.
Regionumuzun infrastrukturunun vacib və əhəmiyyətli sahələri olan neft, neft emalı, qaz və energetika müəssisələrinin, o cümlədən rayon istilik qazanxanalarının payız-qış mövsümündə lazımi miqdarda su ilə fasiləsiz təminatı birmənalı olaraq həll edilir və daim diqqət mərkəzindədir.
Bakı şəhərinin müxtəlif rayonlarındakı istilik qazanxanalarını payız-qış mövsümündə su ilə təmin etməkdən ötrü su kəmərlərinin yoxlanılması və istismara tam yararlılığını müəyyənləşdirmək üçün yoxlamalar aparılmışdır.
Cari ildə qışa hazırlıqla əlaqədar magistral su xəttlərinin 20 kilometrə yaxın hissəsində borular dəyişdirilmiş, 450-dək elektrik mühərriki, 400-dək su nasos aqreqatı təmir edilmiş və yaxud yenisi ilə əvəz olunmuş, 4,7 kilometr uzunluğunda elektrik kabeli dəyişdirilmiş, 247,7 min kubmetr həcmində su anbarları yuyulub zərərzisləşdirilmişdir. İl ərzində 3700 ünvanda su axıntılarının qarşısı alınmışdır.
Qəza hadisələrinin yüksək texniki səviyyədə operativ ləğv edilməsi üçün çoxnövbəli təmir briqadaları yaradılmışdır. Hazırda Bakı şəhərinin bütün rayonlarında müasir texnika ilə təchiz olunmuş 15 briqada işləyir.
Bu ilin dekabr ayında havaların kəskin dəyişməsi ilə bağlı olaraq, təmir briqadaları tam səfərbər edilmişdir. Onlar öz işlərini əlaqədar təşkilatlarla, o cümlədən Bakı Şəhər İcra Hakimiyyəti, “Azərenerji” Səhmdar Cəmiyyəti, Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə sıx əlaqədə qurmuşlar.
Möhtərəm Prezident, 2001-ci ilin birinci kvartalında Nazirllər Kabinetinin sərəncamı ilə Səhmdar Su Cəmiyyətinə 374 ədəd yeni nasos stansiyası verildi. Onlar ləğv olunmuş nazirliklərdə və təşkilatlardakı nasos stansiyaları idi. Çox pis vəziyyətdə idilər. Yəni, əhalinin haqlı narazılığı var idi. Onlara rəhbərlik edən yox idi. Həmin nasos stansiyaları bizim şirkətə veriləndən sonra, Sizin şəxsi nüfuzunuza görə, İsveçrə hökuməti, bankı tərəfindən Azərbaycana 5,4 milyon dollar dəyərində nasos və elektrik avadanlıqları verildi.
Hazırda onların 90 faizi quraşdırılıb istifadəyə verilmiş, 10 faizi isə bu ayın axırına qədər təhvil veriləcəkdir. Yəni, bu nasos stansiyalarının istismara verilməsi ilə əhalinin su təminatı daha da yaxşılaşacaqdır. Çünki əvvəlki nasos stansiyaları düzgün tikilməmiş, nasoslar düzgün qurulmamışdı. Yuxarı mərtəbələrə su çatmırdı. Bu nasos stansiyalarının işə salınması sayəsində 400 min nəfərə yaxın əhali su ilə normal təmin ediləcəkdir.
Möhtərəm Prezident, eyni vəziyyət Sumqayıt şəhərinə də aiddir. Sumqayıt şəhərinin icra hakimiyyətinin başçısı buradadır. Onunla mütəmadi əlaqə saxlayırıq. Belə ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar olaraq Sumqayıt şəhərində təkcə 2002-ci ildə 310 kilometrə qədər su xəttlərində sazlama işləri aparılmışdır. İrili-xırdalı 4,7 kilometr su xətti yenidən qurulmuş, 71 suvuran nasos stansiyasının 17-si yeni avadanlıqla təmin olunmuşdur. 71 paqonkilometr kanalizasiya xəttində profilaktik təmizləmə və təmir işləri aparılmışdır.
Bununla bərabər, Sumqayıt şəhərində 15-ci, 41-ci, 42-ci, 47-ci məhəllələrdə, qaçqın və məcburi köçkünlərin yığcam yaşadığı yerlərdə İcra hakimiyyəti və beynəlxalq təşkilatlarla birgə 3 nasosxana stansiyası tikilmiş, 800 metr su, 360 metr kanalizasiya xətti çəkilib istifadəyə verilmişdir.
Qışa hazırlıqla əlaqədar olaraq Sumqayıt şəhərində maşın və mexanizm bazası genişləndirilmiş, nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi və yerli icra hakimiyyəti ilə işin əlaqəli təşkili payız-qış mövsümündə Sumqayıt şəhərində fasiləsiz su təchizatının müstəqil işləməsini təmin edəcəkdir.
Möhtərəm Prezident, çıxışımın sonunda icazə verin həyati əhəmiyyətli bir məsələ olan su təchizatının inkişafına göstərdiyiniz daimi qayğı və diqqətə görə Sizə bir daha öz minnətdarlığımı bildirim.
Sizin rəhbərliyiniz və köməyiniz sayəsində bu sahədə yaradılmış müasir tələblərə cavab verən maddi-texniki bazamız, maşın-mexanizm və avadanlıqla təchizatımız ən mürəkkəb meteoroloji şəraitdə belə işimizi günün tələbləri səviyyəsində qurmağa tam təminat verir.
HEYDƏR ƏLİYEV: Yaxşı, bir ümumi sual vermək istəyirəm. İndi bu dəqiqə, Bakı şəhərində, hər yerdə insanlar su ilə təmin olunurmu, yoxsa yox?
OQTAY ƏSƏDOV: Bəli, möhtərəm Prezident, qəza olmayan yerlərin hamısında su təminatı vardır.
HEYDƏR ƏLİYEV: Hər yerdə su var?
HACIBALA ABUTALIBOV: Bəli, cədvəl üzrə verilir.
OQTAY ƏSƏDOV: 50 faiz cədvəl üzrə verilir.
ARTUR RASİZADƏ: Bəli, cədvəl üzrə verilir.
HEYDƏR ƏLİYEV: Sumqayıtda necədir?
OQTAY ƏSƏDOV: Möhtərəm Prezident, Sumqayıtda su təchizatı Bakı şəhərindən də yaxşıdır.
HEYDƏR ƏLİYEV: Bizdən yaxşıdır?
OQTAY ƏSƏDOV: Bəli.
TƏVƏKKÜL MƏMMƏDOV: Möhtərəm Prezident, 35 faizi cədvəlsiz, 65 faizi cədvəl üzrə verilir. Demək olar ki, şəhərdə su problemi yoxdur.
HEYDƏR ƏLİYEV: Yaxşı, əyləş. Biz o vaxt Bakıda su təsərrüfatını lazımi səviyyəyə çatdırmaq üçün Dünya Bankından və Avropa Bankından 90 milyon dollar kredit götürmüşük. Bu kredit qaytarılır, yoxsa yox?
OQTAY ƏSƏDOV: Bəli, qaytarılır.
HEYDƏR ƏLİYEV: Nə qədər qaytarılıbdır?
OQTAY ƏSƏDOV: 14 milyon dollar qaytarılıb.
HEYDƏR ƏLİYEV: Cədvəl əsasında?
OQTAY ƏSƏDOV: Bəli, cədvəl əsasında.
HEYDƏR ƏLİYEV: Bakının su təminatı bundan yaxşı olmalıdır. Vaxtilə Bakının su təminatı nədən ibarət idi? Rəhmətlik Hacı Zeynalabdin Tağıyevin çəkdirdiyi birinci su kəməri bizim Bakının neçə faizini təmin edir?
OQTAY ƏSƏDOV: 15 faizini.
HEYDƏR ƏLİYEV: Yaxşı, Kürdən götürdüyümüz su, əsas oradandır, bu neçə faizdir?
