Rəsul Rzanın ev-muzeyində Milli Mətbuat Günü ilə əlaqədar tədbir keçirilib
Bakı, 22 iyul, AZƏRTAC
Göyçayda Rəsul Rzanın ev-muzeyində Milli Mətbuat Günü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda dəyirmi masa təşkil olunub.
AZƏRTAC xəbər verir ki, dəyirmi masada “Göyçay” qəzetinin, rayondakı Tarix və Diyarşünaslıq Muzeyinin əməkdaşları, mətbuat işçiləri, yazarlar və rəssamlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Göyçay” qəzetinin redaktoru Adil Məmməd milli mətbuatın yaranma tarixindən danışaraq qeyd edib ki, cəmi 56 nömrəsi işıq üzü görsə də “Əkinçi” qəzeti Azərbaycan milli mətbuatının təşəkkül tapmasında böyük əhəmiyyət daşıyıb. Qəzet az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb.
Daha sonra çıxış edən natiqlər müasir Azərbaycan mətbuatının bu günündən və mətbuat işçilərinə dövlət tərəfindən göstərilən qayğıdan bəhs ediblər.