OQTAY ƏSƏDOV: 40 faizdir.
HEYDƏR ƏLİYEV: Bəs, qalanı haradandır?
OQTAY ƏSƏDOV: Ceyranbatan və İkinci Şollar xətti- Xaçmaz.
HEYDƏR ƏLİYEV: İkinci Şollar xətti var?
OQTAY ƏSƏDOV: Bəli, Xaçmaz xətti.
HEYDƏR ƏLİYEV: Tikilibdir?
ARTUR RASİZADƏ: Bəli.
HEYDƏR ƏLİYEV: Biz indi oradan su götürürük? Niyə demirik birinci, deyirik ikinci?
OQTAY ƏSƏDOV: Birinci, Zeynalabdin Tağıyevin çəkdirdiyi xəttdir. İkinci də Xaçmaz xəttidir - 2,75 kubluq.
HEYDƏR ƏLİYEV: Amma bunlar azdır. Mənim xatirimdədir, biz ötən əsrin 70-ci illərində Bakıya yeni su kəməri çəkmək istəyirdik. İkinci Şollar xətti çəkmək istəyirdik. Onda Dağıstanda buna imkan vermədilər. Dedilər artıq olmaz. Vaxtilə akademik Həsən Əliyev təklif vermişdi, Qəbələ, Oğuz və oradakı dağlardan gələn bulaqlarda çox su var. Özü də çox təmiz sudur, dağ, bulaq suyudur. O, təklif etmişdir ki, onu oradan çəkək gətirək Bakıya. Xatirimdədir, onun təkliflərində suyun bir hissəsi öz axarı ilə gələcəkdi, çünki dağlardan üzü aşağıya gəlir. Oradan Şəkiyə gəlib çatana qədər, İsmayıllıdan da o tərəfə qədər enişdir. O vaxt həmin sulara baxmışdılar, çox dadlı sular idi. İstəyirdik həmin təklifə baxaq, ancaq ondan sonra mən buradan getdim. O layihə qaldı. Gülürsən, sənin yadındadır?
ABİD ŞƏRİFOV: Qəzetlər də yazmışdılar. Ən yaxşı keyfiyyətli, dadlı sudur.
HEYDƏR ƏLİYEV: Şəkidən gətirməyəcəyik, çünki dişlərimizin hamısı tökülər. Dediyim suyu çəkirsən?
ABİD ŞƏRİFOV: Bəli, gələn il başlamaq istəyirik. O su saf sudur.
HEYDƏR ƏLİYEV: Orada su sağlamdır, dişləri tökməyəcək?
ABİD ŞƏRİFOV: Orada alman mütəxəssislər işləyirlər.
HEYDƏR ƏLİYEV: Bəli, bunlar tamam başqa mənbələrdən gələn sudur.
OQTAY ƏSƏDOV: Möhtərəm Prezident, icazə versəydiniz, məlumat verərdim. Bizdə Su Problemləri İnstitutu var. Böyük Bakının su təchizatının perspektiv planı üzrə bu təklifləri hazırlayıb “MacDonalds” şirkəti bizdə işləyəndə veriblər onlara. Onun üzərində işləyirlər. Xarici ekspertlər şirkəti, yəni “MacDonalds” şirkəti. Yəni Bakı şəhərinin 2015-ci ilə qədər su təchizatının planıdır.
HEYDƏR ƏLİYEV: Sən bunu götür, tələb elə, bəli, həmin o Problemlər İnstitutunda var. Yaşayır həmin institut?
OQTAY ƏSƏDOV: Bəli, saxlamışıq.
HEYDƏR ƏLİYEV: Su Problemləri İnstitutu var. Bu layihələr orada gərək olmalıdır. Sən onu götür, bax, mənə məruzə elə. Mən hesab edirəm, biz bunun üzərində işləməliyik. Çünki Bakıya biz gərək daha da çox su gətirək. Özü də təmiz bulaq suyu. Bunu biz edə bilərik. Buna kredit almaq mümkündür. Belə şeylərə kredit almaq asandır. Avropa Birliyindən, Yaponiyadan, Asiya Bankından da ala bilərik. Sən o sənədləri götür, bir bax. Sonra mənə məruzə elə. Onları özümüz ölçək-biçək. Bu təklif 1970-ci illərin axırında meydana gəlmişdi. Biz 70-ci illərin əvvəllərində suyu Kürdən gətirirdik. Birinci Kür xətti, sonra ikinci Kür xətti, üçüncü Kür xətti. Bunlarla məşğul olduq. Amma bu məsələ də onda gündəliyə çıxdı. Mən bir neçə ildir bunun haqqında düşünürəm, indi də bu gün fürsət oldu, istədim bu tapşırığı verəm. Sən məşğul ol. Çox gözəl bir iş olacaqdır. Bakıya bol-bol təmiz su gətirəcəyik. Deyirlər, orada çox gözəl sular var.
Yaxşı, əyləş.
X X x
HEYDƏR ƏLİYEV: Hacıbala Abutalıbov, danış görək. Sən onsuz da bu gün bir neçə dəfə danışmısan. Amma çox geniş də məruzə etmə. Sən onsuz da çox məsələ ilə məşğulsan.
BAKI ŞƏHƏRİ İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI
HACIBALA ABUTALIBOVUN ÇIXIŞI
- Möhtərəm Prezident!
Bakı Şəhər İcra Hakimiyyəti payız-qış mövsümünə hazırlıqla bağlı may ayında rayonların icra hakimiyyəti başçıları, mənzil-kommunal təsərrüfatı, nəqliyyat, kanalizasiya, istilik idarələri rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirmiş, 2002-ci il 13 may tarixli sərəncamla “2002-2003-cü illərin payız-qış mövsümünə hazırlıq haqqında” qərargah yaratmışdır. Ötən müddət ərzində şəhər təsərrüfatının bütün sahələrində əhalinin kommunal-məişət xidmətlərinə olan tələbatını ödəmək istiqamətində konkret tədbirlər həyata keçirilmiş, sentyabr ayının 1-ə qədər rayonların icra hakimiyyəti başçıları və şəhər icra hakimiyyətinə tabe olan strukturlar görülmüş işlər haqqında hesabat vermişlər.
Qeyd etmək istərdim ki, son 100 ildə Bakıda görünməmiş şaxtalar, qarlı günlər Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan bütün qurumların qışa necə hazırlaşdığını bir daha hamıya nümayiş etdirdi. Hazırlıq işlərinin müvafiq qurumlar tərəfindən vaxtında təşkil edilməsi nəticəsində şəhər əhalisi bir sıra problemlərdən azad olmuşdur. Yay aylarında Füzuli, S.Vurğun, F.Xoyski küçələrində, Azadlıq prospektində kanalızisiya xətlərinin çəkilməsi sayəsində, ötən illərdən fərqli olaraq, kanalizasiya və yağış suları xətləri bir-birindən təcrid edilmiş, beləliklə, gölməçələrin yaranmasının qarşısı tamamilə alınmışdır. Çovğunlu, şaxtalı günlərdə və çoxlu qar yağması zamanı nəqliyyat vasitələrinin normal hərəkəti təmin edilmiş, bunun üçün təxirəsalınmaz tədbirlər görülmüşdür. Məhz nəqliyyatın fasiləsiz hərəkəti nəticəsində əhalinin çörək və digər ərzaq məhsullarına olan ehtiyacı ödənilmiş, sosial təminatlı obyektlər tam qüvvəsi ilə işləmişdir. Mənzil-kommunal departamentinin qışa hazırlığı ilə əlaqədar bildirmək istərdim ki, onun öhdəsindəki bütün texnika tam işlək vəziyyətdə olmuşdur. Qarın təmizlənməsi işində bu departamentə Abşeron Regional Səhmdar Su Cəmiyyəti böyük yardım göstərmişdir. Eyni zamanda, son dərəcə çətin vəziyyətdə nəqliyyatın təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yol polisi idarəsi ilə birlikdə əməli işlər görülmüşdür.
Dekabrın 1-dək, başqa sözlə desək, soyuqlar başlamazdan əvvəl Bakı şəhərinin ətraf rayonlarında, ayrı-ayrı qəsəbələrində qazın təzyiqinin az olması və bəzi yerlərdə elektrik enerjisinin kəsilməsi halları az müşahidə edilirdisə, soyuqların düşməsi ilə əlaqədar, əsasən, şəhərətrafı rayonların ayrı-ayrı qəsəbələrində, o cümlədən Bilgəh, Buzovna, Binə, Maştağa, Sulutəpə, Hövsan qəsəbələrində, 20-ci sahədə, Binəqədidə, Keşlədə və digər ərazilərdə təbii yanacaq qıtlığı yaranmışdır. Bununla belə, keçən illərlə müqayisədə, “Azəriqaz” Səhmdar Cəmiyyətinin fəaliyyətində müəyyən irəliləyişlərin olduğunu xüsusilə vurğulamağı lazım bilirəm.
Təəssüflər olsun ki, bu sözləri şəhərin elektrik enerjisi ilə təminatına şamil etmək olmur.
Belə ki, keçən ilə nisbətən avadanlığın tez-tez sıradan çıxması və ya həddindən artıq yüklənməsi nəticəsində elektrik enerjisinin kəsilməsi, fasilələrlə verilməsi daha çox müşahidə olunur. Statistikaya müraciət etdikdə görərik ki, ötən illə müqayisədə qaza nisbətən elektrik enerjisindən daha çox şikayətlər daxil olmaqdadır.
“Barmek-Azərbaycan” müştərək müəssisəsi tərəfindən hər hansı bir kömək və ya yardım üçün Bakı Şəhəri İcra Hakimiyyətinə və yaxud rayon icra hakimiyyətlərinə müraciət edilirsə, operativ qaydada həll olunur. Buna baxmayaraq, axırıncı 10-15 gündə bu problemlər daha da tez-tez yaranır.
“Barmek-Azərbaycan” müştərək müəssisəsi transformatorların yanmasını, qurğuların sıradan çıxmasını bunların həddən çox yüklənməsi ilə əlaqələndirir. Lakin bizə elə gəlir ki, əhalinin tələbatı, qışın sərt keçməsinin mümkünlüyü yay aylarında nəzərə alınmalı və qışa tam hazır olmaq lazım idi. Başqa sözlə, transformatorların yanması nəinki əhalinin enerji ilə təminatında problemlər yaradır, həmçinin “Barmek-Azərbaycan” müştərək müəssisəsinin özünə də ziyan vurur. Əgər o transformatorlar yayda daha güclüləri ilə dəyişdirilsəydi və yaxud ehtiyat transformatorlarla təmin olunsaydı, bu cür böyük fasilələrin qarşısı alına bilərdi.
İstilik sisteminin normal vəziyyətdə işləməsi üçün Bakı Şəhəri İcra Hakimiyyətinin daxili imkanları hesabına keçən ilə nisbətən 1227 bina, 79 min 580 mənzil hazır vəziyyətə gətirilmişdir. Halbuki, keçən il 1049 bina, 55 min 120 mənzil idi. Qazanxanalarda imkan daxilində bütün təmir işləri görülmüşdür. Evlərə istilik verilməsi üçün qazanxanaların işi normal vəziyyətə gətirilmişdir. Məhəllədaxili qazanxanalarda qazın təzyiqinin aşağı olması nəticəsində verilən suyun temperaturunu qaldırmaq mümkün olmur. Sizin göstərişinizlə yaradılmış qərargahın, Bakı Şəhəri İcra Hakimiyyətinin, “Bakqaz”ın, istilik idarəsinin və “Barmek-Azərbaycan” müəssisəsinin ümumi rəyinə görə qazanxanalarda temperaturun 50 dərəcədən yuxarı qaldırılması mümkün olmadığı təqdirdə bunlar işlərini dayandırırlar. Elə bunun nəticəsidir ki, elektrik enerjisinin fasilələrlə verilməsi nəticəsində 4 qazanxana öz işini dayandırmışdır.
HEYDƏR ƏLİYEV: Qazanxanalara enerjini fasilələrlə vermək olmaz, axı. Bu, düzgün deyildir. Qazanxanlara elektrik enerjisini fasilələrlə vermək olmaz!
HACIBALA ABUTALIBOV: Olmaz, amma verilir.
HEYDƏR ƏLİYEV: Verilir, onda deməli, qazanxana işləmir.
HACIBALA ABUTALIBOV: Ona görə də deyirəm ki, fasilələr yaranır, həm də bunların yenidən işlək vəziyyətə gətirilməsi üçün daha iki-üç gün əlavə vaxt lazım olur.
HEYDƏR ƏLİYEV: Deməli, nə etmək lazımdır?
HACIBALA ABUTALIBOV: Enerjinin fasilələrlə verilməsinə son qoyulmalı, onlar üçün əlavə, müstəqil elektrik xətti çəkilməlidir.
HEYDƏR ƏLİYEV: Bu, başqa məsələ, bunları edəydiniz. Bu gün çox müzakirə aparırıq. Mən sizin çıxışlarınız vaxtı öz fikirlərimi bildirirəm. Demək, bax bugünkü müzakirədən Bakı Şəhəri İcra Hakimiyyəti üçün nə nəticə çıxarılmalıdır? Gərək Bakıda bütün şəhər evlərinin istiliklə təmin olunması məsələsi yoxlanılsın, vəziyyət müəyyən edilsin və buna müvafiq olaraq tədbirlər planı hazırlansın ki, yaz, yay, payız aylarında onlar həyata keçirilsin.
Bu tədbirlər planında siz gərək mütləq nəzərə alasınız ki, əgər istəyirsinizsə, qazanxana işləsin və evlərə istilik versin, demək birinci, evlərə gedən sistem yaxşı olmalıdır. Bəzən qazanxana işləyir, mən özüm bunu görmüşəm, orada temperatur bəzən 100 dərəcəyə qalxır. Amma sənin evində heç 20 dərəcəyə də qalxmır. Niyə? Cünki xətlərdə müxtəlif qüsurlar var. Ona görə bunlar hər bir evdə yoxlanılmalıdır. Bu, birincisi. Hər bir qazanxana yoxlanılmalıdır və hazır vəziyyətə gətirilməlidir. Bu, ikincisi. Üçüncü də, müəyyən olunmalıdır, qış dövründə bu qazanxana qazla fasiləsiz təmin oluna biləcək, yoxsa yox? Elektrik enerjisi ilə təmin oluna biləcək, yoxsa yox? Bunların hamısını kompleks şəkildə aydın edəndən sonra siz müəyyən bir plan tutacaqsınız ki, bəli, bu məhəllədə evlərin həm daxili sistemi yoxlanılıbdır, normaldır, həm də qazanxanalar təmir olunub, hazırlanıb, normaldır, onların elektrik enerjisi və qazla fasiləsiz təmin olunacağına zəmanət verilir. Ondan sonra sən bu məhəlləni siyahıya salacaqsan ki, bəli, bu evlərə istilik verə biləcəksiniz. Yoxsa, birini orada təmir eləyəsən, birini burada, bunu edə bilməyəcəksən. Yəni burada çox iş var. Bizim şəhərin, ümumiyyətlə, Bakının vəziyyəti elədir ki, burada çox işlər görülməlidir.
Hələ sovetlər vaxtında mənim yaşadığım ev, bəziləriniz bilirsiniz, Azərbaycan prospekti ilə Bülbül prospektinin kəsişməsində idi. Vaxtılə sərhəd qoşunları tərəfindən tikilmiş yaxşı evdir. Onun özünün qazanxanasıda var idi. Suyumuz da başqalarına nisbətən yaxşı gəlirdi. O vaxt da su hamıya yaxşı gəlmirdi. Elə götürək, məsələn, 1960-cı illəri, mən o evdə yaşayanda su hamıya gəlmirdi. O vaxt da belə idi, rejimlə idi. Amma bizim evin suyu həmişə gəlirdi. Bəzi evlər vardı, onlara həmişə su gəlirdi, istilik də verirdilər. Amma bir də görürdün ki, beşinci mərtəbədə, - mən üçüncü mərtəbədə olurdum,- hay-küy saldılar ki, bizim evdə radiatorlar soyuqdur. Aşağıda da qazanxana isti idi. Nə üçün, çünki lazımi tədbirlər görülməyib. Yəni bunlar hamısı mən öz həyatımda gördüyüm şeylərdir. Ona görə də bunları mən belə müfəssəl bilirəm və deyirəm. Amma bunlar asan məsələ deyildir. Əgər o vaxt, sovet dövründə belə şeylər meydana çıxırdısa, heç kəs nə piket, nə mitinq keçirirdi, nə də bir şey edirdi, nə var idi onunla qane olurduq. İstilik var idisə, yox idisə, su gəlirdisə, gəlmirdisə, qane olurduq. Düzdür, elektrik enerjisi daim olurdu. Amma su ilə, istilik ilə bağlı problemlər olurdu.
Buna görə sizin işiniz çoxdur. Bilirsən?
HACIBALA ABUTALIBOV: Bəli. Möhtərəm Prezident, ona görə də Sizin göstərişinizlə Nazirlər Kabinetində keçirilən müşavirədə təklif olundu ki, qazanxanaların və istilik ötürücülərinin elektrik enerjisi ilə fasilələrlə yox, mütəmadi təmin olunması üçün onlara müstəqil elektrik xətləri çəkilsin.
Bakıda qaz qıtlığını yaradan səbəblərdən biri də şəhər ətrafında yerləşmiş çox saylı istixanaların mövcudluğudur. Belə ki, əvvəllər istixanaların hamısı neftlə qızdırılırdısa indi qazla işlədirlər.
HEYDƏR ƏLİYEV: Niyə onunla qızdırılır?
ARTUR RASİZADƏ: Cənab Prezident, bəzən indi də, indiki vəziyyətdə də ya solyarka işləyir, ya da soba mazutu işlədirlər.
HEYDƏR ƏLİYEV: Bəs, niyə hamısı bir cür eləmir?
ARTUR RASİZADƏ: Cənab Prezident! Bir tərəfdən qazın pulunu vermirlər, digər tərəfdən də qaz solyarkaya nisbətən ucuzdur. Amma məndə olan məlumata görə, bəzi istixanalar soba mazutu ilə işləyir.
HACIBALA ABUTALIBOV: 30 ədəd.
HEYDƏR ƏLİYEV: Hamısını keçirmək olmazmı belə rejimə?
ARTUR RASİZADƏ: Bu barədə düşünmək lazımdır.
HEYDƏR ƏLİYEV: Düşünün.
ARTUR RASİZADƏ: Özü də qazı başqa yerə istifadə etməyəcəyik ki, əhaliyə verəcəyik.
HACIBALA ABUTALIBOV: Hansı qəsəbənin ətrafında istixana mövcuddursa, orada qaz qıtlığı özünü daha çox büruzə verir.
HEYDƏR ƏLİYEV: Burada Məlikov da danışdı ki, qazı istixanaya verirlər, evlərinə vermirlər. Qəribə insanlardır.
HACIBALA ABUTALIBOV: Elektrik enerjisi verilməsində fasilələr çox olan zaman həmin qəsəbələrdə yaşayan əhalidən qaz sarıdan şikayət azalır.
HEYDƏR ƏLİYEV: Şikayət azalır?
HACIBALA ABUTALIBOV: Çünki əksəriyyəti həmin istixanalara qazı nasoslarla vurur. Buna görə də elektrik enerjisi kəsilən kimi nasoslar dayanır, dayanan kimi də əhaliyə qaz verilməyə başlayır. Bu da faktdır.
ARTUR RASİZADƏ: Borulara kompressor qoyur və qazı sorurlar.
HACIBALA ABUTALIBOV: Şəhərdə elektrik enerjisinin fasilələrlə verilməsindən narazılıq bir də ondan irəli gəlir ki, mənzillərdə elektrik enerjisi olmadığı halda restoranlar, şadlıq evləri, ayrı-ayrı mağazalar həddindən artıq elektrik enerjisi işlədir.
HEYDƏR ƏLİYEV: Bəs sən buna niyə yol verirsən?
HACIBALA ABUTALIBOV: Srağagün Sizin göstərişinizlə Nazirlər Kabinetində müşavirə olanda mən bütün rayonların icra hakimiyyəti başçılarına göstəriş vermişəm. Harada ki, toy yoxdursa, həmin şadlıq evlərinin işıqları kəsilsin. Heç olmasa. Başqa yol yoxdur.
HEYDƏR ƏLİYEV: Şadlıq evində təkcə toy eləmirlər ki, restorandır, orada yemək də yeyirlər. Elədir? Onlar saat neçəyə qədər işləyirlər?
HACIBALA ABUTALIBOV: Səhərə qədər.
HEYDƏR ƏLİYEV: Səhərə qədər adamlar çörək yeyir?
HACIBALA ABUTALIBOV: Bəli, işləyirlər.
HEYDƏR ƏLİYEV: Başa düşə bilmirəm, yeməyi gündüz yeyərlər, gecə yeməzlər ki. Yaxşı, sən bu işə əncam tapmalısan.
HACIBALA ABUTALIBOV: Baş üstə.
HEYDƏR ƏLİYEV: Vaxtilə bir dənə də şadlıq evi yox idi. İndi o qədər şadlıq evləri var ki. Allah eləsin ki, toylar, xeyir işlər çox olsun. Əhalimiz də artsın, camaat da yaxşı əhval-ruhiyyədə olsun. Amma toy olmayanda, şadlıq evlərinə bir rejim qoy.
HACIBALA ABUTALIBOV: Baş üstə.
HEYDƏR ƏLİYEV: Amma bax gör onda sən nə udacaqsan, nə uduzacaqsan. Sən orada rejim qoyub, bir balaca elektrik enerjisi qazanacaqsan, amma onlar alver eləyirlər, vergi verirlər. Vergi verirlər?
YERDƏN SƏSLƏR: Ən çox vergi verən onlardır.
HEYDƏR ƏLİYEV: Axı, bizə bu da lazımdır. Gərək nə şiş yansın, nə kabab.
HACIBALA ABUTALIBOV: Təklif edərdim ki, istixanaların hamısında qazdan istifadəyə qadağa qoyulsun.
HEYDƏR ƏLİYEV: Bu barədə sən özün sərəncam verə bilərsənmi?
HACIBALA ABUTALIBOV: “Azəriqaz” mənə tabe deyil.
HEYDƏR ƏLİYEV: Sən şəhərin böyüyüsən. “Azəriqaz” qazı istehlakçılara çatdırır. Sən qazın istehlakçısısan. Əgər sən hesab edirsən ki, onlara qadağan olunsun, bir sərəncam verə bilərsənsə, fikirləş. Yoxsa, istəyirsən ki, bunu başqa adam eləsin?
HACIBALA ABUTALIBOV: Möhtərəm Prezident, əgər biz qazın gətirilməsini hətta iki dəfə artırsaq, yenə qaz çatmayacaq. Çünki istixanaların sayını üç dəfə artırıblar.
HEYDƏR ƏLİYEV: Çox artacaq hələ. Düz deyirsən.
HACIBALA ABUTALIBOV: Təbliğat aparılmalıdır ki, istixanada yalnız və yalnız solyarka işlədilməlidir.
HEYDƏR ƏLİYEV: Yaxşı, fikirləşin. Sən şəhərin icra hakimiyyətinin başçısısan, lazımi tədbirləri hazırla, baş nazirə məruzə elə. Fikirləşin, lazımi tədbirlər görün.
HACIBALA ABUTALIBOV: Baş üstə. İkincisi, elektrik enerjisi təchizatında fasilələrə son qoyulması üçün elektrik qurğuları daha çox yüklənmə nəzərə alınmaqla hazırlansın. Üçüncüsü isə, mənzillərə normal istilik verilməsi üçün qazanxanalara verilən qazın təzyiqi daim nəzarətə götürülsün və elektrik enerjisinin fasiləsiz verilməsi təmin edilsin.
HEYDƏR ƏLİYEV:Bu işlərin böyük qismini siz görməlisiniz. Sən və rayon icra hakimiyyətləri.
HEYDƏR ƏLİYEV: Fərhad Əliyev. Sən danışmaq istəyirdin. Buyur.
FƏRHAD ƏLİYEV: Cənab Prezident, mən təkliflərimi yazılı şəkildə təqdim etmişəm.
BAŞ NAZİRİN MÜAVİNİ, DÖVLƏTQAÇQINKOMUN SƏDRİ
ƏLİ HƏSƏNOVUN ÇIXIŞI
-Möhtərəm cənab Prezident!
Havaların sərt keçməsi ilk növbədə çadır şəhərciklərində, yarımçıq binalarda yaşayan məcburi köçkünlərə öz təsirini göstərdi. Lakin qarın ilk yağan günü - yəni dekabrın 1-də Sizin bilavasitə bu problemlə maraqlanmağınız və mənə xüsusi tapşırıqlar verməyiniz, sonra dəfələrlə hesabat tələb etməyiniz bizi vadar etdi ki, bu sahədə gördüyümüz işləri əsaslı surətdə dəyişək. Biz nə etdik? Növbətçilik əvvəllər də var idi, qərargah əvvəllər də var idi. Bunları əsaslı surətdə dəyişdik. Zəng vurub problemi həll etməyə imkanı olan səlahiyyətli şəxslər hər gecə komitədə növbətçilik edirlər. Çox ciddi, dəqiq və operativ informasiya yığımı və birgə fəaliyyət mexanizmi qurmuşuq. Prezident Aparatının ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Yusif Hümbətovdan tutmuş, rayon və şəhər icra hakimiyyətləri başçıları, “Azərenerji”, “Barmek”, Gəncə, Əli Bayramlı Elektrik Şəbəkə Səhmdar Cəmiyyətlərinin rəhbərləri ilə birgə fəaliyyət qurmuşuq. Yəni hər bir açılma faktı sadaladığım instansiyaların hamısı ilə operativ şəkildə müzakirə olunub və tədbirlər görülüb.
Baxmayaraq ki, 19 gündə respublika üzrə məcburi köçkünlərin məskunlaşdığı obyektlərdə 260 açılma halı olub. Ola bilər, ilk baxışda bu rəqəm böyük görünər. Ancaq bu böyük deyil. Çünki bizim 1650 kütləvi məskunlaşma obyektimiz var. Bu obyektlərin bəzilərində gündə 7-8 dəfə açılma olur. Bu açılmalar ən çox Bakının Yasamal rayonunda olubdur. Onun da səbəbi trasformatorun və qidalandırıci dörd kabelin yanıb sıradan çıxması olmuşdur. Bu işi iki ay əvəzinə, iki günə “Barmek”, rayon icra hakimiyyəti və biz birgə gördük. Qalan yerlərdə fasilələr 2-8 saat olubdur.
Açılmalar Bakıda əsasən Yasamalda, Dərnəgüldə, Bilgəh qəsəbəsindəki sanatoriyalarda, Biləsuvarda, Şəkidə, Bərdədə, Gəncədə olubdur. Gəncədə bu gün ağır vəziyyət yaranıbdır. Mən buraya gəlməmişdən əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı zəng etdi ki, altı transformator bir gündə sıradan çıxıb. Mən tədbir gördüm. Sabah ora transformatorlar göndəriləcəkdir.
Məlumat üçün bildirirəm ki, qışa hazırlıq dövründə komitə tərəfindən respublikanın bütün rayonlarına 70 transformator, 80 min metr naqil, 51 artezian quyusu üçün nasos və 4 kilometr kabel verilibdir. Bu işlərin hamısı əvvəlcədən görülmüşdür. Əgər bunlar görülməsəydi, olmasaydı, elektrik şəbəkə sisteminin bu gün həddindən çox yüksəldiyi bir dövrdə çox ağır vəziyyət yarana bilərdi. Bunu çoxları şişirdib deyir ki, pis vəziyyət yaranıbdır. Mən demək istəmirəm ki, problem yoxdur. Problem var. Amma xeyli işlər də görülmüşdür və operativ tədbirlər nəticə vermişdir.
Yasamalda on minə qədər məcburi köçkün yaşayır. Onlar ona görə narazılıq etmədilər ki, özləri gördülər, işıq sönəndən 10 dəqiqə sonra rayon icra hakimiyyətinin, bizim komitənin, “Barmek”in nümayəndələri - hamısı oradadır. Bütün rayonlardan hər gün səhər saat 9-da informasiya toplanılır. Gün ərzində hər saatdan bir informasiyalar yığılır.
HEYDƏR ƏLİYEV: Onlar bu yaxınlarda gəlib yolu tutmuşdular.
ƏLİ HƏSƏNOV: Cənab Prezident, onu indi deyəcəyəm. Baş nazirin tapşırığı ilə hər gün səhər və axşam ona məruzə edirəm. Yəni bu tədbirlər görülür və görülməkdə davam edir.
Siz bildirdiniz, dünən ANS telekanalında bir süjet göstərdilər. Bəli, o məsələni Nərimanov rayonunun Moskva prospektindəki texniki peşə məktəbində yaşayan 31 ailə edibdir. Orada saat yarım işıq olmayıbdır. Biz bu işə dərhal qoşulduq, ora Nərimanov Rayon İcra Hakimiyyətinin, bizim komitənin işçiləri getdilər. Dedim, araşdırın, ola bilməz, enerjidə belə kiçik fasiləyə görə onlar yola çıxa bilməzlər. Elə yerlər var aylarla işıqları olmur. Araşdırdıq, tapdıq. Müsavat partiyasının bir nəfər üzvü həmin ailələri yoldan çıxarıbdır. Onlar özləri dedilər ki, Allah şeytana lənət eləsin, bizi yoldan çıxardılar. Biz bunu aşkarlamışıq. Bu hadisədən sonra biz bir az da dərinə getdik. Bəli, müxalifət partiyaları tərəfindən yerlərdə olan dayaqlarına tapşırıqlar veriblər ki, harada işıq kəsilir, insanları küçəyə çıxardın. Ancaq ona nail ola bilmirlər. Ağır şəraitdə yaşayan o insanların heç biri bu avantüraya getməyibdir. Məcburi köçkünlər bir daha göstərdilər ki, onlar Sizə və dövlətə sadiqdirlər. Onlar dözüm, səbr və təmkin nümayiş etdirdilər. Onlar görürlər ki, operativ tədbirlər görülür. Bu işlər görülməsə onların qabağında durmaq olmazdı. Yasamal rayonunda məcburi köçkünlər özləri bizə qoşulub kömək etdilər. Bu tədbirlər görülür. Çox vaxtınızı almaq istəmirəm.
Siz bayaq yüksək peşəkarlıqla transformatorların yüklənməsi ilə bağlı problemləri qeyd etdiniz. Bu həqiqətdir. Məsələn, bu saat Bərdə rayonunda üç çadır şəhərciyində transformator 10 meqavatlıqdır. Oranın nominal cərəyan yükü 550 amperdir. Ancaq bu dəqiqə 850 amperlə işləyir. Yəni tədbirlər görülməsə, o transformatorlar da sıradan çıxacaqdır.
Xahiş edirəm, müraciət edirəm ki, əlavə 4 meqavatlıq transformator qoyulmasa Bərdədəki çadır şəhərciklərinin hamısı işıqsız qalacaqdır. Bu cür vəziyyət İmişlidə də yaranıbdır. Bizim Biləsuvardakı üç çadır şəhərciyi İmişlidən, ikisi Biləsuvardan elektrik enerjisi alırdı. Həmişə 4-cü və 5-ci çadır şəhərciklərində işıq problemi, açılmalar olurdu. Ancaq son 10 gündə təəssüflər olsun ki, İmişli xəttində açılmaların sayı daha da artıbdır. Mən üç gün bundan əvvəl Yaqub Eyyubova da, Etibar Pirverdiyevə də dedim. Düzdür, o, göstəriş verdi, bir gecə saxladılar, söndürmədilər, amma bu gün o çadırlarda işıq üç dəfə sönübdür. Səbəbi də odur ki, orada 25 meqavatlıq transformatorun qarşısında 330 amperlik qoruyucu var. Onu götürüb çıxarıblar, yerinə 110 amperlik qoruyucu qoyublar. Yük bir balaca artan kimi açılır. Ona görə xahiş edirəm, “Azərenerji” Səhmdar Cəmiyyəti bunu ya bərpa etsin, ya da hansısa texniki tədbirlər görsün ki, açılmaların qarşısı alınsın.
Üçüncü problem. Bu, Bakı şəhərində çox ciddi bir problemdir. İndiyədək bu problem qaldırılmırdı. Biz də onu qaldırmırdıq. Bütün məskunlaşma obyektləri yataqxanalar və yarımçıq binalardır. Yataqxanaların hamısı universitetlərin, yarımçıq binalar isə müəssisələrin balansındadır. Yataqxananın transformatoru yananda, mütəxəssis dəvət edirik, mübahisə başlayır ki, bu bizim balansımızda deyil. Son 10 günü bir təhər yola vermişik. Ancaq “Barmek”, o da məsələni düz qoyur, deyir ki, onları bizə təhvil versinlər. Mən hesab edirəm ki, bu çox böyük məsələdir. Bu, 400-dən çox obyektdir. Yardımçı stansiyaların hamısı “Barmek”ə təhvil verilməlidir. Daxili elektrik şəbəkəsi sistemi ali məktəbin balansında qala bilər. Ancaq qidalandırıcı transformatorlar, yardımçı stansiyaların hamısı “Barmek”ə təhvil verilməlidir.
HEYDƏR ƏLİYEV: Bəs niyə verilməyib?
ƏLİ HƏSƏNOV: İndiyədək ehtiyac olmurdu. Bir təhər keçinirdik. Hesab edirəm ki, bu məsələ də yoluna qoyulacaqdır. Nəhayət, cənab Prezident, onu da deyim ki, soyuqların düşməsi ilə əlaqədar digər tədbirlər də görmüşük. 2 milyon 800 min litr duru yanacaq hazırda 51 rayona paylanır. Bu iş ayın 25-dək başa çatacaq. 147 min 32 kiloqram ərzaq 51 rayona paylanır. Üç-dörd günə bu iş də başa çatacaqdır. Nazirlər Kabinetinin 1998-ci il tarixli qərarına əsasən yerlərə, nazirliklərə, komitələrə növbəti müraciətləri göndərmişik ki, bayramqabağı - həm Yeni il bayramı, həm də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə kömək etsinlər. Hesab edirəm ki, həmişəki kimi, nazirlik, komitə və şirkətlər bu sahədə öz köməklərini əsirgəməyəcəklər. Mənim bir xahişim vardır. Əgər məsləhətdirsə, hava soyuqdur, şərait ağırdır, yardımı aparan nazirlər, bu dəfə imkan tapsalar, Siz məsləhət bilsəniz özləri getsələr çox əhəmiyyətli olar. Yardımı hər dəfə göndərirlər, mən bunu birmənalı deyirəm, çox diqqətlə yanaşırlar, bütün nazirlik və komitələr hər bayramda aparıb təhkim olunduqları yerə yardım paylayırlar. Müavinlər, idarə rəisləri gedirlər. Mən xahiş edərdim ki, bu dəfə nazirlərin özləri getsinlər.
HEYDƏR ƏLİYEV: Tamamilə düz deyirsən. Mən tapşıraram, həm burada iştirak edən və iştirak etməyən bütün nazirlərə, bütün hökumət orqanlarının başçılarına və məcburi köçkünlərə yardım aparan başqa təşkilatlara bu dəfə Yeni il ərəfəsində hamısını özləri etsinlər.
ƏLİ HƏSƏNOV: Çox sağ olun, cənab Prezident.
HEYDƏR ƏLİYEV: Şəxsən getsinlər, onların yaşayışını da görsünlər. Sən bunu təşkil elə, bir cədvəl hazırla, kim hara gedəcək. Burada məsələ təkcə ondan ibarət olmamalıdır ki, gətirdim, 10-15 adam yığışdı, onların bayramını təbrik elədim, bu yardımı verdim, televiziya da bunu çəkib göstərdi, bununla qurtardı. Yox. Əgər kim gedirsə, bir neçə saat vaxtını sərf etməlidir, gedib çadırlara girməlidir, vəziyyəti öyrənməlidir. Hər gedən adam o vəziyyət haqqında hansısa yeni, məlum olmayan bir şey meydana çıxara bilər. Yoxsa, gedib elə-belə bayram təbriki ilə qurtarmamalıdır. Gedib geniş şəkildə görüşmək, sonra təbiidir ki, bayram şəraiti təşkil edib, görüşüb hədiyyələri vermək olar. Təklif edirəm ki, nazirlər və yüksək vəzifəli şəxslər bax belə bir proqramla getsinlər. O cümlədən pis olmazdı ki, Nazirlər Kabinetinin rəhbərləri də- Artur Rasizadə, Abid Şərifov ömürlərində heç olmazsa bir dəfə oralara getsinlər, görsünlər. Abid Şərifov ancaq Avropa Şurasına gedir, ora gedir, bura gedir. Heç çadır şəhərciyi görmüsən? Bilirəm sən orada bərpa işləri ilə məşğul olmusan. Yaqub, sən də get. Başa düşdün. Murtuz müəllim, sən də.
MURTUZ ƏLƏSGƏROV: Gedəcəyik.
HEYDƏR ƏLİYEV: Amma yaxşı yerə get. Sən keçən dəfə Şamaxıya getmişdin.
Başqa yerlər də var, amma uzaqdadır. Əgər imkanın yoxdursa, Əli Həsənov sənə kömək edər. Başqa şeylər də tapın verin aparsınlar versinlər. Xarici işlər naziri də getsin. Müdafiə naziri, sən heç bu işlərlə məşğul olmamısan. Get, gir o cadırlara, otur, orada bir söhbət elə. Oranın bir ab-havasını gör. Bilirəm Usubov gedir. Qalanların adını çəkmirəm. Hərə özü üçün nəticə çıxarsın.
ƏLİ HƏSƏNOV: Cənab Prezident, çox sağ olun. Çox vacib məsələ idi. Bir məsələni də Sizin nəzərinizə çatdırmağı vacib sayıram.
Cənab Prezident, havalar pisləşən kimi bir sıra beynəlxalq təşkilatlar bizə müraciət etdilər. Birinci BMT-nin Qaçqınların Ali Komissarlığının Bakı ofisi müraciət etdi və 1500 isti odeyal ayırıbdır. Rayonlar müəyyənləşdirilməyib, üç-dörd gün ərzində özləri aparıb paylayacaqlar.
Çin Xalq Respublikasının səfiri müraciət etdi, onlar 470 isti odeyal ayırıb. Yerini müəyyənləşdirmişik. Aparıb paylayacaqlar.
İlham Əliyevin tapşırığı ilə Cingiz adlı bir türk iş adamı gəlib bizimlə görüşdü. Mən bildirdim ki, hazırda bizə coxlu sayda cadır örtüyü lazımdır. 20 min cadır örtüyü sifariş vermişəm. Həmin iş adamı indi Türkiyədədir və söz verib ki, 3-4 günə onları gətirəcək. Onunla söhbət edərkən maraqlı bir təklif verdi ki, qaçqınları çadırlardan köçürmək üçün 130 ailəlik qəsəbə də tikə bilərik. Mən onun təklifini hazırlayıram. O, hazırda Türkiyədə bu təklifin maliyyə məsələlərini həll edir. Qayıdıb gələn kimi mənimlə görüşəcək. Bundan əlavə, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Fondu 600 isti odeyal gətirib, hal hazırda özləri paylayırlar. İş adamı Paolo Pərviz İrandan 2 min odeyal gətirdi. Onlar Saatlı çadır şəhərciyində paylanıb.
Türkiyənin səfiri bu yaxınlarda Ağcabədidə çadır şəhərciyində oldu və 3 çadır şəhərciyinin ərzaq təminatında iştirak etdi. Bildirmək istəyirəm ki, beynəlxalq təşkilatlar da havaların soyuması ilə əlaqədar Azərbaycanın qaçqın və köçkünlərini diqqətdən kənarda qoymayıblar.
Cənab Prezident, Sizi əmin edirəm ki, Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkünü daim Sizə və dövlətə öz sadiqliyini göstərib və bu çətin zamanda bunu bir daha canlı surətdə nümayiş etdirdilər. Sağ olun.
X X X
HEYDƏR ƏLİYEV: Yaxşı, əyləş. Sumqayıtın icra başçısı gəl, danış görək, Sumqayıtda nə var, nə yox?
X X X
SUMQAYIT ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI TƏVƏKKÜL MƏMMƏDOVUN ÇIXIŞI
-Möhtərəm cənab Prezident!
Hörmətli müşavirə iştirakçıları.
Qışa hazırlıqla əlaqədar şəhər üzrə hazırlanmış tədbirlər icra aparatının daim diqqət mərkəzində olmuşdur. Yəni həftədə bir dəfə həmin tədbirlərin həyata keçirilməsi yoxlanılmışdır.
Cənab Prezident, bunun nəticəsində mən Sizə məlumat verə bilərəm ki, Səhiyyə və Təhsil nazirliklərinin köməyi və şəhərin daxili imkanları hesabına Sumqayıtdakı 48 məktəbin 80 faizinin dam örtüyü şiferlə əvəz olunmuş və bununla şagirdlərin təhsil almasına yaxşı şərait yaradılmışdır.
HEYDƏR ƏLİYEV: Bunu siz etmisiniz, yoxsa Təhsil Nazirliyi?
TƏVƏKKÜL MƏMMƏDOV: Cənab Prezident, deyə bilərəm ki, bunun 80 faizini şəhər öz imkanları hesabına edibdir. Səhiyyə obyektlərinin hamısının damı şiferlə örtülüb və onun da xeyri çox olubdur. Məktəblilərin mikrorayon və kvartalarası piyada yollarının hamısı təmir olunub, qışa hazırlanıb. Eləcə də səhiyyə obyektləri.
Möhtərəm cənab Prezident, onu da qeyd edim ki, səhiyyə obyektlərinin heç birində istilik sistemi yox idi. Bu iki il müddətində Səhiyyə Nazirliyinin və şəhərimizin daxili imkanları hesabına xəstəxanaların hamısı istiliklə təmin olunubdur.
HEYDƏR ƏLİYEV: Hamısı?
TƏVƏKKÜL MƏMMƏDOV: Bir xəstəxana istisna olmaqla, hamısı. O da kiçik bir xəstəxanadır. Əvvəldən istilik sistemi olmayıbdır.
HEYDƏR ƏLİYEV: O xəstəxana gərək fəaliyyətini dayandırsın.
TƏVƏKKÜL MƏMMƏDOV: Həmin xəstəxana elektrik qızdırıcılarının hesabına işləyir.
HEYDƏR ƏLİYEV: Hər otağa gətirib elektrik qızdırıcısı qoyurlar. Bəs, dəhlizə çıxanda necə? Xəstələr gəlir ki, orada sağalsın. Belə şəraitdə gərək xəstəxana işləməsin.
TƏVƏKKÜL MƏMMƏDOV: Cənab Prezident, mən Sizin nəzərinizə çatdırım ki, Sumqayıt şəhərində istilik sistemi birdəfəlik ləğv olunub. Mənzillərdə və eləcə də bütün obyektlərdə istilik sistemi işləmir.
HEYDƏR ƏLİYEV: Niyə?
TƏVƏKKÜL MƏMMƏDOV: Deməli, Sumqayıt şəhərinin istilik təminatı mərkəzləşdirilmiş qaydada 1 nömrəli İstilik-Elektrik Stansiyasından iki xətt üzrə verilirdi. Ümumi xəttin uzunluğu 100 kilometri keçmişdi. Səmimi desəm, istilik sistemi hələ 1986-ci ildən öz əhəmiyyətini itirmişdi. Ona görə də qərar qəbul olunmuşdu ki, şəhərin cənub hissəsində yeni qazanxana tikilsin. Həmin qazanxananın da tikintisi 1991-ci ildə dayandırıldı. Ona görə də, mən Sizə məruzə etdim ki, xəstəxanalara və 4 məktəbə şəhərin daxili imkanları və nazirliklərin köməyi hesabına iki ildir ki, istilik verilir.
Amma şəhərin köhnə hissəsində 20 qazanxana var idi. Bu da şəhərin təqribən 15 faiz sakinini istiliklə təmin edirdi. O qazanxanalar 1992-ci ildən işləmir. 1995-ci ildən icra hakimiyyəti başçısının sərəncamı ilə qanuni şəkildə ləğv olunub. Mütəxəssislərin hərəsi bir yana dağılıb.
Cənab Prezident, havalar soyuyana qədər, vəziyyətdən nisbətən çıxmaq olurdu, həm qaz, həm də enerji təminatı var idi. Onu da qeyd edim ki, 2001-ci ilin fevralına qədər Sumqayıt şəhəri həmişə enerji qıtlığından əziyyət çəkmişdir. 1986-cı ildən dayanmış sənaye qovşağı sizin köməyiniz və göstərişiniz əsasında işə salındı. Ondan sonra şəhərdə enerji qıtlığı aradan götürüldü. Havaların soyuduğu günə qədər Sumqayıt şəhərində enerji təminatından narazılıq yox idi. Şaxtalar düşən gündən şəhərimizdə enerji təminatı ilə bağlı problem yaranıb və buna da səbəb, bayaq Sizin də qeyd etdiyiniz kimi, ancaq tələbatın birdən-birə artmasıdır. Belə vaxtda şəhərin enerji qurğuları 75 meqavata qədər gücə dözə bilirdi, 75 meqavatdan yuxarı yüklənməmişdi. Amma şaxtalar düşəndən sonra müəyyən saatlarda yüklənmə 100 meqavatı ötür. Belə hallarda elektrik avadanlığı, kabellər sıradan çıxır. Ona görə də enerji təminatı ilə bağlı şəhərimizdə problem yaranıb.
Havaların soyuyacağı barədə Prezidentin İcra Aparatından, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hidrometeorologiya xidmətindən məlumat alan kimi, şəhərimizdə qərargah gücləndirildi. Orada adamların sayı artırılıb. Hadisə yerlərinə hamı nəzarət edir, baxır və qərargahın apardığı işin nəticəsi olaraq, qarın çox yağmasına baxmayaraq, Sumqayıt-Bakı yolu bağlanmadı. Nəqliyyatın işi pozulmadı
Cənab Prezident, bir də onu qeyd edim ki, bu çətin günlərdə ağır yol-nəqliyyat hadisəsi və cinayət olmamışdır. Bu gün də həmin qərargah öz işini davam etdirir və yaranan problemləri aradan qaldırır. Şəhərin qazla təminatı, mən deyərdim ki, qənaətbəxşdir. Bununla bağlı Sumqayıt sakinlərindən şikayət yoxdur.
Ancaq, möhtərəm Prezident, qeyd edim ki, biz Bağlar zonasına gedən qaz xəttini bağlamışıq. Bu gün Sumqayıtın Bağlar zonasında da 30 min nəfərə yaxın əhali vardır. Bağlar zonasının bir hissəsində - əlvan metallar zavodunun sanatoriyasında köçkünlər yaşadığına görə oranın qaz xəttini bağlamamışıq, - əksinə gücləndirmişik. O xəttin üzərində bir şəhər xəstəxanası olduğuna görə, qaz təminatı pis deyildir. Amma bağların qalan zonalarında məcbur olub qazı bağlamışıq. Bu da şəhərin kənar rayonlarının və Corat qəsəbəsinin qazla təminatında bizə kömək edir.
Su təminatı yaxşıdır. Əlbəttə, enerji kəsilən vaxtlarda, qrafik üzrə su verilən binaların yuxarı mərtəbələrində su qıtlığı yaranır. Düzdür, bunların qarşısı alınır. Amma möhtərəm cənab Prezident, dünən çox yüklənmədən bir mikrorayonda transformator yandı.
Əvvəllər belə idi ki, şəhərin özündə energetiklərin anbarı var idi. Oradan təminat yaxın idi, asanlıqla başa gəlirdi. Ancaq indi “Barmek”in əsas anbarı Bakıda olduğuna görə, buradan materialın aparılması çətindir.
HEYDƏR ƏLİYEV: Sumqayıt da “Barmek”indir?
TƏVƏKKÜL MƏMMƏDOV: Bəli, cənab Prezident. Bu transformatoru axşam saat 11-də ancaq çatdırdıq. Mən işə qarışandan sonra Bakıdan Sumqayıta gətizdirə bildik. Həmin rayonda bir sutkadan bir qədər az, bu gün saat 12-dək enerji olmadı.
HEYDƏR ƏLİYEV: İndi var?
TƏVƏKKÜL MƏMMƏDOV: Mən çıxanda dedilər işləri qurtarıblar, amma hələ işıq verməmişdilər. Transformator hazır idi.
Möhtərəm cənab Prezident, vaxtınızı çox almaq istəmirəm, şəhərin enerji təchizatından başqa problemi, demək olar ki, yoxdur. Sənaye zonasında da enerji problemi yoxdur. Çünki orada enerji təminatı dəyişmir. 55-60 meqavatdır, bu, dəyişməz qalır. Ona görə də sənaye zonasında heç vaxt enerji problemi yaranmır. Qaz problemi yoxdur. Əsas qaz etilen-propilen istehsalındadır. Oranın qazla təminatı daim nəzarətdədir. Bir qayda olaraq 5 atmosfer təzyiqində təmin olunur. Buna görə də orada istehsal dayanmır.
HEYDƏR ƏLİYEV: Əyləş. Sumqayıta gedib-gələn var, yoxsa yox?
ƏLİ HƏSƏNOV: Bəli.
HEYDƏR ƏLİYEV: Sən orada yaşayırsan, oranın sakinisən. Soruşuram ki, rəhbər vəzifəli şəxslərdən Sumqayıta gedib-gələni var?!
TƏVƏKKÜL MƏMMƏDOV: Möhtərəm Prezident, üzr istəyirəm, iqtisadi inkişaf naziri, baş nazirin müavini Sumqayıta gəlirlər.
HEYDƏR ƏLİYEV: Hansi müavini?
TƏVƏKKÜL MƏMMƏDOV: Abid Şərifov.
ARTUR RASİZADƏ: Mən də bu il bir neçə dəfə Sumqayıtda olmuşam.
TƏVƏKKÜL MƏMMƏDOV: Cənab Prezident, Sumqayıtda sənaye qovşağının 8 aya başa gəlməsinə əsas nəzarəti Nazirlər Kabinetinin rəhbərləri - həm baş nazir, həm də baş nazirin müavini Abid Şərifov üzərlərinə götürmüşdülər. Siz oraya 3 milyon dollar pul ayırmışdınız. Bunu Sumqayıtın bütün əhalisi bilir və Sizə minnətdarlıq edirlər.
HEYDƏR ƏLİYEV: Mən istəyirdim, bunları tənqid edəm. Sən də burada faktlar gətirdin ki, bəlkə mən onlara təşəkkür etməliyəm.
TƏVƏKKÜL MƏMMƏDOV: Cənab Prezident, mən düzgün informasiya verirəm.
ARTUR RASİZADƏ: Biz orada daha çox olmalıyıq.
HEYDƏR ƏLİYEV: Bilirsiniz, demək istəyirəm ki, Sumqayıt, necə deyərlər bizim qulağımızın dibində olan şəhərdir. Xatirimdədir, 1970-ci illərdə sənin özün də burada Mərkəzi Komitədə şöbə müdiri işləyirdin. Onda Sumqayıta daha çox gedib-gəlirdin. Elədirmi?
ARTUR RASİZADƏ: Elədir.
HEYDƏR ƏLİYEV: Onda Nazirlər Sovetinin sədri də, nazirlər də tez-tez gedib-gəlirdi.
ARTUR RASİZADƏ: Mən birinci müavin işləyəndə də tez-tez gedib-gəlirdim.
HEYDƏR ƏLİYEV: İndi vəzifən artıb, gediş-gəlişi azaltmısan.
ƏLİ HƏSƏNOV: Cənab Prezident, hər şənbə günü seçki qərargahına Mərkəzi Komitənin ya katibi, ya da Nazirlər Sovetinin sədr müavini gələrdi. Mən özüm o tədbirlərdə iştirak edirdim.
HEYDƏR ƏLİYEV: O vaxt biz Sumqayıtı tikdik, başa çatdırdıq.
TƏVƏKKÜL MƏMMƏDOV: Cənab Prezident, Sumqayıtda alüminium zavodunda 6 vanna işə düşür. Hazırda dördüncü korpusda 64 vanna hazırdır. Orada cəmi 86 vanna var. İlin sonunadək vannaların hamısı hazır olacaqdır.
HEYDƏR ƏLİYEV: Onlar köhnə vannalar kimi olacaq, yaxud yeni olacaqdır.
TƏVƏKKÜL MƏMMƏDOV: Hamisi yeni vanna olacaqdır.
HEYDƏR ƏLİYEV: Çünki əgər köhnə vannalardırsa, mən bir dəfə o zavodda oldum, o vannaları gördüm, qorxdum. Dedim, mən nə vaxt buradan, bu vannaların içindən çıxacağam.
TƏVƏKKÜL MƏMMƏDOV: Cənab Prezident, həmin vannaların hamısı sökülüb tullanıbdır. Onlardan əsər-əlamət də qalmayıbdır.
HEYDƏR ƏLİYEV: Onlar yoxdur?
TƏVƏKKÜL MƏMMƏDOV: Xeyr, iqtisadi inkişaf naziri bir neçə dəfə orada olubdur, özü görübdür.
HEYDƏR ƏLİYEV: Yeni, müasir vannalardır?
TƏVƏKKÜL MƏMMƏDOV: Bəli, müasir tələblərə uyğun vannalardır.
HEYDƏR ƏLİYEV: O vannalar haradan gətirilibdir?
FƏRHAD ƏLİYEV: Möhtərəm cənab Prezident, hissələri Rusiyadan, Ukraynadan, Çexiyadan, müxtəlif ölkələrdən gətirilir və orada quraşdırılır.
HEYDƏR ƏLİYEV: Mən bunu deyirəm, aydındır ki, orada quraşdırılır.
Yaxşı, gəlin söhbəti bununla qurtaraq. Biz üç saatdır buradayıq. Amma hesab edirəm ki, bu, çox əhəmiyyətlidir.
X X X
Azərbaycan Prezidenti Heydər Əliyev müşavirədə yekun nitqi söylədi. (Dövlətimizin başçısının nitqi qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc olunur).
X X X
Milli Məclisin sədri Murtuz Ələsgərov, Baş nazir Artur Rasizadə, baş nazirin müavinləri, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının şöbə müdirləri, nazirlər, komitə, şirkət rəhbərləri və digər rəsmi şəxslər iştirak edirdilər.
Foto Oqtay Aydınoğlunundur